Seçki pozuntularına görə hökumətə Strasburqdan sorğu gəlib

Hökumət Avropa Məhkəməsindən yanvarın 16-na qədər möhlət istəyib

Avropa Məhkəməsi 2010-cu ilin parlament seçkilərilə bağlı daha 15 şikayət üzrə Azərbaycan hökumətinə sorğu göndərib. Onların arasında 17 saylı Yasamal 3-cü Seçki Dairəsi üzrə namizəd olmuş Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov, 43 saylı Sumqayıt 3-cü Seçki Dairəsindən müstəqil namizəd kimi seçkiyə qatılmış Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyevin işi də var. Avropa Məhkəməsi bu işlər üzrə sualların cavablandırılması üçün hökumətə gələn il yanvarın 20-nə qədər vaxt verib.
Bu barədə “Azadlıq”a məlumat verən hüquqşünas Intiqam Əliyev bildirib ki, beləliklə, 2010-cu ilin parlament seçkiləri üzrə Avropa Məhkəməsilə Azərbaycan hökuməti arasında kommunikasiyası başlamış işlərin sayı 31-ə çatıb.
Məsələ burasındadır ki, bir müddət əvvəl Strasburqdan Azərbaycan hökumətinə 2010-cu ilin parlament seçkilərilə bağlı 16 iş üzrə sorğu göndərilmişdi. O işlər sırasında AXCP sədrinin müavini Nurəddin Məmmədli, Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli, vəkil Xalid Bağırov, jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli və başqalarının şikayətləri də var.
Avropa Məhkəməsi hökumətə seçki şikayətləri üzrə sorğuları cavablandırmaq üçün sentyabrın 25-nə qədər vaxt vermişdi. Bu yaxınlarda Avropa Məhkəməsindən şikayətçilərin vəkillərinə məlumat daxil olub ki, hökumət Avropa Məhkəməsindən yanvarın 16-na qədər uzadılmasını xahiş edib. Avropa Məhkəməsi də hökumətin xahişini təmin edib.
Intiqam Əliyev deyir ki, 2010-cu ilin parlament seçkilərilə bağlı Strasburqa 120-dən çox şikayət göndərilib: “Hesab edirəm ki, şikayətlərdə göstərilən hallar üzrə Avropa Məhkəməsindən göndərilmiş suallara arqumentli cavablar tapmaq hökumət üçün o qədər də asan olmayacaq. Namizədlərin qeydiyyatından imtina ilə bağlı 31 iş üzrə kommunikasiya başlayıb. Hələ ardının gələcəyi gözlənilir. Digər xarakterli işlər üzrə də kommunikasiyaların başlanacağı gözlənilir. 2005-ci il seçkilərilə bağlı Azərbaycan əleyhinə verilən qərarların və 2010-cu il seçkilərilə bağlı kommunikasiya olunan işlərin sayı birmənalı bu qənaəti səsləndirməyə imkan verir ki, bu ölkədə azad və ədalətli seçkilər keçirilmir. Düşünürəm ki, Avropanın ən yüksək hüquq müstəvisində təsdiqini tapmış təkcə elə bu fakt Avropa Şurasına siyasi qərarlar qəbul etmək üçün yetərlidir. 2013-ün prezident seçkiləri ərəfəsində baş verənlər bir daha sübut edir ki, bu hakimiyyətin azad seçki keçirmək fikri yoxdur”, – deyə hüquqşünas bildirib.
2005-ci ilin parlament seçkiləri üzrə şikayətlərin statistikasına toxunan I.Əliyev bildirib ki, Azərbaycandan Strasburqa 40-a yaxın şikayət göndərilmişdi. Onlardan 11 şikayətə baxılaraq, şikayətçilərin azad seçki hüququnun pozuntusu tanınıb. Daha 7 iş üzrə şikayətlərdə göstərilən pozuntuları hökumətin etiraf etməsi səbəbilə onlar baxılan işlərin siyahısından çıxarıb. 2005-ci il seçki şikayətlərilə bağlı qərarı elan edilməyən bir iş qalıb ki, bu da AXCP sədrinin müavini Həsən Kərimovun şikayətidir. Bu iş üzrə qərarın da yaxın zamanda elan ediləcəyi gözlənilir.

Aytən Məmmədova