Əliyevin platformasına müxalifətdən reaksiya

Nurəddin Məmmədli: «Bütün bunlar bütövlükdə Azərbaycan xalqını aldatmaq cəhdi kimi dəyərləndirilməlidir»

Eldəniz Quliyev: «Deyilənlər boş sözdür və arxasında heç vaxt əməl, reallıq dayanmayıb»

 

Yeni Azərbaycan Partiyası dövlət başçısı, hakim partiyanın prezidentliyə namizədi Ilham Əliyevin seçki platformasını açıqlayıb. On bənddən ibarət platformada əsasən iqtisadi vədlər yer alıb. Əsas diqqəti çəkən isə son iki bənddir. Belə ki, Ilham Əliyev növbəti prezidentlik müddətində ordu quruculuğunu davam etdirəcəyini və torpaqları işğaldan azad edəcəyini vəd edir.

Sonuncu vədində isə Əliyev demokratik inkişaf, siyasi plüralizm, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin cəmiyyət həyatının normasına və dönməz prinsipinə çevriləcəyini bildirib. Bu son iki bənddə göstərilən məqamlarla bağlı Əliyevin 10 illik prezidentliyi dövründə nəinki irəliləyiş olmayıb, hətta insan haqları və demokratiya sahəsində ildən-ilə geriləmə müşahidə olunub.

AXCP sədrinin müavini Nurəddin Məmmədli bu iki platforma müddəasının tamamilə reallığı əks etdirmədiyini, yalnız seçkiyə hesablanmış populist fikirlər olduğunu deyir. Çünki Azərbaycanda rüşvətxorluğun idarəçilik prinsiplərinə çevrilməsi bütün sahələrdə olduğu kimi ordudan da yan keçməyib və güclü ordu yaradılması prosesini tamamilə şübhə altına alır. Uzun illər Azərbaycan ordusunun əsgərlərimizin ölümü maşınına çevrildiyi halda növbəti mərhələdə nəyisə gözləmək düzgün deyil. Digər tərəfdən, hətta siyasətlə məşğul olmayanlar bilir ki, həm Ermənistanda, həm də Azərbaycandakı rejimlərin hakimiyyətdə qalması Qarabağ probleminin sonsuzluğa qədər uzanması ilə reallaşan bir həqiqətdir. Yəni bunlar Qarabağ kartından istifadə edib öz hakimiyyətlərinin ömrünü uzadır. Həm də bütün dünyanı qorxudurlar ki, hakimiyyət dəyişikliyi mütləq müharibənin başlamasına səbəb olacaq. Bu da regionda tarazlığın pozulmasına və münaqişənin güclənməsinə gətirib çıxaracaq. Ona görə də bu müddəa tamamilə yersiz, mənasız və Azərbaycan xalqını aldatmaq cəhdidir. 

N.Məmmədlinin fikrincə, bu rejimdə plüralist fikir ola bilməz. Çünki Azərbaycanda demokratiyanın qismən inkişaf etdiyi şəraitdə bu talançılığa, riyakarlığa, yaltaqlığa söykənən bir hakimiyyət hətta bir neçə ay öz mövcuduğunu qoruya bilməz. Ona görə də bu rejimin ən çox qorxduğu Azərbaycanda plüralist fikrin ifadə olunması və demokratik təsisatların inkişaf etdirilməsidir: “Bütün bunlar bütövlükdə Azərbaycan xalqını aldatmaq cəhdi kimi dəyərləndirilməlidir. Bunun xalqa hər hansı müsbət emosiya verəcəyinə və ya xalqı bu cür vasitələrlə aldatmağın mümkün olacağına inanmıram”.

Milli Şura üzvü Eldəniz Quliyev Ilham Əliyevin son on ildə göstərilən istiqamətlərdə yalnız geriyə addımlar atdığını deyir: “On addım geri atılıb. Indi yəqin başa düşüblər ki, nəsə etmək lazımdır. Istəyirlər on addım atıb 10 il bundan əvvəlki vəziyyətə gəlsinlər”.

E.Quliyevin sözlərinə görə, hakimiyyət təmsilçilərinin dedikləri ritorika, pafosdur və ümid ediləsi bir şey deyil. Deyilənlər boş sözdür və arxasında heç vaxt əməl, reallıq dayanmayıb. Bundan sonra da dayanmayacağına şübhə yoxdur. Ona görə Əliyevin platformasının tezislərinə ciddi əhəmiyyət vermək lazım deyil.

Fizzə