Əli Əhmədovun “kompromat”ı

Mən Ilham Əliyevin yerinə olsaydım, sədri olduğum partiyanın funksionerlərini çoxdan partiya sıralarından uzaqlaşdırmışdım. Çünki bu adamlar Ilham Əliyevin 3-cü namizədliyi kimi həssas məsələyə Ilham Əliyevi ifşa etməklə münasibət bildirirlər. 

Sentyabrın 17-də Ictimai Televiziya vasitəsilə prezidentliyə namizədlərin ilk debatı keçirildi. Ilham Əliyev bu debatda iştirak etmədi və biz bunun səbəbini bilirik. Əliyevi bu debatda YAP icra katibi Əli Əhmədov təmsil edirdi. Milli Şuranın namizədi Cəmil Həsənli Dubay villalarından, Vircindəki milyardlardan, nazirlərin milyonluq obyektlərindən danışdı və Ilham Əliyevi bütün bu faktlara cavab verməyə çağırdı.

Elə bu an YAP yetkilisi Cəmil Həsənli barəsində “kompromat” tapır. Əslində bu kompromat YAP-ın əleyhinə işləyirdi. Bunun səbəbi haqqında biraz sonra açıqlama verərik.

Deməli, Əli Əhmədov aşkar edib ki, Cəmil Həsənli dövlət qurumlarını aldadaraq 2 il əvvəl təqaüdə çıxıb. Əli Əhmədov onu da vurğulayıb ki, Cəmil Həsənli gözünün yaxşı görməməsi səbəbindən təqaüdə çıxsa da, indiyə qədər onu eynəkdə görən olmayıb.

Əziz oxucu, ölkə prezidentini təmsil edən, 3-cü dəfə bu ölkəni idarə etmək istəyən təfəkkürü gördünmü?

Guya Dubay mülkləri, offşorlara ötürülən milyardlar Cəmil Həsənlinin təqaüdə çıxması səbəbindən baş verib. Guya Cəmil Həsənlinin eynək taxmaması ağır cinayət faktıdır. 

Ona qalsa, biz eynək taxmırıq, gözümüz də yaxşı görür, ancaq ölkədən çıxardığınız 48 milyardı görməmişdik. Və yaxud gözümüz iti gördüyü halda analoqsuz inkişafı, yağ-bal içində yaşayan xalqı görmürük. 

Cəmil Həsənlini dövlət qurumlarını aldatmaqda ittiham edən Əli Əhmədov, bu xalqı 20 ildir uşaq kimi aldatdıqlarını niyə unudur? 

Yoxsa, təqaüdə çıxmaq, Dubayda villa almaqdan çətindir?

Yuxarıda da qeyd etdiyim kimi təqaüd məsələsini gündəmə gətirməklə Əli Əhmədov hakimiyyəti növbəti dəfə ifşa etdi.

Tutaq ki, Cəmil Həsənli həqiqətən qeyri-qanuni yollarla təqaüdə çıxıb. Bəs, Əli Əhmədovun mədh etdiyi hakimiyyət niyə bu qanun pozuntusuna yol verib? Əgər Cəmil Həsənli vaxtından əvvəl təqaüdə çıxa bilibsə, Sosial Müdafiə idarəsi nəyi müdafiə edirmiş?

Bu mövzunu genişləndirmək lazımdır, Əli müəllim. Çünki bu ölkədə yüksək pul müqabilində, qeyri-qanuni yollarla təqaüdə çıxan minlərlə insan var, bu ölkədə ünvanlı sosial yardım alanlar 6 ayın pulunu rüşvət verir. Əli Əhmədov digər şəxslərlə bağlı niyə sorğu göndərmir, hansısa nazir oğlunun xaricdə mülk almasını niyə araşdırmır?

Əslində bu gün müxalifət də xalqa sorğu göndərir ki, xalq kimlərin idarəetməsində yaşadığını öyrənsin. ITV-dəki debatda Cəmil Həsənli əsl xəstələrin kim olduğunu və xəstəliklərin nədə ifadə olunduğunu dəqiq göstərdi.

Əli Əhmədov ITV-dəki ifşanı, Virtualaz.org saytında davam etdirib. Bu sayta müsahibəsində cənab Əhmədov bildirib ki, “Gələcəkdə harınlıqların sayı azalacaq”.

Göründüyü kimi, Əli müəllim həm etiraf edib ki, ölkə harın məmurlarla doludur, həm də etiraf edib ki, gələcəkdə buna son qoyulmayacaq, sadəcə olaraq sayı azalacaq.

Və nəhayət, namizədlərin ilk debatında YAP namizədinin iştirak etməməsi rejimin ən böyük “nümunə”si idi. Əli Əhmədovun namizədi bilir ki, bu debata çıxsaydı Dubay mülkləri, Daşkəsən yataqları, Vircin adası faktları qarşısında, “ünsür”, “element”, “ermənipərəst” “arqument”i məğlub olacaq.

1 nəfərin 9 nəfərə qalib gəlməsi fantaziya deyilmiş. Həqiqət çox güclü silahdır və güllələri qurtarmır. Növbəti atəş yenə də hədəfə dəyəcək.