Bakıda maşın sürmək Qarabağda tank sürməkdən çətindir

Çox yox, ölkəni bir aylığa tərk etmək yetər ki, qayıdıb görəsən məmləkətdə nəinki böyük dəyişikliklər, hətta çevrilişlər baş verib.

Məsələn, iki-üç gün öncə bir qohumumla yolla gedirdik. Bu vaxt qoltuğuna qovluq vuran bir nəfər bizə yaxınlaşıb dedi ki, “obyekt, ev, bağ üçün torpaq yeri istəmirsiniz? Elə indicə işə düzəldim. Icra başçısı dedi ki, bu dəqiqədən sənə aid olan ərazidən istədiyin yeri ilk qarşına çıxana sata bilərsən. Siftəni sizinlə etmək istədim, möhür də cibimdədir…”. Adam heç nədən qorxub-çəkinmədən bizə möhürü göstərdi, üç mobil telefon nömrəsi verdi. Biz nömrələrin “makler məmur”a aid olduğuna əmin olmaq üçün ona zəng etdik. O da ilk “iş günü”nü küçənin ortasında “canlı məşq” etməyə başladı. Maşallah, xeyli inkişaf var, artıq məmurlar vətəndaşları möhürləmək üçün yolda, dayanacaqda, bazarda…onları qəbul edirlər. Səhər tezdən qarşımıza çıxan “qara pişik” qohumumu çox dilxor etdi, çünki evini satmaq üçün yaşayış yerindən arayış almağa gedirdik. Kədərlə mənə baxıb dedi ki, “sən də deyirsən rüşvət vermə, bu həyasızlar artıq küçənin ortasında ”bazarlıq” edirlər, rüşvətsiz mümkün deyil”. “JEK” müdiri küçənin ortasında “alğı-satqı” edən məmurdan da əclaf çıxdı. Dedi ki, 100 manat verməsəniz sizə “Forma 2″ verən deyiləm. Ya gedin qaza, suya, işığa borcunuz olmadığı haqqında Baş idarələrdən arayış gətirin, ya da 100 manat verin”.

Adamın üzünə diqqətlə baxdım, vallah, evimin kandarında hər gün ayağımı sürtüb keçdiyim ayaqaltı onun üz dərisindən keyfiyyətli idi. Eləsinə nəinki pul, heç toz, palçıq da vermək mümkün deyil, adamın əl-ayağı quruyar. Tərslikcə, boğazım da qurumuşdu, üzünə tüpürmək də mümkün deyildi…

Bəli, Ilham Əliyev demişkən: ölkə sürətlə “inkişaf” edir. Elə sürətlə gedir ki, yaşadığın ərazidən arayış verilən Baş idarələrə gedib çatmaq da olmur. Axı harda görünüb ki, evin şəhərin girişində olsun, arayışı isə sənə şəhərin çıxışında versinlər? Idarələri hara gəldi səpələməkdir inkişaf? Axı əvvəllər sənə lazım olan arayışı yaşadığın yerdən almaq üçün nəinki taksiyə, heç avtobusa da ehtiyac olmurdu, iki-üç addım gedən kimi alırdın. “Şirinlik” vermək də zorla deyildi. Indi isə, arayış almaq üçün vertolyotdan istifadə etməlisən, o da yuxarıdan zibil tökənlərdə var. Ilahi, o üç matah arayışı almaq üçün bizim başımız bir həftə içində nələr çəkmədi. Necə deyərlər, anadan əmdiyimiz süd piltə-piltə burnumuzdan gəldi. Yaxşı ki, hər ikimiz iki yaşımıza kimi ana südü ilə qidalanmışdıq, yoxsa ehtiyatda heç nə qalmazdı. Arada qohumum bezib deyirdi ki, insafın olsun, gəl qayıdaq bu yoldan, anam məni iki ay süddən tez kəsib, gedək rüşvəti verək, mən qoymurdum… 

Əlində möhür tutan bir quldura 100 manat verməmək uğrunda mübarizədə bir həftə ərzində hardasa 200 manatı taksilərə payladıq. Halal xoşları olsun! Yeri gəlmişkən, bir həftə ərzində “taksi gəzintiləri”mizdən anladım ki, Bakıda maşın sürmək Qarabağda tank sürməyə bərabərdir. Doğrudur, birinci gün bəzi çətinliklərimiz oldu, axşam ac-susuz evə qayıtmışdıq, sonra hazırlıqlı çıxırdıq: qapıya gələn taksiyə samovar, odun, kömür, qənd, çay, ət tuşonkaları, paket supları, suxari.., xülasə, Bakı sakinlərinə tıxac zonasına, maşın mühasirəsinə düşəndə lazım olan şeyləri yükləyib gedirdik. Saatlarla tıxacda qalanda taksinin üstünə palaz sərib, samovara od salıb, oxuyurduq: “Idarələr uzaqdadır, hər biri bir tərəfdədir, çata bilmirik bir həftədir, nə şirindir arayışın canı…”.

Yeri gəlmişkən, “Binəqədi Rayon Su-kanal Idarəsi”ni axtaranda bizə dedilər ki, idarə “Azadlıq” metrosu tərəfdə, “Kəmalə-Nərmin” restoranının həyətində yerləşir. Idarəyə yaxınlaşanda şirin xəyallardan ayıldım: həyətdə yekəqarın kişilər kabab yeyirdilər, küçə pişikləri onların yerə atdıqları sümükləri yalayırdı, divarın aşağı hissəsinə “Binəqədi Rayon Su-kanal Idarəsi”, yuxarıya isə “Kəmalə-Nərmin” restoranı yazılmışdı. Yalnız yüksək sürətlə “inkişaf” edən ölkədə şadlıq evi ilə “çirkab suyun axıdılması xidmətinə görə borcu yoxdur” arayışını verən idarə yanaşı olar. Əzizlərim, bu iyrənclikdən qurtulmaq üçün ETIRAZ etməyin vaxtı deyilmi?!.