Şikayətçi «xaricdə təhsil» adı ilə 10 min manatının mənimsənildiyini iddia edir
Xaricdə oxumaq istəyən, amma adının gizli saxlanılmasını arzulayan bir xanımdan “Azadlıq” radiosuna şikayət məktubu gəlib. Məktub müəllifi yazır ki, o, xaricdə oxumaq üçün “Təhsil üzrə Məsləhətçi Beynəlxlaq Qrup”un (International Group For Educational Consultants) Azərbaycan nümayəndəlyinə öncə 1000, daha sonra 10 min manat ödəyib: “Avqustun 23-də Təhsil Nazirliyində müsahibədə oldum. Müsahibədən çıxdığım gün Ülviyyə xanımla əlaqə saxladım. Bildirdi ki, müsahibədən uğurla keçdim və heç bir problemsiz 30 gün ərzində cavabım açıqlanacaq.
Lakin heç 13 gün keçməmiş Təhsil Nazirliyində işləyən bir şəxs vasitəsilə təqaüd proqramından keçmədiyimi öyrəndim”.
Məktub müəllifi adı çəkilən qurumdan indiyədək pulunu geri ala bilmədiyini yazır və müxtəlif bəhanələr gətirərək onunla görüşdən yayındıqlarından şikayətlənir.
Şikayət məktubunda daha 7 nəfərin adı və mobil telefonları göstərilir və o da qeyd edilir ki, xaricdə təhsillə bağlı həmin şəxslərin də hər birindən 10 min manat pul alınıb geri qaytarılmır.
Məktubda adları qeyd olunan şəxslərdən ikisi bu barədə yazılanları təsdiqləyir. Onlardan biri 9, digəri 8 min manat ödədiyini, deyilən məbləğləri geri ala bilmədiklərini iddia edirlər. Adının çəkilməsini istəməyəm bir valideyn də min manat ödədiyini, hətta bununla bağlı əlində qəbz olduğunu söyləyir.
“Təhsil üzrə Məsləhətçi Beynəlxalq Qrup”un Azərbaycan nümayəndəliyinin rəhbəri Ülviyyə Cəlilzadəÿşikayətdən xəbərdar olduğunu deyir və dərhal bildirir ki, xaricdə təhsil almaq istəyən heç bir şəxsdən 10 min manat almayıb. O, həmin məktubu yazan xanımın bir neçə gün öncə işdən qovulduğunu vurğulayaraq, həmin şəxslə bağlı Yasamal Rayon Polis Idarəsinə müraciət etdiyini də söyləyir: “O məktubları yayan xanım bizdə işləyəndə onun kompüterini yoxladım və gördüm ki, bizim haqqımızda xeyli mənfi şeylər yazıb. Hamısının surətini çıxarıb saxlayıram. Üç gün əvvəl də işdən qovdum. Mən kimdənsə rüşvət almışamsa, bunu sübut etsinlər. Bir də mən səlahiyyətli adam, məsələn, nazir-filan deyiləm ki, kimdənsə rüşvət alım. Bu, mənə qarşı kampaniyadır. Lazım gələrsə, sübut da edərəm ki, belə bir şey yoxdur. O xanımın dediklərini təsdiqləyən iki nəfər onun yaxın adamlarıdır. Bu xanımın məktublarını Yasamal polisinə vermişəm və polis bu işləri araşdırmaqla məşğuldur”.
Yasamal polisi isə sözügedən müracəti almadığını bildirir: “Bizə elə bir məktub daxil olmayıb”.
Təhsil Nazirliyində keçirilən müsahibəyə gəlincə, Ülviyyə Cəlilzadə bu məsələnin onlara heç bir aidiyyəti olmadığını deyir: “Mən Avstraliyadakı bütün universitetlərin Bakıdakı təmsilçisiyəm. Müsahibə məsələsi məni qayğılandırmır. Bu, Təhsil Nazirliyinin öz işidir. Nə biz, nə də digər qurumlar bu məsələdə nazirliklə əməkdaşlıq etmirik”.