Minlərlə intiharı “rəsmiləşdirən” rəşadət…

Həbsdə olan NIDAçı Rəşadət Axundovun həbsinə etiraz edən babası, bütün ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş Əyanət Axundov damarlarını kəsərək intihar etdi.

Yəqin ki, nəvəsi həbsdə olmasaydı, bu, adi bir kriminal xəbər kimi gedəcəkdi və əksər mətbu orqanları bu xəbəri ənənəvi sonluqla bitirəcəkdilər – “mərhumun psixi problemləri var idi”. Bir il əvvəl, sirkə içib intihar edən qonşum haqqında da eyni şeyi yazmışdılar. Əslində isə, ali təhsilli bu taksi sürücüsü, Biləcəri qəsəbəsindəki evinin neft şirkəti işçiləri tərəfindən buldozerlə yerlə-yeksan edilməsindən sonra yaşamaq istəmədi. Neftçalada balıq təknəsi əlindən alınan gənc ailə başçısının, evə qazanc gətirə bilməyən ataların, təhqirdən, döyülməkdən bezən əskərlərin intiharı da bu cür “yola verilirdi”. Mən Əyanət müəllimin intiharı haqda da oxşar bir şeyin uydurulacağını, ən azı “psixi” faktor qədər məhşur olan “bu ölümü siyasiləşdirməyin” çağırışını gözləyirdim. Təsəvvür edə bilirsinizmi, heç birisi olmadı? 

Yazını yazmamışdan öncə bu intihar intihar ilə bağlı demək olar ki, bütün xəbərləri, müəllif yazılarını oxudum. Babasını yenicə itirən babasızlardan tutmuş, Əyanət müəllim yaşda babasını itirmək təhlükəsi ilə qarşılaşanlar bu ölümdən yazdılar. Hər kəs bacardığı şəkildə, mətbu orqanının verdiyi “imkanlar çərçivəsində” münasibət bildirdi. Əslində buna da şükür, çünki Əyanət müəllimin intihar səbəbi ortada idi və səbəbin üzərində uzun-uzadı dayanmağa o qədər də ehtiyac yox idi. Hətta bu ölümə görə “başını itirib” iqtidar qədər müxalifəti də qınayan baş redaktoru da başa düşmək olar. Çünki ən azı bu intihar faktını inkar etməmək də təqdirəlayiqdir. 

Bu intiharı adi xəbər kimi verənləri və bu haqda heç nə yazmayan iqtidaryönlü mətbuatı da alqışlayıram. Kimsə məni qınamasın, mən bunu özünəməxsus birlik mesajı kimi qəbul edirəm. Bu, siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların rejimə qarşı səssiz etirazı idi. Sıravi yapçısından tutmuş, radikal cəbhəçi və müsavatçısınadək hər kəs eyni hissləri keçirdi. Bəli əziz oxucu, rejimə qarşı bu günə qədər, ən müdhiş və ürəkləri parçalayan bir etiraz gerçəkləşir və rejimin təbliğat maşını susur. Bu çox mühüm bir hadisədir, simvoldur, xalqa qənim kəsilmiş rejimə qarşı milyonların ayağa qalxa biləcəyinin nişanəsidir. Iqtidarı vəsf edən mətbuatın ilk dəfə olaraq, intihar haqda susması, buna hər hansı bir don geyindirməkdən çəkinməsi təsadüfi deyil.

Məhşur rejissor Stiven Spilberqin çox daşürəkli insanı ağlada biləcək “Döyüş atı” filmində unudulmaz bir epizod var. Bir-birilərinin qanını içməyə hazır olan ingilis və alman əsgərləri tikanlı məftillərə dolaşaraq, hərəkətsiz qalan bir döyüş atını görən kimi, qeyri-ixtiyarı olaraq, əmrsiz-filansız atəşi saxlayırlar. Ata bir ingilis və bir alman əsgəri yaxınlaşır. Qan içində olan atı mümkün qədər tez xilas etmək üçün hər iki səngərdən məftilkəsən kəlbətinlər atmağa balşayırlar. Bir anlığa müharibə arxa plana keçir və at xilas olana qədər silah səsi eşidilmir… 

Oxşar səssizlik, Rəşadətin babası Əyanət Axundovun intiharında da müşahidə olundu. Istər ikinci dünya müharibəsində, istərsə Əliyevlər rejimində insanlar qeyri-ixtiyari olaraq oxşar addımları atdılar, heç bir əmr gözləmədilər. Birində atı xilas etdilər, o birində isə, ömrünü insanlara bilik öyrətməklə keçirmiş ağsaqqala ehtiram göstərdilər, ona ənənəvi “psixi problemləri vardı” yarlığını yapışdırmağa cürət etmədilər.

Birinci dünya müharibəsində həsr olunmuş “Döyüş atı” filmindəki hadisələrdən fərqli olaraq, hər iki səngərdə döyüşən azərbaycanlılardır. Bu savaş torpaq üstündə deyil, bir ovuc məmurun xarici havadarlarla birləşib, ölkənin sərvətini çapıb-talamasına qarşı savaşdır və onlar tərəfindən muzdla tutulan soydaşlarımızın sadə vətəndaşlara qarşı amansız, rəhmsiz davranışıdır. 

Əyanət müəllimin, eləcə də ona qədərki saysız-hesabsız  intiharlara görə rejimdən hesab sormaq, fikrimcə, sadəlövhlükdür. Verdikləri cavab da eynidir, – intihar edənlərin hamısının “psixi problemi” olub. 

Bir tərəfdə evi sökülən, övladının üzünə xəcalətdən baxa bilməyən, yaxınınvn şərlənib tutulmasına dözməyən, ali məktəbə qəbul olub, maddi imkana görə intihar edənlər, o biri tərəfdə isə, itinə ayda on min dollar xərcləyən məmurlar… 

Yəni siz hələ də kimin psixi problemi olduğunu anlamadınız?

Psixi problemləri olanların isə, heç bir məsuliyyəti olmur…