Cəmil Həsənli İTV-də hakim ailənin Dubaydakı mülklərindən və ofşorlardakı pullarından danışdı (VİDEO)
“Xəstə olmaq millətin sərvətini xaricə daşımaqdır, mömin insanın cibinə narkotik atmaqdır, İslam inancını narkotikə bulaşdırmaqdır…”
Təşviqat kampaniyası çərçivəsində dünəndən etibarən Ictimai Televiziyada namizədlərin çıxışları başlanıb. Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli çıxışında ölkədə baş verən korrupsiya və talançılığa görə birbaşa dövlət başçısı Ilham Əliyevi ittiham etdi.
Cəmil Həsənlinin çıxışını təqdim edirik. Mətn videodan sonra:
– Ölkədə siyasi kampaniya başlanıb. Prezident seçkiləri kimi siyasi bir kampaniya…
Prezident seçkiləri təkcə seçiciyə vəd vermək məqamı deyil. Eyni zamanda, hesabat vermək məqamıdır. Bu baxımdan, 10 il respublikaya rəhbərlik edən cənab Ilham Əliyev bu debatlarda iştirak etməyi özünə sığışdırmır. O, ya prezidentliyə namizədlərlə bir yerdə oturmağı özünə sığışdırmır, ya da bu xalqa sayğılı münasibəti yoxdur ki, hesabat vermək istəmir.
Qüdrət müəllim (Həsənquliyevi nəzərdə tutur-red.) burada mənim kitabımdan Heydər Əliyevlə bağlı sözlərimi oxudu. Buna görə ona təşəkkür edirəm. O kitabı mən yazmışam, dediyimin də üzərində dayanıram. Ancaq məsələlər tək ondan ibarət deyil. O kitabım çap olunandan sonra xeyli faktlar aşkarlandı. Bir prezident kimi, Ilham Əliyev həmin faktlara öz münasibətini bildirməliydi. Bu günlər bir məqam idi ki, bizimlə bərabər sorğularımıza, bu millətin, xalqın sorğularına cavab versin. Məsələn, ona cavab versin ki, prezident olduğu bir müddətdə oğluna Dubayda 75 milyona 9 mülk alıb. Bir vaxtlar cəmiyyətimiz bunu bilmirdi. Indi şükr Allaha, bu faktların hamısı açılıb. “Vaşinqton Post” kimi bir mətbuat orqanı bu barədə məlumat verib. Təkcə bu fakt normal bir ölkədə açıqlansaydı, həmin siyasətçi həmin axşam siyasətdən, ölkə rəhbərliyindən getməli idi.
Yaxud bu yaxınlarda Britaniyanın Vircin adalarında Azərbaycandan oğurlanmış 48 milyard vəsait barədə sənədli-sübutlu məsələlər ortaya qoyuldu. Bunun hesabatını Azərbaycan millətinə vermək lazımdır. Azərbaycanın büdcəsi cəmi 20 milyarddır. Büdcədən artıq olan vəsait necə oğurlanıb? Panama şirkətlərilə bağlı söz-söhbət dolaşır və bunun sənədləri, sübutları ortaya qoyulur. Bir prezident kimi, Ilham Əliyev üçüncü dəfə prezidentliyə gedən şəxs kimi, bu məsələlərə aydınlıq gətirməli idi. Azərbaycan ictimaiyyətinə bunun açıqlamasını verməli idi. Necə oldu ki, onun prezidentliyi dövründə Azərbaycandan bu qədər vəsait çıxarıldı, bu qədər vəsaitlər mənimsənildi?
Ayrı bir fakt deyim sizə. Məsələn, bu hakimiyyətin ən kasıb naziri hesab olunan Kənd təsərrüfatı nazirinin 27 yaşlı oğlunun Londonda 26 milyon dəyərində olan mülkiyyəti, maliyyə vəsaitləri var. Bu yalnız bir nazirin oğlunun mülkiyyətidir. Əgər vaxtımız imkan versəydi, o biri nazirləri də sadalasaydıq, görərdik ki, Azərbaycan necə vəziyyətdədir, ölkə necə talan olunur, bu millətin yaşayışı necə oğurlanır və bu millət necə məzlum günə salınıb.
***
Cəmil Həsənli çıxışını bu yerdə kəsib vaxtının qalan hissəsini sonraya saxladı.
Ardıcıllıq üzrə növbə yenidən YAP-ın namizədi İlham Əliyevin nümayəndəsi Əli Əhmədova çatanda, bəlli oldu ki, o, studiyaya Cəmil Həsənliyə qarşı “kompromatla” gəlib. Əli Əhmədov Milli Şura namizədinin pensiya yaşı çatmamış təqaüdə çıxdığını, buna əsas kimi isə onun göz xəstəliyinin göstərildiyini deyib, kağızlar nümayiş etdirdi. YAP namizədinin nümayəndəsi çıxışının qalan hissəsini də buna həsr edib Cəmil Həsənlinin ünvanına xüsusi tonla “xəstə” ifadəsi işlətdi.
Cəmil Həsənli isə Əli Əhmədovun və onun təmsil etdiyi hakimiyyətin cavabını çıxışının davamında verdi. Həm də çox sərt ifadələrlə:
– Hörmətli seçicilər, Azərbaycan neft ölkəsidir və ölkə neft gəlirlərinin ən yüksək məqamını yaşadı. Baxın, sizin əmək haqlarınız, 300 mindən artıq müəllim ordusunun, həkim ordusunun, mədəniyyət işçilərinin əməkhaqları nə qədərdir? Bu hakimiyyət analoqsuz inkişafdan danışır. Analoqu olmayan inkişaf xalqın maddi rifahında öz əksini tapmalıdır. Milyardlarla vəsaiti mənimsəyib xaricə daşıyanlar nə qədər təqaüd verir insanlara? 100-120 manat. Əməkhaqqı nədən ibarətdir? Təqaüdün məbləği o qədər azdır ki, onu hökumətin iclaslarında manatla deməyə utanırlar, dollarla deyirlər. Azərbaycan vətəndaşı 200 dollar əməkhaqqı alır. Bu qədər neft pulları gəldiyi halda, niyə millətimiz bu qədər yoxsuldur? Ona görə ki, Azərbaycanda korrupsiya hökm sürür. Korrupsiyaya qarşı mübarizə ona görə öz nəticəsini vermir ki, bu korrupsiyanın başında bilavasitə respublikanın prezidenti Ilham Əliyev dayanır.
Baxın, bu hakimiyyətə niyə səs verməlidilər? Əməkhaqları, təqaüdlər bərbad vəziyyətdədir. Təqaüdçüyə verilən pulla bir reseptə yazılan dərmanları almaq mümkün deyil. Təhsilimiz hansı səviyyədədir? Bu yaxınlarda elan olundu ki, 9-cu sinif buraxılış imtahanlarında ana dili imtahanından bütün şagirdlərin 46,7 faizi 2 alıb. Budur sizin analoqsuz inkişafınız? Bu göstəricilərə görə xalqa hesabat vermək lazımdır. Sabaha savadsız bir kütlə hazırlayırsınız. Xəstə olmaq bax, bu deməkdir. Xəstə olmaq millətin sərvətini xaricə daşıyıb aparmaqdır. Xəstə olmaq mömin insanın cibinə narkotik atıb saxta ittihamlarla onu tutmaq, insanların Islam inanclarını narkotikə bulaşdırmaqdır. Budur xəstəlik Əli (YAP-ın icra katibi Əli Əhmədov nəzərdə tutulur-red.) müəllim! Fiziki cəhətdən xəstə olmaq heç də ayıb deyil.
Burada Zahid bəy (Oruc-red.) Kür daşqınlarından və Zaqatala zəlzələsindən danışdı. Dedi ki, müxalifətçilər buna münasibət bildirmirlər. Gələn çıxışlarımda mövzunu davam etdirəcəyəm!
***
Onu da qeyd edək ki, ITV-də debat başlayan kimi bir sıra bölgələrdə işıqlar söndürülüb. Sosial şəbəkələrdə yayılan məlumata görə, Saatlı rayonunun Xanlarkənd, Qarayevkənd, Soltanabad, Mircəlalkənd kəndlərində saat 19 radələrindən etibarən işıqlar söndürülüb. Analoji hallar Lənkəran, Mingəçevir, Göyçayın bir neçə kəndlərində də təkrarlanıb.