Avropa Məhkəməsi Aslan İsmayılovun şikayətinə baxacaq

Hüquqşünas Aslan İsmayılovun 2010-cu ildə keçirilmiş parlament seçkisi üzrə şikayətinə görə Avropa İnsan Hüquqları Məhkəməsi ilə Azərbaycan hökuməti arasında kommunikasiya başlayıb. Aslan İsmayılov 2010-cu ildə Milli Məclisə seçkidə 20 saylı Nərimanov dairəsindən deputatlığa namizəd olub, seçki hüquqlarının pozulduğu iddiası ilə məhkəmə çəkişmələri aparıb və sonda Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutub.

Sentyabrın 17-də Avropa Məhkəməsindən Aslan İsmayılova məlumat verilib ki, onun Avropa İnsan Hüquqları Konvensiyasının 13 və 14-cü maddələri, eləcə də konvensiyanın 1 saylı protokolunun 3-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının pozuntusu üzrə şikayəti qəbul edilib və bununla bağlı 16 yanvar 2014-cü ilə qədər Azərbaycan hökumətinə öz qeydlərini bildirmək vaxtı verilib.

Ərizəçini Avropa Məhkəməsində vəkil Akif Əlizadə təmsil edir.