Beyləqanda qadınlar yolu bağladı

«Yolu bağladıq ki, bəlkə problemimizi həll edən oldu, amma polis hamımızı döyüb ərazidən uzaqlaşdırdı»

Beyləqan rayonunun Milabad qəsəbəsindən olan qadınlar dünən Beyləqan-Daşburun avtomobil yolunu bağlayaraq, etiraz aksiyası keçiriblər. Bu barədə “Azadlıq” radiosuna aksiya iştirakçılarından Afət Ibrahimova məlumat verib.

O bildirib ki, evləri 10 ilə yaxındır qrunt suları içindədir: “Hər yerə müraciət etmişik, bizim müraciətlərə baxan yoxdur. Yaşaya bilmirik. Biz yolu bağladıq ki, bəlkə problemimizi həll edən oldu. Amma polis hamımızı döyüb ərazidən uzaqlaşdırdı. Icra hakimiyyətinin üç nümayəndəsi gəlmişdi evlərə baxmağa, lakin çəkmələri olmadığından bizim evə girə bilmədilər”.

Ərazidə olan rayon icra hakimiyyəti başçısının birinci müavini Telman Məstanov da qəsəbədəki problemlərin mövcudluğunu təsdiqləyir: “Biz Milabaddayıq. Camaatla bir-bir həyətləri gəzirik ki, onlara nə yardım edə bilərik. Çoxdandır ki, bu qəsəbə qrunt suları içərisindədir. Amma bunu həll etmək rayon icra hakimiyyətinin gücü daxilində deyil. Bu problemin aradan qaldırılmasıyla bağlı layihə hazırdır, maliyyə tranşının açılmasını gözləyirik”.

Problemin aradan qaldırılması üçün nə qədər vəsait tələb olunmasına gəlincə, Telman Məstanov bu barədə dəqiq məlumat verə bilməyəcəyini deyib.

Qəsəbə sakinləri isə bildirirlər ki, bir müddət əvvəl rəsmilər onlara problemin aradan qaldırlması üçün 6 milyon manat vəsait lazım olduğunu deyiblər.

Rayon polisi aksiya iştirakçılarına qarşı zorakılıq barədə deyilənləri təkzib edir. Polis şöbəsindən “Azadlıq” radiosuna bildirilib ki, onlar yolu açmaq üçün qadınları ərazidən uzaqlaşdırıblar, amma bu zaman heç kimə qarşı zorakılıq edilməyib.