«Qatil azadlıqda, günahsız oğlum məzardadırsa, mən niyə Ilham Əliyevə səs verməliyəm?»
2001-ci ildə Kiyevdə qətlə yetirilmiş iş adamı Elçin Əliyevin anası Səmayə Əliyeva dünən RATI-də mətbuat konfransı keçirib. S.Əliyeva oğlunun ölümündən 12 il keçməsinə baxmayaraq, hadisə ilə bağlı heç kimin həbs edilmədiyini deyir. Ana oğlunun qatili kimi israrla o zaman Kiyevdə hərbi akademiyada oxuyan, hazırda Şəmkir korpusunun komandanı olan Rövşən Əkbərovun adını çəkir.
S.Əliyeva oğlu ilə R.Əkbərov arasında söz-söhbət olduğunu, amma bunun səbəbini bilmədiyini deyib. O, oğlunun R.Əkbərov tərəfindən qətlə yetirilməsini o zaman Azərbaycanın Ukraynada müvəqqəti işlər vəkili, indi Diaspor Komitəsinin sədri olan Naim Ibrahimovdan da eşitdiyini bildirib.
Onun sözlərinə görə, oğlu Kiyevdə iş adamı kimi fəaliyyət göstərib, daha çox Azərbaycana qida məhsulları göndərib.
O zaman Kiyevin mərkəzində ofisi olub, N.Ibrahimovla yaxın dost olduğuna görə hətta biznes ofisini səfirliyə verib, özü yeni ofis tutub.
Ukrayna Baş Prokurorluğunda bu iş 4 il araşdırılıb. May ayında S.Əliyevaya Ukrayna Baş Prokurorluğunun verdiyi cavabda R.Əkbərovun qətl ilə əlaqəli olduğu təsdiq edilib. 2005-ci ildən sonra iş Bakıya göndərilib, Hərbi Prokurorluq işi araşdırıb və R.Əkbərovun qətllə əlaqəsinin olmadığı deyilib. S.Əliyevanın sözlərinə görə, o zamankı hərbi prokuror iş Bakıya gələn kimi kimliyindən aslı olmayaraq qatilin həbs olunacağını vəd edib. Daha sonra ailənin tələbilə iş Hərbi Prokurorluqdan alınaraq ölkə prokurorluğunun Ağır Cinayətlər üzrə Istintaq Idarəsinə verilib. Burada da araşdırmalar sözdən o yana keçməyib. Nəhayət, mərhum vəkil Isaxan Aşurov bu işi Avropa Məhkəməsinə çıxara bilib. Amma Avropa Məhkəməsi ailəyə müstəntiq Azər Ibrahimovun 2010-cu il təqdimatına istinadən bu işə xitam verilməsi haqda cavab yazıb. Yəni, ailə 2010-cü ilə kimi cinayət işinin faktiki dayandırılması haqda hər hansı məlumata malik olmayıb.
Bu cavabdan sonra vəkil Elton Quliyev işi araşdırmağa başlayıb. Öncə məhkəmə müddəti bərpa edilib. Hazırda ailə bu işin araşdırılmasının Nəsimi Rayon Məhkəməsində, yoxsa hərbi məhkəmədə davam etməsi haqda Bakı Apelyasiya Məhkəməsinin qərarını gözləyir. S.Əliyeva dövlət başçısına müraciət də ünvanlayıb: “Bir ölkədə qatil azadlıqda gəzirsə, oğlum günahı olmadığı halda məzardadırsa, mən seçkilərdə niyə ona səs verməliyəm?”.