“AzDrama” rəhbərilə yazıçı arasında qalmaqal

Eldəniz Quliyev: «Bu teatrda həmişə narazılıqlar olub»

Akademik Milli Dram Teatrının direktoru Israfil Israfilov son vaxtlar teatra təqdim olunan əsərləri tamaşaya qoymadığını deyir. Yadınızdadırsa, I.Israfilov bir müddət əvvəl də orta məktəblərdə teatr biletlərinin satılmasına imkan verməyən Təhsil Nazirliyini qınaq obyektinə çevirmişdi. Indi də heç kimin pyesini tamaşaya qoymadığını bəyan edən direktor yazıçı-dramaturq Firuz Mustafanın yaradıcılığının üstündən xətt çəkdiyini bildirib. Deyib ki, Firuz Mustafanın 12 pyesini oxuyub, lakin onların heç birindən tamaşa hazırlamaq mümkün olmayıb.

Yazıçı-dramaturq Firuz Mustafaÿ”AzNews.az”a açıqlamasında “AzDrama”nın direktorunu yaradıcı adamdan daha çox siyasi karyeristə bənzədib. F.Mustafa yaradıcılıqda belə bir adamı görmədiyini də vurğulayıb.

“AzDrama” rəhbərinin son vaxtlar yaradıcı şəxslərə qarşı münasibətini şərh edən tanınmış kinorejissor Eldəniz Quliyev Israfil Israfilovun direktor təyin olunandan sonra müəyyən islahatlara başlamaq istədiyini xatırladır: “Amma təəssüf ki, bu islahatlar bir çox hallarda təpkilə qarşılandı. Aktyorların ştatlardan çıxarılması, rejissorların dəvət olunması, tamaşalarda rəssamların işləməsi müqavilə yoluyla oldu və bu məsələlər çox narahatlıqlar yaratdı. Mehdi Məmmədovun təbirincə desək, teatr elə bir məbəddir ki, orada hər bir iş ehtiyatla və həssaslıqla görülməlidir. Teatrda həmişə narazılıqlar olub. Stanislavskidən tutmuş, indiyədək həmişə narazılıqlar baş verib. Lakin eyni zamanda, sənət də olub axı… Mən istərdim ki, Akademik Dövlət Dram Teatrı işi elə sənət üzərində görsün, sənətə köklənsin”.

Nigar