Pərviz Həşimli barəsində 2 aylıq həbs qərarı verildi

Jurnalistin həbsinin səbəbləri ilə bağlı ilginc məlumatlar

Jurnalist və hüquq müdafiəçisi, AXCP Ali Məclisinin üzvü, sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları (MTN) tərəfindən saxlanılan Pərviz Həşimli barəsində dünən Səbail rayon məhkəməsinin qərarı ilə ilkin istintaq dövrü üçün 2 aylıq həbs-qətimkan tədbiri seçilib. P.Həşimlinin vəkili Elçin Sadıqov “Azadlıq”a açıqlamasında bildirib ki, məhkəmənin qərarını əsassız hesab edir və qərardan apelyasiya şikayəti verəcək.
Pərviz Həşimli məhkəməyə başına torba keçirilərək gətirilib. Jurnalist məhkəmədəki çıxışında da deyib ki, tutulan zaman yerə uzandırılıb və bu zaman diz nahiyəsindən xəsarət alıb. MTN-də ona işgəncə veriləcəyilə bağlı hədələnib.
Məhkəmə MTN əməkdaşlarına bildirib ki, belə hallar bir daha təkrarlanmasın.
Jurnalist həmçinin ona qarşı irəli sürülən ittihamla razılaşmadığını bildirib. Bəyan edib ki, ittihamdan ümumiyyətlə, xəbəri yoxdur və irəli sürülənlər uydurmadır.
“Deyilənə görə, Pərvizdən başqa iki nəfər təqsirləndirilən şəxs müəyyən ediblər. Onlar da cinayəti etiraf edirlər. Bunun qurma oyun olduğu bilinir”, – deyə vəkil bildirib.
Pərviz Həşimli məhkəmədən sonra başına qara maska keçirilərək, MTN əməkdaşlarının müşayiətilə maşına aparılıb. Kənardan “Pərviz, möhkəm ol” deyən dostlarına jurnalist “narahat olmayın, mübarizə davam edir”, – deyə cavab verib.
Məhkəmədən sonra Pərviz Həşimlinin atası Kamran Həşimli “Azadlıq”a deyib ki, oğlu heç vaxt dövlətə qarşı çıxmayıb: “Jurnalist kimi işləyib, hakimiyyətin nöqsanlarına qarşı mübarizə aparıb. Məmurların insanları incitməsinə qarşı olub və daim insan haqlarını müdafiə edib. Evində körpə uşağı ola-ola, uşağın oyuncağının arasına ”Makarov” tipli tapança qoyub, oradan götürüblər. Gör nə qədər düşüncəsiz insanlardılar… Heç bir valideyn silahı öz uşağının oyuncaqları arasına qoymaz. Indiyə qədər bizim silah-sursatla işimiz olmayıb”.

MTN Pərviz Həşimlini şantaj edirmiş

Məlumata görə, naməlum şəxs Pərviz Həşimliyə zəng edərək, ona sovqat və vacib ismarıc çatdırmalı olduğunu deyib. Pərviz Həşimli onunla görüşərkən onların hər ikisi saxlanılıb və həmin şəxsin maşınından guya, silah tapılıb.
MTN-in Ictimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev dünən APA-ya deyib ki, Pərviz Həşimli ilə yanaşı, Təvəkkül Qurbanov da saxlanılıb və onların hər ikisinə Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələrilə ittiham irəli sürülüb.
Bu arada, redaksiyamıza Pərviz Həşimlinin həbsilə bağlı ilginc məlumatlar daxil olub. Məlumatlarda deyilir ki, təxminən iki həftə əvvəl Pərviz Həşimli yaxınlarına bildirib ki, MTN ona qarşı əməliyyat hazırlayır. Onun sözlərinə görə, hakimiyyət daxilində baş verən prosesləri ictimailəşdirməsi iqtidarı qəzəbləndirib. Bu baxımdan onu cəzalandırmaq qərarı verilib. Pərviz Həşimli deyib ki, ona qarşı əməliyyat ilk olaraq şantaj formasında təzahür edib. Jurnalistə rüsvay ediləcəyi barədə mesajlar göndərilib. Daha sonra hakimiyyətin nəzarətində olan saytlarda barəsində həqiqətdən uzaq, şantaj xarakterli yazılar yerləşdirilib. Bundan sonra o, xəbərdarlıq alıb: “Bu hələ ”jurnaldır”, qabaqda səni sürprizlər gözləyir!”
Pərviz Həşimli bu əməllərin əsas təşkilatçısı və icrasına məsul olan şəxsin kimliyini öyrənib. Bəlli olub ki, bu şəxs MTN-nin Anti-Terror Mərkəzinin rəis müavini Ilqar Əliyevdir. Pərviz Həşimli Ilqar Əliyevə sms yazaraq bildirir ki, mənəviyyatdan uzaq hərəkətlərdən uzaq dursunlar. Əks təqdirdə, o, öz şərəfini qorumaq üçün addımlar atacaq.
Jurnalist sms yazandan sonra qarşı tərəfə zəng də edib. Və yazdıqlarını təkrarlayıb. Bundan sonra isə MTN Pərviz Həşimliyə qarşı hərəkətə keçib.

MTN əməkdaşlarının jurnalistlərə təzyiqi

Pərviz Həşimli həbs edildikdən sonra onun evində və işlədiyi media orqanlarında – “Bizim Yol” qəzeti və “Moderator.az” saytının ofislərində axtarış aparılıb. Saytın ofisindən kompüterlər götürülüb. Pərviz Həşimlinin evində isə axtarış gecə saatlarına qədər davam edib. Jurnalistin evi mühasirəyə alınıb və ora heç kim buraxılmayıb. MTN əməkdaşları Pərviz Həşimlinin evinin qarşısında dayanan jurnalistlərin də peşə fəaliyyətinə mane olub. Həmin ərazidə internet və telefon şəbəkəsinə əngəllər yaradılıb. Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun rəhbəri Emin Hüseynov MTN əməkdaşlarının təzyiqilə üzləşib. Ərazidə çəkiliş aparmaq niyyətini Hümbət adlı MTN əməkdaşına çatdıran Emin Hüseynov qarşı tərəfin kobud rəftarı ilə üzləşib. Emin Hüseynovun “çəkiliş aparmaq mənim hüququmdur” sözlərinə cavab olaraq MTN əməkdaşı Emini təhqir edərək, “sən kimsən, sənin saçını yolaram” deyib.
Pərviz Həşimlinin evinin qarşısında çəkiliş aparmaq istəyən “Azadlıq” radiosunun əməkdaşı Islam Şıxəli isə polisin təzyiqilə üzləşib. Polis əməkdaşları onun qollarını buraraq kamerasını əlindən alıb. Polisin zorakılığı nəticəsində Islam Şıxəlinin barmağı çıxıb.

MTN əməkdaşları Pərviz Həşimlinin evinə 30 bomba qoyub

Gecə saat 2-də MTN əməkdaşları Pərviz Həşimlinin evini tərk edib. Bundan sonra evin qarşısında gözləyən jurnalistlər evə daxil olaraq, hadisə ilə bağlı xanımı Ilahə Həşimovadan məlumat ala bilib. Ilahə Həşimova MTN əməkdaşlarının evin həyətindəki kiçik tikiliyə 30 bomba yerləşdirdiyini deyib. Həmin tikilinin qapısı əvvəl açıq olsa da, MTN əməkdaşları oranın qapısını bağladıqlarını deyib və bununla ora özlərinin girib nəsə yerləşdirdiklərini etiraf etmiş olublar. Ilahə Həşimova MTN əməkdaşlarının evdə divanın altından bir “Makarov” tipli tapança qoyub sonra da oradan “aşkar” etdiklərini də bildirib.
Jurnalistin xanımı onu da qeyd edib ki, bir neçə gün əvvəl Pərvizə televiziyaya çıxaraq AXCP sədri Əli Kərimliyə qarşı çıxış etmək təklif olunub. Bunun əvəzində Pərviz Həşimliyə şirnikləndirici vədlər də verilib. Lakin Pərviz Həşimli bundan imtina edib və həyat yoldaşına “başıma bir iş gəlsə, MTN-nin Ilqar adlı yüksək rütbəli əməkdaşından gələcək” deyib.
Ilahə Həşimova axtarışdan sonra evin təhlükəsizlik kamerasının yaddaşının götürüldüyünü, həmçinin Pərvizə məxsus kompüterin aparıldığını bildirib. MTN əməkdaşları Pərviz Həşimlinin toyda AXCP sədri ilə çəkdirdiyi şəklini də aparıb: “Onlar dedi ki, bu şəkil Pərviz Həşimlinin müxalifətə xidmət etdiyini sübut edir. Mən də bildirdim ki, Pərviz AXCP üzvüdür, siz də bunu bilirsiniz”.
Ilahə Həşimova onu da qeyd edib ki, MTN əməkdaşları pəncərəni sındıraraq evə girəndən sonra o, 5 yaşlı qızı Zeynəbi evdən çıxarıb. Lakin MTN əməkdaşları ona təzyiq məqsədilə uşağı yenə içəri gətiriblər. Onlar çöldəkilərə anasının uşağı görmək istədiyini deyiblər. Lakin Ilahə Həşimova əksinə, uşağın içəri gətirilməsini istəmədiyini, bunun ona təzyiq üçün edildiyini bildirib.
O həmçinin evə iki nəfər şahid çağırıldığını, onlardan birinin deyilənləri təsdiqləməkdən imtina etdiyini, lakin MTN əməkdaşlarının onunla söhbətindən sonra razılıq verdiyini deyib.

Milli Şuranın namizədi jurnalistin həbsini pislədi

Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli Pərviz Həşimlinin həbsini pisləyib. O, MTN-in bu hərəkətini söz azadlığına təzyiq kimi qiymətləndirib: “Biz hər dəfə hakimiyyətə sərf etməyən jurnalistlərin narkotik maddə və silah saxlamaq və ya xuliqanlıq kimi uydurma ittihamlarla həbsinin şahidi oluruq. Məqsəd rejimi tənqid edənlərin neytrallaşdırılması və jurnalistlərin qorxudulmasıdır”.
Prezidentliyə namizəd hakimiyyəti jurnalistlərə təzyiqlərə və söz azadlığının məhdudlaşdırılmasına son qoymağa çağırıb.

Mətbuat Şurası narahatdır

“Pərviz Həşimlinin saxlanması Mətbuat Şurasını narahat edir. Onun saxlanılmasının təfərrüatları barədə heç bir məlumat yoxdur”. Bu sözləri isə Mətbuat Şurasının sədri Əflatun Amaşov Pərviz Həşimlinin həbsinə münasibət bildirərkən deyib.
O, “Turan”a açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırma aparılacaq. Günün ikinci yarısında müvafiq orqanlara məktublar ünvanlanacaq. Mətbuat Şurası işin gedişini diqqətdə saxlayacaq.

AXCP Pərviz Həşimli ilə bağlı sərt bəyanat verdi

AXCP də jurnalistin həbsinə sərt reaksiya verib. Partiyanın bununla bağlı yaydığı bəyanatda deyilir:
“Pərviz Həşimli AXCP Ali Məclisinin üzvü, fəal hüquq müdafiəçisi və tanınmış jurnalistdir. Onun həbsi azad sözə, hüquq müdafiəçiliyinə və açıq-aşkar AXCP-nin fəaliyyətinə zərbə xarakterlidir. Onun həbsinin əsas motivi barədə mediada geniş məlumat yayılıb. Pərviz Həşimlidən yerli TV-lərdən birində AXCP sədrinə qarşı çıxış etmək tələb olunub və o, bundan imtina etdiyi üçün həbs edilib.
AXCP hesab edir ki, bu həbs həm də Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin teledebatda hakimiyyətin bütün namizədlərini məğlub etməsilə bağlıdır. Yəni, hakimiyyət aşkar şəkildə ictimai diqqəti seçki kampaniyasından yayındırmaq və əsas siyasi qüvvələri qorxutmaq istəyir.
AXCP bəyan edir ki, hakimiyyətin bu cür hərəkətləri özünüifşadan başqa bir şey deyil. AXCP Pərviz Həşimlinin sırf siyasi motivlərlə həbs edildiyini, onu sona kimi müdafiə edəcəyini bəyan edir. Bu işdə adı hallanan dövlət qurumları və onun vəzifəli şəxsləri məsuliyyətlərini dərk etməli və Pərviz Həşimli bir an öncə azadlığa buraxılmalıdır”.

Müsavat da Pərviz Həşimliyə azadlıq tələb edir

Müsavat Partiyası da Pərviz Həşimlinin həbsilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, bu həbslər əslində, siyasi sifarişin nəticəsidir və uydurma ittihamlara söykənir: “Seçki ərəfəsində hakimiyyətin həyata keçirdiyi bu hay-küylü həbs əslində, cəmiyyətdə qorxu hissini gücləndirməyə xidmət edir. Iqtidar ictimai-siyasi fəalları, jurnalistləri qeyri-qanuni həbsə atmaqla gündən-günə artan siyasi fəallığın qarşısını almağa çalışır. Müsavat Partiyası Pərviz Həşimlinin dərhal azadlğa buraxılmasını tələb edir və bəyan edir ki, hakimiyyət bu cür üsullarla xalqın gündən-günə artan narazılığnın qarşısını almağa nail olmayacaq”.

Aydınlar Partiyasından da dəstək

Daha bir bəyanat Aydınlar Partiyasından gəlib. Bəyanatda deyilir ki, Pərviz Həşimlinin həbsi siyasi sifarişdir və Azərbaycanda söz azadlığının təqib olunması kimi qiymətləndirilməlidir: “Bu addım cəmiyyətdə xof yaratmağa, siyasi fəallığı azaltmağa xidmət edir. Aydınlar Partiyası hakimiyyətdən Pərviz Həşimlinin dərhal azadlığa buraxılmasını, müxalif düşüncəli insanların təqib edilməsinə son qoyulmasını tələb edir”.

İnformasiya şöbəsi