Üzeyir Məmmədlinin həbs müddəti artırıldı

Sentyabrın 18-də Nəsimi Rayon Məhkəməsi “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Üzeyir Məmmədlinin həbs müddətinin artırılması ilə bağlı vəsatətə baxıb. Vəkil Fəxrəddin Mehdiyev “Media forum” saytına deyib ki, hakim Etibar Hümbətovun sədrliyi ilə keçən prosesdə Baş Prokurorluğun verdiyi vəsatət təmin olunub və gənc fəalın həbs müddəti noyabrın 30-na kimi uzadılıb.

Vəkilin sözlərinə görə, Üzeyir Məmmədli prosesdə iştirak edib: “Saxlanma şəraiti və səhhəti normaldır. Şikayəti yoxdur”.

Üzeyir Məmmədli martın 30-da həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona Cinayət Məcəlləsinin 228.3 maddəsi ilə (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ittiham irəli sürülüb. Sentyabrın 12-də işə Cinayət Məcəlləsinin 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi də əlavə olunub.