Idrak Abbasov: «ARDNŞ prezidenti nəsə deyəndə ya qanunlara baxmır, ya qanunların tələblərini nəzərə almır»
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Bakıda ARDNŞ ərazilərində olan heç kimin tam tikilmiş sənədsiz evlərinin sökülmədiyini, yalnız yarımçıq tikilmiş və ya bu gün tikintiyə başlamaq istəyən insanlara ev tikməyə icazə vermədikdərini açıqlayıb.
ARDNŞ prezidenti bildirib ki, artıq evlərin sənədləşməsi prosesi gedir və yaxın zamanlarda hökumətin bununla bağlı qərarı olacaq.
R.Abdullayevin bu açıqlaması reallıqla tamamilə üst-üstə düşmür. Çünki ötən il Bakının müxtəlif yerlərində ARDNŞ-nin ərazilərində xeyli sayda yaşayış olan evlər sökülüb, sakinləri isə küçəyə atılıb.
O zaman bu hadisələrin qurbanına çevrilən, söküntü işləri zamanı döyülərək ağır bədən xəsarəti alan jurnalist Idrak Abbasov da Rövnəq Abdullayevin dedikləri ilə razılaşmır: “Rövnəq Abdullayev mənim də haqqımda çox şeylər deyir. Demişdi ki, riyeltorların adamıdır. Düzdür, öz evimi sökməyiblər. Qohumlarımın, qonşularımın içində yaşadıqları evlərini söküblər. Yəqin ARDNŞ prezidenti nəsə deyəndə ya qanunlara baxmır, ya qanunların tələblərini nəzərə almır. Çox təəssüfedici haldır ki, o boyda böyük şirkətin başında duran bir şəxs belə məsuliyyətsiz bəyanatlarla çıxış edir. Hüquqi dövlətdə yaşayırıqsa, məhkəmə-hüquq sistemi mövcuddursa, istər yarımçıq, istər tam olsun, orda yaşayış oldu ya olmadı, hər hansı bir tikintinin sökülməsi üçün məhkəmə qərarı lazımdır. Amma Dövlət Neft Şirkəti neft və qaz çıxarmaqla yanaşı həm də məhkəmə səlahiyyətlərini özəlləşdirir, özləri qərar verir. Özlərinin dəstələri var, o dəstə gedir camaatı döyür”.
I.Abbasovun sözlərinə görə, əgər hansısa evlərin sökülməsi üçün dövlət qərar veribsə, insanlar kompensasiya ilə təmin olunmalıdır. Bu, sosial problemdir və vətəndaşların ziyan görməməsi üçün problem həll olunmalıdır. Çünki dövlətin əsasını vətəndaşlar təşkil edir. Əgər bu dövlət vətəndaşlara xidmət etmirsə, onda vətəndaşın nəyinə lazımdır: “O boyda böyük bir şirkətin başında dayanan şəxs gərək bəyanatlarına bir az məsuliyyətlə yanaşsın. Bütün bu məsələləri nəzərə alsın”.
Fizzə