Hakimiyyət “1 milyon iş yeri” nağılıyla cəmiyyəti çaşdırmağa çalışır

Nemət Əliyev: «Əhali haqlı olaraq, bu qədər iş yerinin harada açıldığını, özlərinin niyə iş yeri tapa bilmədiyini soruşur»

“Azərbaycan” qəzeti Azərbaycanda uğurlu iqtisadi siyasətin göstəricisi kimi, ölkədə xeyli iş yerlərinin açılmasından bəhs edir. Qəzet Dövlət Statistika Komitəsinin məlumatına istinad edərək, 2009-cu il yanvarın 1-dən bu il iyunun 1-dək ölkədə 419 min 802 yeni iş yerinin açıldığını yazır. Qeyd olunur ki, təkcə bu ilin 6 ayı ərzində ölkədə 58 min 714, o cümlədən 44 min 748 daimi iş yeri açılıb.

“Azərbaycanda 10 il əvvəl məşğulluq probleminin həlli üçün nəzərdə tutulmuş vəzifələr uğurla yerinə yetirilir. 10 il ərzində 1 milyon 180 min yeni iş yeri açılıb”, – deyə məqalədə qeyd olunur.

Iqtisadçı ekspert Nemət Əliyev isə Dövlət Statistika Komitəsinin sözügedən məlumatının həqiqəti əks etdirmədiyini deyir. Ekspertin sözlərinə görə, komitə bu cür açıqlamaları yayarkən itirilən iş yerlərinin uçotu barədə məlumatlar gizlədilir: “Azərbaycanda qeydə alınmamış iş yerləri var. 2004-cü ildən üzü bəri Azərbaycanda açılan çoxsaylı iş yerlərinin uçotu məqsədyönlü şəkildə aparılmırdı. Bunu da vergidən yayınmaq üçün edirdilər. Hökumət bunu yaxşı bilirdi və sonradan kampaniya təşkil edərək, qeydə alınmamış iş yerlərinin uçotunu aparmağa başladılar. Bu gün açıqlanan rəqəmlərin içində təqribən 70 faiz iş yeri həmin dövrdə mövcud olan, lakin uçota alınmamış, sonradan qeydiyyata alınan iş yerləridir”.

Nemət Əliyev deyir ki, bir milyondan çox iş yerinin açılması haqda məlumatlar insanlarda çaşqınlıq yaradır. Çünki əhali haqlı olaraq, bu qədər iş yerinin harada açıldığını, özlərinin niyə iş yeri tapa bilmədiyini soruşur: “Hökumət bilərəkdən şişirdilmiş, amma mahiyyəti saxtalaşdırılmış məlumatı cəmiyyətə ötürür və onlarda iş yeri tapmaq barədə yalançı təsəvvür yaradır”.

Ekspert vurğulayır ki, onsuz da xalq belə yalançı məlumatlara inanmır və saxta açıqlamalardan bezib: “Fakt budur ki, Azərbaycanda işsizlərin sayı real şəkildə çoxdur. Hələ 2002-ci ilədək əhalinin 49 faizinin işsiz olması barədə məlumat yayılanda hökumət onu qəbul etməsə də, sonradan bunu təsdiqləmişdi. Açıldığı iddia edilən iş yerlərilə paralel şəkildə çoxsaylı iş yeri də itirilib. Inhisarlaşmanın nəticəsində ticarət obyektləri, yarmarkaların sökülməsi, sahibkarların obyektlərinin əllərindən alınması və dağıdılması nəticəsində çoxlu iş yerləri itirilib.

Bu gün Statistika Komitəsinin məlumatıyla hökumətin dedikləri arasında köklü fərq var. Diqqət etsək, əmək ehtiyatları balansında həmin fərq görünür. Hökumət kampaniya aparmaq məqsədilə reverans edir. Əslində, 1 milyondan çox iş yerinin açılması ümumdaxili məhsulun istehsalında özünü qabarıq şəkildə göstərməliydi. Eləcə də ölkənin sosial-iqtisadi həyatında diqqətə çarpan sıçrayış olmalıydı. Lakin  bu gün ölkənin qeyri-neft sektoru bərbad vəziyyətdədir. Belə olan halda, yeni iş yerlərinin açılmasından danışmaq yersizdir”.

Nigar