Pan Gi Mun: «Nəticələr ağlasığmaz və təkzibolunmazdır»
BMT-nin mövqeyi Rusiya ilə Fransanı üz-üzə qoydu
Avqustun 21-də Suriyanın paytaxtı Dəməşqdə döyüşlər zamanı üsyançılara qarşı kimyəvi silahdan istifadə edildiyi rəsmən təsdiqləndi. Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspert qrupunun apardığı araşdırmaların nəticəsində məlum olub ki, Suriyada istifadə olunan kimyəvi silah 1988-ci ildə Iraqda Səddam Hüseynin rejimi tərəfindən həyata keçirilən hücumlardan sonra ən dəhşətlisidir.
BMT-nin baş katibi Pan Gi Mun bildirib ki, nəticələr ağlasığmaz və təkzibolunmazdır: “Qan təhlillərinin 85 faizi zəhərlənmənin ”zarin” qazından olduğunu göstərir. Kimyəvi hücumun baş verdiyi ərazidən götürülən nümunələrdə də, həmçinin, “zarin” qazının izlərini görmək mümkündür. Raketlərin əksəriyyətinin tərkibi məhz bu qazdan təşkil olunub. Raketlərin qəlpələri üzərində aparılan təhlillərdə bunu aşkar görmək olur. Nəticələr heç bir şübhə doğurmamalıdır. Bu, müharibə cinayətidir və 1925 saylı protokolun və digər beynəlxalq qanunların kobud şəkildə pozulmasıdır”.ÿ
Rəsmi Moskva isə Suriyada kimyəvi silahların beynəlxalq nəzarətə götürülməsi ilə bağlı rəsmi Dəməşqlə əldə olunan razılaşmaya baxmayaraq, bu ölkəyə qarşı hərbi müdaxilə planlarının Qərbin gündəmində qalmasının sülh prosesinə mane ola biləcəyini açıqlayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Amerika ilə əldə olunan razılaşmaya baxmayaraq, bəzi tərəfdaşlar yekdilliklə razılaşmanın şərtlərini rədd etməyə çalışır: “Bu barədə Avropanın bəzi paytaxtlarından bəyanatlar gəlir. Bu qətiyyən doğru deyil. Inanıram ki, bəyanatlara baxmayaraq, ABŞ razılaşmanın şərtlərinə sadiq qalacaq. Suriyada kimyəvi silahların məhv olunması üçün Rusiya ilə Amerikanın razılaşdırdığı yol xəritəsi problemin həllində real, peşəkar və praktiki imkanlar yaradır”(anspress).ÿ
“Baş verənlər təxribat olub”
“Suriyada kimyəvi silahın tətbiqinə dair aparılmış təhqiqat haqqında BMT baş katibinə təqdim olunan hesabat bir sıra suallara cavab vermir”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada fransalı həmkarı ilə Loran Fabiusla keçirdiyi brifinqdə deyib. O bildirib ki, hesabatda kimyəvi silahın istehsal olunduğu ölkə barədə məlumat yoxdur: “Məruzədə kimyəvi silahın hansısa zavodda istehsal olunduğu və ya kustar üsulla hazırlandığı barədə məlumat yoxdur. Rusiya hələ də inanır ki, avqustun 21-də Dəməşq yaxınlığında kimyəvi silahın tətbiq edilməsi təxribatdır. Bizim əlimizdə bunun təxribat olduğuna dair ciddi əsaslar var. Bir neçə tərəfdaşlarımız ancaq rejimin kimyəvi silah tətbiq edə biləcəyini bəyan ediblər. Lakin həqiqət ortaya çıxarılmalıdır”.
Lavrov onu da bildirib ki, Rusiya və ABŞ-dan olan ekspertlər yaxın günlərdə Suriyanın kimyəvi silahlarının məhv edilməsinə dair təkliflər mexanizmi hazırlayacaqlar: “Ekspertlərin fikrincə, məsələnin həlli üçün Cenevrə sənədində olan mülahizələri hüquqi və dəqiq başa düşülən dilə tərcümə etmək lazımdır. Amerikalı və bizim ekspertlər tərəfindən hazırlanan bu layihə yaxın günlərdə təqdim ediləcək”.
“Suriya rejiminin məsuliyyət daşıdığı təsdiqlənir”
Loran Fabiusun isə hesabatla bağlı fikirləri tamamilə fərqli olub. Fabius bildirib ki, məlum hesabat kimyəvi silahdan istifadəyə görə Suriya rejiminin məsuliyyət daşıdığını ortaya qoyur: “Biz istəyirik ki, 21 avqust olayları obyektiv, tərəfsiz və peşəkar araşdırılsın”.
Bu arada, Suriyada son günlər hökumət qüvvələri ilə gedən döyüşlərdə xarici ölkələrdən olan 30-dan artıq mücahid həlak olub. Həlak olanlar “Nüsra Cəbhəsi”nin sıralarında döyüşənlərdir. Onların arasında 6 Azərbaycan, 4 Türkiyə, 5 Iordaniya, 9 Səudiyyə Ərəbistanı, habelə Əfqanıstan və Pakistan vətəndaşları var. Sentyabrın 13-də Suriyanın Hama şəhərində gedən döyüşlərdə “Mühacir və Ənsar” qrupunun tərkibindəki azərbaycanlılardan ibarət dəstəyə başçılıq edən “Əbu Yəhya” ləqəbli Azərbaycan vətəndaşı öldürülüb. Həmin döyüşdə daha 4 azərbaycanlı mücahidin də öldüyü bildirilir. Bu ilin avqust ayının əvvəllərinə olan məlumata görə, Suriyada müxtəlif qrupların tərkibində Bəşər Əsəd qüvvələrinə qarşı döyüşlərdə 60-dan artıq azərbaycanlı iştirak edib(APA).