AXCP fəalları Cəmil Həsənli ilə birgə müşavirə keçirdi (VİDEO)

Əli Kərimli: “Cəmil Həsənli xalqın qarşısına həm də əxlaqlı, qətiyyətli və cəsarətli siyasətçi kimi çıxdı”

Cəmil Həsənli: “Hakimiyyət seçkinin görüntüsünü yaratmaq istəyir, biz bun reallığa çevirməliyik”

Sentyabrın 18-də Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin iştirakı ilə AXCP rayon şöbə fəallarının müşavirəsi keçirilib. Müşavirə təbliğat-təşviqat mərhələsində görüləcək işlərə həsr olunub.
AXCP sədri Əli Kərimli partiya fəallarına seçki kampaniyasında ürəklə və yorulmadan iştirak etdiklərinə görə təşəkkürünü çatdırıb. O bildirib ki, cəbhəçilər artıq imza toplama kampaniyasındakı fəaliyyətləri ilə ilkin uğura imza atıblar. Əli Kərimli Milli Şura namizədinin seçki fonduna ianə toplanması üçün keçirilən maliyyə marafonunda da AXCP üzvlərinin fərqləndiyini diqqətə çatdırıb.

AXCP sədri daha sonra Cəmil Həsənlinin özünün seçki kampaniyasındakı uğurları, üzərinə götürdüyü missiyanı yerinə yetirə bilməsini qeyd edib: “Cəmil müəllimin dünənki çıxışı (17 sentyabrda İTV-də keçirilən namizədlərin debatı – red.) bizim hamımızda əminlik yaratdı ki, o, bu kampaniyaya böyük inamla başlayıb. Cəmil müəllim təkcə tanınmış ziyalı və nəhəng alim deyil. O, eyni zamanda ciddi səriştəsi olan təmiz, əxlaqlı, qətiyyətli və cəsarətli siyasətçi kimi çıxdı xalqın qarşısına . Ona görə də hesab edirəm ki bizim kampaniya aparmağımız o qədər də çətin olmalı deyil. İndi biz hamımız ciddi səfərbər olmalıyıq, birləşmiş müxalifətin namizədini elə dəstəkləməliyik ki dəyişikliklər mümkün olsun”.

Sonra Cəmil Həsənli çıxış edib. O, əvvəlcə AXCP sıralarında mübarizə yolu keçməsinə işarə vurub: “Sizinlə görüşdən qürur duyuram. Bu auditoriya mənə çox tanışdır. Biz birgə yol keçmişik, birgə mübarizə dövrü yaşamışıq, çox ağır hadisələrin içərisində olmuşuq və bu hadisələrin içərisindən üzu ağ çıxmışıq. Mən sizin fərd olaraq, siyasi partiya olaraq əməyini yüksək qiymətləndirirəm. Mən hər zaman keçmiş siyasi mənsubiyyətimlə bağlı suallara birmənalı cavab verirəm ki, həyatımın həmin illəri ilə fəxr edirəm. Bu, mənim həyat amalımdır.
Cəmiyyətimiz çox təlatümlü dövrlər yaşadı. Kimin necə yaşaması bizimçün nümunə ola bilməz. Biz namuslu, sərəfli bir həyat yaşamalıyıq, millətimizi daim irəli aparmalıyıq. Bu, bizim millətimizdir, bu, bizim xalqımızdır. Azərbaycan cəmiyyətində yaxşı nə varsa, millətindir və gedəcəyimiz yol da, bütün hədəflərimiz də millətimiz üçündür”.
Cəmil Həsənli daha sonra hakimiyyətin xalqa münasibətindən danışıb: “Görürsünüz, Vikleks materialları böyük həqiqətləri ortaya qoydu. Həqiqətin birincisi ondan ibarət idi ki, bu hakimiyyətlə bu xalq arasında böyük bir uçurum yaranıb. O materiallar ortaya qoydu ki, bu hakimiyyət bu xalqa yad kimi, özgə xalq kimi baxir. Məsələn, xaricilərə deyirlər ki, xalqımız demokratiyaya hazır deyil. Öz feodal təbiətlərinə xalqa istinadən bəraət qazandırmaq istəyirlər”.
Demokratik qüvvələrin vahid namizədi seçki kampaniyasına toxunaraq deyib ki, Azərbaycanda seçki görüntüsü yaratmaq istəyirlər. Bu görüntünü Milli Şura reallığa çevirməlidir: “Biz seçici fəallığını o qədər artırmalıyıq, məntəqələrdə səs verənlərin elə növbəsini yaratmalıyıq ki, bu saxtakarların, kriminal strukturların seçkini saxtalaşdırmaq imkanı olmasın. Əmin edirəm ki, düzgün seçki strategiyası aparsaq, millətimizə öz haqlarını, hədəflərini göstərsək, buna nail olarıq”.

Tədbirdə istiqlalçı deputat, Xalq Hərəkatının tanınmış simalarından biri İbrahim İbrahimli də iştirak və çıxış edib.