YAP-ın “Azadlıq” dərdi

YAP Milli Şuranın namizədi Cəmil Həsənlidən seçki qanunvericiliyini pozması ilə bağlı beynəlxalq təşkilatlara,  “Azadlıq” qəzetindən isə Mətbuat Şurasına şikayət ünvanlayacaq. Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib. Cənab Novruzov onu da əlavə edib ki, “Azadlıq” qəzet məqsədli formada ancaq bir namizədin təbliğatı ilə məşğul olur, digər namizədlərə qarşı şər kampaniyası aparır. 

Sizləri bilmirəm, ancaq mən hər dəfə bu adama heyran qalıram. Əsrimizin Siyavuşu bizi elə əməllərdə ittiham edir ki, adam donub yerində qalır. 

Təşviqat kompaniyasına start verilməsindən 1 ay öncə Ilham Əliyevin “bəy tərifi” ilə məşğul olan partiya indi Milli Şuranı qanunu pozmaqda ittiham edir. Əvvəla, Cəmil Həsənli bu müddətdə nə məktəb lenti kəsib, nə maaş artırıb, nə də rayonlara dövlət büdcəsindən bəxşiş yollayıb. Digər tərəfdən, bütün ölkə mətbuatı, televiziyalar hakimiyyətin təsiri altında yalnız Ilham Əliyevə “kompliment” söyləyirsə, “Azadlıq” qəzetində Cəmil Həsənli haqqında material dərc olunması niyə pozuntu sayılmalıdır.

Siyavuş Novruzov “Azadlıq” qəzetində digər namizədlərə qarşı şər-böhtan aparılmasından yazır.

“Azadlıq” qəzetində Ilham Əliyevin şəkili hələ ki, 2 yerə bölünmüş halda verilməyib. Digər namizədlər haqqında da “ermənipərəst” ifadəsi işlədilməyib. “Yeni Azərbaycan” qəzeti isə Cəmil Həsənlinin şəklini müxtəlif formalarda, tərbiyəsizcəsinə dərc edir. Baxma©araq ki, bu ölkədə birsifətlilərin də, çoxüzlülərin də kim olduğunu hamı gözəl bilir. Və yaxud “Səs” qəzetində müxalifət liderlərinə qarşı bütün etik normalardan kənar, jurnalist adına yaraşmayan “jarqon”lardan istifadə edilir. 

Siyavuş Novruzov YAP-ı mədh edən bu qəzetləri oxumurmu? Yoxsa, bu ölkədə şərəf və ləyaqət anlayışı yalnız YAP-a aid olunur?

Mən Siyavuş Novrozovun “Azadlıq”la bağlı narahatlığını başa düşürəm.

Belə ki, Siyavuş Novruzovun “Yeni Azərbaycan” qəzetində dərc olunmuş sonuncu müsahibəsi 39 dəfə oxunub. Eyni qəzetdə YAP icra katibi Əli Əhmədovun ayın 10-da dərc olunmuş müsahibəsi 25 dəfə oxunub. Cəmil Həsənlinin ötən gün “Azadlıq”a verdiyi müsahibə isə 10000 dəfə oxunub. Yəni yaptokratlar öz uğursuzluqlarının səbəbini müxalifətdə axtarırlar. Adamlar dərk edir ki, onlarla qəzet, televiziya kanalı, sayt xalqın simpatiyasını qazanmaq üçün yetərli deyil. Milyardlarla pul, saysız polis, silah-sursat həqiqətin qarşısında gücsüzdür.  Reallıq onu göstərir ki, 10 fazi maaş artırmaq, rayonlara 10 milyonlarla pul ayırmaq, 10000 insanın sevgisin qazanmağa xidmət edə bilmir.

Maraqlı budur ki, hakimiyyət xalqın ona nifrət etdiyini, insanların kütləvi narazılığını bildiyi halda, çıxış yolunu islahatda, qanunun aliliyini təmin etməkdə deyil, müxalifəti şərləməkdə, “Azadlıq” qəzetini hədəfə almaqda görür.

Səhv etmirəmsə Həzrət Əlinin sözüdü: “Nə çox ibrət var, nə az ibrət götürən”. Bəlkə də “Azadlıq” qəzeti yaptokratlar üçün ibrət yeridir.

Yəni hakimiyyət anlamalıdır ki, bu qəzetin sadiq oxucuları, xalq arasında nüfuzu varsa, bu, “Azadlıq”ın həqiqətləri yazması, vicdanlı mövqeyi ilə bağlıdır. Hakimiyyət də indiyə qədər həqiqətlərə yol açıb, vicdanlı siyasət həyata keçirsəydi, Siyavuş Novruzovun müsahibələrini on minlərlə insan oxuyardı.

Bekon yazırdı ki, “düz sözə yalan qatmaq, qızıla başqa metal qatmağa bənzəyir. Möhkəmliyi artsa da, qiyməti düşür”.

Bu hakimiyyət də 20 ildir həqiqətə o qədər yalan qatdı ki,  artıq sözünün, təbliğatının qiyməti qalmayıb.

Bir sözlə, yaxşı olardı ki, Siyavuş Novruzov “Azadlıq” və Milli Şuradan şikayət etmək əvəzinə, milyonlarla şikayətçinin problemini həll etmək haqqında düşünsün.