Şirkət rəsmisi məlumatı təsdiq edir, XIN isə xəbəri təxribat adlandırdı
Bir neçə gün əvvəl Italiyanın dünyaca məşhur “Versace” şirkətinin Dağlıq Qarabağda qanunsuz biznes qurmaq istəməsi ilə bağlı məlumatlar yayıldı. Ermənistan tərəfi və separatçı rejimin nümayəndələri də şirkətlə danışıqların aparıldığını açıqlamışdı. Bu məlumatlar yayılanda Azərbaycanın Italiyadakı səfirliyi məsələ ilə bağlı açıqlama yaydı və şirkətin qondarma resrublikada parça istehsal edəcək fabrik açmayacağını bildirdi. Lakin dünən yenidən “Versace”dən başqa “Prada”, “Armani” və “Moskino” brendlərinin Dağlıq Qarabağa gəlməsi ilə bağlı məlumatlar yayıldı.
Virtualaz.org-un xəbərinə görə, “Qolos Rossii” radiosu “Versace” şirkətinin təmsilçisi olan italyan biznesmen Antonella Qambaya istinadən xəbər verir ki, Qarabağda təkcə “Versace” brendi altında yox, digər məşhur italyan brendləri – “Prada”, “Armani” və “Moskino” markaları altında da geyim istehsalı təşkil olunacaq. Antonello Qamba istehsalın təşkili ilə bağlı müzakirələr aparmaq və şərtlərlə yerində tanışmaq olmaq üçün Qarabağa gəldiyini deyib. Antonello Qamba əlavə edib ki, onlar Qarabağda əsasən gözəl və rahat idman geyimləri istehsal etməyə hazırlaşırlar.
Italyan şirkətlərinin Dağlıq Qarabağa gəlməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirən xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu tip xəbərləri təxribat adlandırdı. Məlumatı təkzib edən XIN sözçüsü Azərbaycanın Italiyadakı səfirliyinin “Versace” şirkəti ilə əlaqə saxladığını və səfirliyin sorğusuna cavab olaraq şirkətin Dağlıq Qarabağda geyim və ya aksessuar istehsal etməyəcəyini açıqladığını bildirdi. Şirkət gələcəkdə də belə bir niyyətinin olmadığını açıqlayıb.
Fizzə