Milli Şura ilə Ümidin mitinqləri ayrı-ayrı yerlərdə olacaq

Ümid Partiyasının sədri, prezidentliyə namizəd Iqbal Ağazadə sentyabrın 22-də mitinq keçirməyə hazırlaşır. Aznews.az-ın məlumatına görə, prezidentliyə namizəd bildirib ki, artıq bir neçə rayonda qapalı və açıq mitinqlərin keçirilməsi üçün yerli orqanlara müraciətlər ediblər. Ümid sədrinin sözlərinə görə, partiya seçki təbliğatı müddətində ilk açıq mitinqini sentyabrın 22-də rayonlardan birində keçirəcək. 

I.Ağazadə bildirib ki, Ümid Partiyası seçki təbliğatı dövründəki son açıq mitinqini isə oktyabr ayında paytaxt Bakıda keçirəcək: “Təbliğat dövründə həm Bakıda, həm də rayonlarda seçicilərlə qapalı və açıq görüşlərimiz nəzərdə tutulub. Ilk kütləvi mitinqin vaxtını dəqiqləşdirmişik, qapalı görüşlər üçün nəzərdə tutulan yerlərə görə də müvafiq qurumlara müraciət etmişik”.

Məlum məsələdir ki, sentyabrın 22-də Milli Şurada Bakının Yasamal rayonunda mitinq keçirməyi planlaşdırır. Sosial şəbəkələrdə isə yayılan məlumata görə, Ümid partiyası da mitinqi Bakıda keçirəcək.

Iqbal Ağzadə “Azadlıq”a açıqlamasında yayılan məlumatların həqiqətə uyğun olmadığını söylədi: “Şübhələrin heç bir ciddi əsası yoxdur. Biz mitinqi rayonların birində keçirəcəyik”.

Partiya sədri vaxtın az olduğunu əsas gətirərək bildirdi ki, bu cür tədbirlərin üst-üstə düşməsi normal haldır.

Cəmil Həsənlinin Seçki Qərargahının AXCP-dən olan həmsədri Həsən Kərimov bizimlə söhbətində bildirdi ki, Milli Şura ilə Iqbal Ağzadənin sosial bazası ayrıdır: “Sosial bazalar ayrıdır. Iqbal Ağzadənin mitinq keçirməsi bizi narahat etmir”.

Həsən Kərimov mitinqin keçirilməsi üçün Bakı Şəhər Icra Hakimiyyətinə dünən müraciət etdiklərini də qeyd etdi.

Ramin DEKO