MTN jurnalist və hüquq müdafiəçisini həbs etdi

Pərviz Həşimliyə iki maddə ilə ittiham elan olundu (TƏFƏRRÜAT ANBAAN) – FOTOLAR

Onun evində və işlədiyi media orqanlarında axtarış aparıldı və silah «tapıldı»

02:25

“Bizim yol” qəzetinin redaksiyası qəzetin əməkdaşı Pərviz Həşimlinin həbsi ilə bağlı açıqlama yayıb. Musavat.com-un məlumatına görə, açıqlamada deyilir:

“Dünən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən “Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzin sədri Pərviz Həşimli saxlanılıb. Jurnalist və hüquq müdafiəçisi Cinayət Məcəlləsinin 206.3.2-ci və 228.2.1-ci maddələri ilə qaldırılmış cinayət işi üzrə şübhəli şəxs qismində cəlb edilib. Bu səbəbdən məhkəmənin qərarı ilə Pərviz Həşimlinin evində və iş yerində axtarış aparılıb. Bu iş üzrə saxlanılanlar qanunsuz odlu silah və narkotik saxlamaqda şübhəli bilinirlər.

“Bizim Yol” qəzetinin redaksiyası bəyan edir ki, Pərviz Həşimlinin belə bir cinayət əməllərində hər hansı formada iştirakına inanmır və ümid edir ki, istintaq obyektiv və qərəzsiz aparılacaq, gerçək ortaya çıxacaq”.

02.00

Gecə saat 02.00 radələrində MTN əməkdaşlarrı Pərviz Həşimlinin evini tərk edib. Bundan sonra evin qarşısında gözləyən jurnalistlər evə daxil olub hadisə ilə bağlı P.Həşimlinin həyat yoldaşı İlahə Həşimovadan məlumat ala bilib. “Azadlıq”ın əməkdaşı S.Vaqifqızının verdiyi məlumata görə, İ.Həşimova MTN əməkdaşlarının evin həyətindəki kiçik tikiliyə 30 bomba yerləşdirdiyini deyib. Belə ki, həmin tikilinin qapısı əvvəl açıq olsa da, MTN əməkdaşları oranın qapısını bağladıqlarını deyib və bununla ora özlərinin girib nəsə yerləşdirdiyini etiraf etmiş olublar. İ.Həşimova MTN əməkdaşlarının evdə divanın altından bir “Makarov” tipli tapança “aşkar” etdiyini deyib. Baxmayaraq ki, birnci axtarışda ordan heç nə tapılmayıb. İ.Həşimova bir neçə gün əvvəl Pərvizə televiziyaya çıxaraq AXCP sədri Əli Kərimliyə qarşı çıxış etmək təklifi edildiyini də jurnalıstlərə bildirib. Bunun əvəzində P.Həşimliyə şirnikləndirici vədlər də verilib. Lakin P.Həşimli bundan imtina edib və həyat yoldaşına “başıma bir iş gəlsə, MTN-nin İlqar adlı yüksək rütbəli əməkdaşından gələcək” deyib. İ.Həşimova evdə axtarış aparıldığını, evin təhlükəsizlik kamerasının yaddaşının götürüldüyünü, həmçinin Pərvizə məxsus kompüterin aparıldığını bildirib. MTN əməkdaşları P.Həşimlinin toyda AXCP sədri ilə çəkildiyi şəklini də aparıb: “Onlar dedi ki, bu şəkil Pərviz Həşimlinin müxalifətə xidmət etdiyini sübut edir. Mən də bildirdim ki, Pərviz AXCP üzvüdür, siz də bunu bilirsiniz”. İ.Həşimova onun adından istifadə edərək uşağının evə gətirildiyini də qeyd edib.  Belə ki, MTTN əməkdaşları anasının uşağı görmək istədiyini deyiblər. Lakin İ.Həşimova əksinə, uşağın içəri gətirilməsini istəmədiyini, bunun ona təzyiq üçün edildiyini bildirdi. O həmçinin evə iki nəfər şahidin çağırıldığını, onlardan birinin deyilənləri təsdiq etməkdən imtina etdiyini, lakin MTN əməkdaşlarının onunla söhbətdən sonra razılıq verdiyini də bildirib.  

00.19

“Azadlıq”ın əməkdaşının verdiyi məlumata görə, P.Həşimlinin evinin qarşısında dayanan jurnalistlərə problemlər yaradılır. Həmin ərazidə internet və telefon şəbəkəsinə əngəllər yaradılıb. Eyni zamanda evin qarşısında gələn RATİ rəhbəri Emin Hüseynov də MTN əməkdaşlarının təzyiqi ilə üzləşib. Ərazidə çəkiliş aparmaq niyyətini Hümbət adlı MTN əməkdaşına çatdıran Emin Hüseynov qarşı tərəfin kobud rəftarı ilə üzləşib. E.Hüseynovun “çəkiliş aparmaq mənim hüququmdur” sözlərinə cavab olaraq MTN əməkdaşı Emini təhqir edərək “sən kimsən, sənin saçını yolaram” deyib.  

***

17.09.2013, 23.50

P.Həşimlinin evinin qarşısında çəkiliş aparmaq istəyən Azadlıq radiosunun əməkdaşı İslam Şıxəli polis təzyiqi ilə üzləşib. Polis əməkdaşları onun qollarını buraraq kamerasını əlindən alıb və hələ də kamera qaytarılmayıb. Polisin təzyiqi nəticəsində İ.Şıxəlinin barmağı çıxıb.   

23.30

Pərviz Həşimlinin həbsinin təfərrüatları məlum olub. P.Həşimlinin dayısının jurnalıstlərə verdiyi məlumata görə, bir neçə saat öncə P.Həşimlinin telefonuna tanımadığı nömrədən zəng gəlib. Zəng edən şəxs Gəncədən ona sovqat gətirdiyini və təcili söz çatdırmalı olduğunu deyib. P.Həşimli əvvəl görüşməyə tərəddüd etsə də, sonradan razılaşıb. Pərviz həmin şəxsin maşınına oturan kimi MTN əməkdaşları onları saxlayıb və maşından silah tapılıb. Daha sonra P.Həşimli əli qandallı rəhbəri olduğu Moderator.az saytının redaksiyasına gətirilib. 

23.05

“Azadlıq”ın əməkdaşı Sevinc Vaqifqızının verdiyi məlumata görə, hazırda Pərviz Həşimlinin evinin qarşısında MTN və post-patrul xidməti əməkdaşları keşik çəkir və heç kim evə yaxın buraxılmır. Yalnız Pərvizin 5 yaşlı uşağı içəridə olan anasının yanına buraxılıb. Uşaq MTN əməkdaşları evə soxularkən anasında alınaraq çölə çıxarılıb. MTN əməkdaşları evə gələrkən evdə tək olan P.Həşimlinin həyat yoldaşı qapını açmadığından onlar pəncərənin çərçivəsini sındıraraq içəri daxil olub. Onlar özləri də içəri pəncərədən keçdiklərini inkar etmir. Bundan sonra Pərvizin iki xalası da evə keçə bilib və qadınlar hamam otağında gizlənib. Lakin MTN əməkdaşları onları ordan çıxarıb. Hadisə yerindən məlumat verən “Azadlıq”ın sözlərinə görə, P.Həşimlinin həyat yoldaşı qışqıraraq “bunları necə qoymusunuz, elə də gəlib götürün. Bizim evdə bunlar olmayıb” deyir. 

22:05

Tanınmş  yazar Azər Rəşidoğlunun musavat.com-a verdiyi məlumata görə Parviz Həşimliyə qaçaqmalçılıq və qanunsuz silah əldə etmə ilə bağlı cinayət işi qaldırılıb. 206.3.2 və 228.2.1 maddələrlə.

21:45

Pərviz Həşimlinin yaxınları  “Azadlıq” qəzetinin əməkdaşına bildirib ki, onun redaktoru olduğu moderator.az saytının ofisində də axtarış aparlır. Əmisi oğlu Ərşad İbrahimovun sözlərinə görə isə MTN əməkdaşları Pərvizin evindən tapança “tapıblar”.

21:15

Pərviz Həşimlinin qardaşı Zamin Həşimov “Azadlıq” qəzetinin əməkdaşına bildirib ki, jurnalistin evinə 30 nəfərə qədər MTN əməkdaşı gəlib. Onlar evdə axtarış aparırlar, ancaq axtarışın məqsədi və səbəbi barədə məlumat vermirlər. “Bizə heç nə demirlər. Kobud cavablar verirlər, zorakılıq edirlər. Evdə qadın, uşaq var. Xeyli vaxtdır evdədirlər. Nəyəsə imza atdırmaq istəyirlər. Pərvizin özündən isə xəbərimiz yoxdur”, – deyə Z.Həşımov bildirib.

20:50

Pərviz Həşimlinin yaxınlarının əməkdaşımıza bildirdiyinə görə, onun evindən guya narkotik və silah tapıldığı haqda protokol tərtib olunub. Jurnalistin xanımı İlahə Həşimovanı protokola təsdiqləyici imza atdırmaq istəyirlər. Ev mühasirədə saxlanılır və jurnalistin qohumlarını evə buraxmırlar.

20:27

Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli facebook-da məlumat paylaşıb ki, “Bizim Yol”un əməkdaşı Pərviz Həşimlinin Biləcəridəki evində də axtarış aparılır. Onun yazdığına görə, axtarışı aparanlar MTN əməkdaşlarıdır.

20:17

Bu dəqiqələrdə “Bizim Yol” qəzetinin redaksiyasında axtarış aparıldığı və qəzetin əməkdaşı, Siyasi və Mülki Hüquqların Müdafiəsi təşkilatının sədri, hüquq müdafiəçisi Pərviz Həşimlinin həbs edildiyi barədə məlumat yayılıb. Məlumatı qzəetin digər əməkdaşı Aytən Fərhadova facebook-da paylaşıb.

Həmin qəzetin müxbiri Natiq Cavadlı məlumatı təsdiqləyib, amma əlavə heç nə deməyib. Qəzet rəhbərliyi ilə əlaqə saxlamaq cəhdlərimiz isə nəticə vermir. Onlardan heç biri telefon zənglərinə cavab vermirlər.

Əlavə məlumat alan kimi təqdim edəcəyik.