“Qurban Məmmədovu aktivliyinin qarşısını almaq üçün həbs etdilər”

Namizəd Səfərov: «Istintaqı aparan müstəntiqlər ancaq vaxtı yubatmaqla məşğuldurlar»

Saxta ittihamlarla bu ilin iyunun 4-də həbs edilən və hazırda Bakı Istintaq Təcridxanasında saxlanılan vəkil Qurban Məmmədov Insan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanovaya müraciət edib. O, müraciətində yazır ki, 1 avqust 2013-cü ildə həbs müddəti 2 sentyabr 2013-cü ilədək uzadılıb:

“2 sentyabrda haqqımdakı qətimkan tədbiri müddəti bitsə də, mən heç bir qanuni əsas olmadan, faktiki girov kimi Bakı Istintaq Təcridxanasında, 1-ci korpusun 67-ci kamerasında saxlanılıram. Bununla da mənim Konstitusiyanın 28-ci maddəsinin II hissəsində nəzərdə tutulan: ”Azadlıq hüququ yalnız qanunda nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər” hüququm pozulur. Azərbaycan Respublikasının qanunlarında “Cinayət işi məhkəməyə göndərildikdə ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri atomatik olaraq qüvvədə qalır və ya uzadılır” kimi qayda nəzərdə tutulmayıb. Əksinə, CPM-nin 156.2-ci maddəsinə əsasən, “həbs… yalnız məhkəmənin qərarına əsasən seçilə bilər”. 02 sentyabrdan sonra isə mənim azadlığımın məhdudlaşdırılması barədə heç bir məhkəmə qərarı yoxdur. Mən faktiki olaraq, həbsimdə maraqlı olan və məni siyasi mövqeyimə, müxalifətçilik fəaliyyətimə görə təqib edən siyasi dairələrin qanunsuz tapşırığı ilə girov kimi saxlanılıram. Həyatım hər an təhlükə altındadır. Çünki mədəni dünyanın gözü qabağında, Avropa Şurasına daxil olan, Avropa Insan Haqları Konvensiyasını qəbul etmiş bir dövləti yönəldən rejim açıq şəkildə – məhkəmə qərarı olmadan insanı həbsdə saxlayırsa, ondan hər cür təhlükə gələ bilər”.

Tanınmış hüquqşünas Namizəd Səfərov “Azadlıq”a açıqlamasında bildirdi ki, Azərbaycanda istintaqı aparan müstəntiqlər ancaq vaxtı yubatmaqla məşğuldurlar: “Istinaqı aparan müstəntiqlər ancaq bunu edirlər. Nəticədə heç bir istintaq işi getmir. Insan hüquqlarının ən ümdə hallarından biri həbs olunan şəxsin qısa müddətdə işinin məhkəməyə verilməsi hüququdur. Bu hüquq qanunvercilikdə də öz əksini tapıb. Bizdə isə hər şey başqa cürdür. Öncə vətəndaşa ittiham verilir, həbs edilir, sonra verilmiş ittiham üzrə maddəni düşünürlər”.

“Qurban Məmmədov yaxşı bilir ki, siyasi baxışlarına, fəal vətəndaşlığa görə siyasi motivlərlə həbs olunub. Seçki ərəfəsində olduqca aktiv qoşulmuşdur. Baş verən hadisələri cəmiyyətə sosial şəbəkələr vasitəsiylə də çatdırırdı. Bunun qarşısını alımaq üçün onu həbs etdilər. Üç aydan artıq vaxt keçib. Istintaq müddətinin iki dəfə artırıblar. Avtoqəza ilə bağlı cinayət işidir. Bunun bir ay ərzində də istintaqını aparmaq mümkün idi. Məhkəməyə vermək olardı. 2012-ci ilin sentyabrından bu günə qədər bu işin istintaqını aparırlar və ehtiyat varianti kimi saxlamışdılar və seçkilər ərəfəsində həbs etdilər. Hadisənin bir ili tamam oldu, 3 aydır ki, vətəndaşı həbsdə saxlayırlar. Hesab edirəm ki, məhkəmə istintaqın verdiyi sifarişlə qərar çıxaracaq. Qurban Məmmədovun güclü vəkilləri var və özü də hüquqlarını qorumağı yaxşı bacarır. Ona verilən qondarma ittihamların məhkəmə zamanı üzə çıxacağına şübhəm yoxdur. Əgər siyasi sifariş olmasa, bəraət alacaq”, – deyə Namizəd Səfərov qeyd etdi.

Ramin DEKO