Kəndarası yollara dirənmiş prezidentlik

Azərbaycanda dərin siyasi böhran yaşandığı göz önündədir. Ata-oğul Əliyevlər ölkəni demokratiyadan diktaturaya gətirib çıxarıblar. Genişlənməkdə olan demoktatik Avropanın qonşuluğunda olan bir ölkəni. Üstəlik, ABŞ – Batı üçün geopolitik episentrə çevrilmiş bir ölkəni! I.Əliyev siyasi böhran dalanına gətirib dirədiyi ölkəni daha beş illiyə əldə saxlamaq üçün yersiz-gərəksiz çalışmalarda bulunmaqdadır. Yalançı “islahatlar”, yalançı “inkişaf” bu “çalışmalarda” başlıca yer tutur.

“Çalışqanlığın” örnək görsənişləri nədir? Ölkəni bu başdan o başa gəzib-dolanıb xalqa yalançı “islahat”, “inkişaf” adına gerçək nağıllar danışmaq. Bu nağılların ən ilginci Azərbaycan dövlətinin sosial dövlət olması ilə bağlı deyilən yalanlardır. Çoxsaylı xəstəxana, məktəb tikintisi çox yaxşıdır, ancaq burada yerinə düşən bir el sözü var: içinə qan qusacağım qızıl ləyəni neynirəm? Sağlamlıq üçün xəstəxanalar, bilik qazanmaq üçün məktəblər bu ölkədə çoxdan gərəksiz yerə çevrilibsə, prezidentin xəstəxana-məktəb təmir-tikintisini özü üçün öyünc yerinə çevirməyinin adı nədir? Bəs prezident adlanan kimsənin xəstəxana-məktəb təmir-tikintisindən sonra kəsdiyi açılış lentləri nəyin göstəricisidir? Onun xalqa sırımağa çalışdığı yalançı “islahatların” yalançı “inkişafınmı?”. Ilk baxışda – hə. Gerçəkdəsə bunlar 20 ildən bəri yürüdülən antixalq siyasətlərinin doğurduğu siyasi dalan faktını ört-basdır etmək görsənişləridir.

Hakimiyətə bağlı teleradiolar, qəzetlər birdən belə bir informasiya ilə dolur: “Prezident I.Əliyev Saatlı rayonundakı 21 kilometrlik Qarayevkənd-Smadakənd yolunun 11-ci kilometrinin açılışını qeyd etmişdir”. Bircə vu fakt Azərbaycanda prezidentlik institutunun dövlət yönətim institutu olaraq necə ucuzlaşdırıldığının, necə gülünc günə qoyulduğunun parlaq görsənişidir. Yeni çəkilən magistral yolların açılış lentini kəsmək, uzaqbaşı, nəqliyat nazirinin, kəndarası yolun açılış lentini kəsmək… bələdiyənin işi, görəv borcudur. Bunları bilməyən, bilmək istəməyən kimsənin üçüncü yol prezident seçilmək istəyi Azərbaycanda prezidentlik institutunun necə ucuzlaşdığının, ucuzlaşdırıldığının daha bir görsənişidir. Prezidentlik bir belə ucuzlaşandan, ucuzlaşdırılandan, bələdiyə statusuna endiriləndən sonra bir adam üç yol yox, otuz yol da prezident “seçilə” bilər. Bu baxımdan I.Əliyev, hakimiyətyönlülərin dediyi kimi, doğrudan da alternativsizdir. 

“Ölkədə geniş tikinti-abadlıq işləri aparıldığı” durmadan gözə soxulur. Bunlar başlıca olaraq nədir: “ümummilli lider” muzey-parkları, olimpiya kompleksləri, bayraq meydanları. Bugünlərdə Saqatlıda 82 metr hündürlüyündə bayraq dirəyi ucaldılıb, uzunluğu 24, eni 12 metr olan dövlər bayrağı asılıb. Şəmkir rayonunda bayraq meydanı üçün 4.5 hektar yer ayrılıb, 98 metr hündürlüyündə, bayraq dirəyi ucaldılıb, uzunluğu 40, eni 20 metr olan dövlət bayrağı asılıb. Prezident adlanan kimsə ölkə boyu gəzib bu sayaq düşük “tikinti-abadlıq işləri” ilə bağlı başçıların yalataqlığa bürünmüş çıxışlarını, sonra da qabaqcadan seçilib öyrədilmiş adamların yaltaqlıq dolu söyləmələrini aşırı bir istəklə dinləyir. Belə yaltaqlardan biri Azərbaycanda körpü tikmək “ənənəsinin əsasını” ata Əliyevin qoyduğunu bildirir. Prezident “xalqdan” eşitdiyi yaltaq yalanların hamısının doğru olduğunu bildirəndən sonra dünyada Azərbaycan iqtisadiyatının ən güclü iqtisadiyat, Azərbaycan dövlətinin çox güclü dövlət olması ilə bağlı yalanlar söyləyir. Beləcə, prezident “xalqa”, “xalq” prezidentə kefi istəyən yalanı danışır. Prezident yalanlarının ən başlıcası Azərbaycanın sosial dövlət olması yalanıdır. Soyğunçuluğun-korrupsiyanın-monopoliyanın DÖVLƏT SIYASƏTINƏ çevrilməsi faktının özü antisosial dövlət görsənişidir.