«Hökumət gənc siyasətçilərlə rəqabətdən çəkinir»
REAL sədri Ilqar Məmmədovun prezidentliyə namizədliyinin MSK tərəfindən qeydiyyata alınmaması ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə şikayət verilib. Bunu REAL-ın icra katibi Natiq Cəfərli dünən keçirdiyi mətbuat konfransda bildirib. O, MSK nın qərarını qanunsuz, qərəzli və siyasi motivli adlandırıb.
Qərarda göstərilir ki, I.Məmmədovun xeyrinə təqdim olunmuş 41247 seçici imzasından 893-də seçicilərin şəxsiyyət vəsiqəsi ilə bağlı problemlər aşkar olunub. 4900 imzanın isə saxtalaşdırıldığı ehtimal olunur. N.Cəfərli bu əsaslandırmanı absurd hesab edib və qeyd edib ki, əslində problemli sayılan imzaları çıxdıqda belə, I.Məmmədov qeydə alınmalı idi. Onun fikrincə, Ilqar Məmmədovun seçkiyə buraxılması hakimiyyətin strateji baxışlarına zidd olub. Çünki bu halda seçicilərin seçkiyə marağı artacaq, ölkədə daha rəqabətli seçki ab-hava yaranacaqdı. Bundan başqa I.Məmmədov qeydə alınacağı təqdirdə, həbsdən azad olunacaq və bu da ölkədə yeni etiraz dalğasının vüsət almasına təkan verəcəkdi.
REAL Məclisinin sədri Erkin Qədirli isə xatırladıb ki, hakimiyyət hələ I.Məmmədovun namizədliyinin təsdiq edilməsi mərhələsində süni problemlər yaratmışdı: “Məsələ imzatoplama kampaniyasının bitməsinə 10 gün qalmış həll olundu. Qısa vaxt qalmasına baxmayaraq, REAL hərəkatı gənclərin fəal dəstəyi nəticəsində lazım olan imzaları təqdim edib”. Onun fikrincə, I.Məmmədovun qeydə alınmaması hakimiyyətin gənc siyasətçilərin xalqa tanıdılmasını istəməməsi ilə bağlıdır. E.Qədirli bildirib ki, hökumət I.Məmmədovu əvvəlcədən seçkiyə buraxmaq istəmirdi və onun həbsi məhz bununla əlaqədar idi.
REAL hərəkatının Idarə Heyətinin üzvü Zöhrab Ismayıl bildirib ki, imzatoplama kampaniyası REAL hərəkatına bölgələrdə də böyük rəğbətin olduğunu göstərdi: “Məsələn, Gəncə şəhərində 1000-dən çox imza toplanıb. Xaçmaz, Göyçay və bir çox digər bölgələrdə də xeyli sayda imza toplamaq mümkün olub. Bu uğurlu kampaniya REAL-a imkan verir ki, partiya quruculuğunu sürətləndirsin və ola bilər ki, artıq seçkilərə qədər REAL-ın siyasi partiyaya çevrilməsi barədə qərar verilsin, təsis toplantısı keçirilsin”.
REAL üzvləri I.Məmmədovla bağlı səylər nəticəsiz olacağı təqdirdə seçkilərdə Cəmil Həsənliyə dəstək verəcəklərini də qeyd ediblər(Turan).