«Azadlıq»dan və Milli Şuradan Siyavuş Novruzova cavab

Rahim Hacıyev: «Hakimiyyətin bütün informasiya resursları heç bir qanuna və əxlaqa hörmət etmədən qara piar kampaniyası aparır»

Gülağa Aslanlı: «Seçki məcəlləsini pozan Cəmil Həsənli və onun komandası deyil, məhz YAP-ın nümayəndəsidir»

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənliyə və «Azadlıq» qəzetinə qarşı hücum keçib. Ənənəvi olaraq heç bir məntiqə sığmayan ittihamlar irəli sürən YAP-çı deputat Cəmil Həsənlini və «Azadlıq»ı seçki qanunvericiliyini pozmaqda günahlandırıb. S.Novruzov iddia edir ki, C. Həsənli təbliğat-təşviqat kampaniyasına start verilmədən seçki təbliğatına başlayıb. Ödənişli seçkiqabağı təşviqat prosesinə qoşulmaqla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etməyən “Azadlıq” qəzetinin isə təbliğat kampaniyası ilə məşğul olması ciddi qanun pozuntusudur. YAP icra katibinin müavini hətta “Azadlıq”ın ancaq bir namizədin təbliği ilə məşğul olduğunu, digərlərinə qarşı qara piar aparır, şər, böhtan kampaniyası həyata keçirdiyini deyir. 
S. Novruzov bu kimi hallar davam edəcəyi təqdirdə beynəlxalq təşkilatlara və MSK-a müraciət etməyi də zəruri hesab edir. 
Bu yerdə Siyavuş Novruzova kiçik xatırlatma etmək yerinə düşər. Hələ seçki kampaniyası başlamamış, Milli Şura yeni yaranmağa başlayanda hakimiyyətin bütün informasiya resursları, o cümlədən telekanallar bu quruma və onun namizədinə qarşı təhqir dolu qara piar kampaniyasına başladı. Cəmil Həsənli vahid namizəd olan gündən rəsmi mətbuatın və telekanalların hədəfinə çevrilib. Seçki kampaniyası başlamazdan əvvəl telekanallar və qəzetlər hakim partiyanın prezidentliyə namizədi İlham Əliyevin təbliğatına başlayıb. Birtərəfli təbliğata gəldikdə, heç bir rəsmi mətbuatda, nə də telekanalda İlham Əliyevdən başqa digər bir namizədə yer ayrılmayıb, çıxış üçün imkan verilməyib. S.Novruzovun üzvü olduğunu YAP-ın təsisçisi olduğu «Yeni Azərbaycan» qəzeti isə müxalifətin namizədinə qarşı aparılan kampaniyada xüsusi fəallığı ilə seçilir. Elə S.Novruzov da bekar dayanmayıb və son aylarda bütün çıxışlarında müxalifəti və onun namizədini hədəfə alıb. 
S.Novruzovun «Azadlıq»ın ünvanına səsləndirdiyi ittihamlara qəzetin baş redaktorun müavini Rahim Hacıyev də tutarlı cavab verib. 
R.Hacıyevin sözlərinə görə, Siyavuş Novruzovun çıxışları göstərir ki, seçki kampaniyasının bu məsul mərhələsində «Azadlıq» qəzetinin ictimai rəyə təsiri baxımından çox böyük rol oynamaq imkanı var. «Azadlıq» qəzetinə hakimiyyətin qanunların kobud şəkildə pozulması ilə müşayət olunan təzyiqləri qəzeti susdurmaq üçündür. Hakimiyyətin qanunlarla qəti hesablaşmadığı bir ölkədə qanunsuzluqları ifşa edən qəzetə belə münasibət tamamilə təbiidir: «Hakimiyyətin nəzarətində olan mətbuat orqanları müxalifətə və onun namizədinə qarşı açıq-aşkar qanunun tələblərinə zidd qara piar kampaniyası aparırlar. İndiyə kimi müxalifətə qarşı ən iyrənc üsullarla qara piar aparanlar cəzalandırılmayıb, əksinə, mükafatlandırılıb. Bu tipli bəyanatlarda məqsəd hakimiyyətin qanunlara açıq-aşkar zidd olan təbliğat kampaniyasının ört-basdır etmək üçündür. Hətta Milli Şura  yaranmazdan qabaq hakimiyyətin bütün informasiya resursları heç bir qanuna və əxlaqa hörmət etmədən bu təşkilata qarşı hətta bu günə qədər qara piar kampaniyası aparır. Bizim hakimiyyətin vəzifəli şəxslərin korrupsiya əməllərini ifşa etməyimizi onlar təhqir kimi qələmə verməklə qəzetə qarşı hücum kampaniyası aparıblar».
Qəzetin rəhbərin seçki kimi ciddi bir siyasi kampaniyada «Azadlıq» qəzetinin iştirakının təbii olduğunu və burda qnuna zidd heç nəyin olmadığını deyir. O ki, qaldı beynəlxalq təşkilatlara müraciətə, dünyanın bütün nüfuzlu təşkilatları hətta Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyası bir neçə gün əvvəl Azərbaycanda azad ə ədalətli seçkilərin keçirilməsi üçün hakimiyyətin şərait yaratmadığını bəyanatında açıq-aşkar bildirib. O bəyanatda diqqəti çəkən fikirlərdən biri də digər namizədlərlə müqayisədə İlham Əliyevə mətbuatda çox geniş reklam şəraitinin yaradılmasıdır. Heç bir beynəlxalq təşkilat Azərbaycanda mövcud olan anti-demokratik rejimin heç bir şikayətini qəbul etməyəcəyi şübhə doğurmur. 
YAP-çı deputatın dediklərinə münasibət bildirən Milli Şura üzvü, Müsavat başqanının müavini Gülağa Aslanlı bunu İlham Əliyev və onun komandasının qara piarı adlandırdı. 
G.Aslanlının sözlərinə görə, «oğru elə bağırdı ki, doğrurun bağrı yarıldı ifadəsi» məhz bu halda təsdiqini tapır. Çünki əslində seçki məcəlləsini pozan Cəmil Həsənli və onun komandası deyil, məhz YAP-ın nümayəndəsidir. Bu məsələdə Azərbaycan televiziyaları və dövlət qəzeti olan «Azərbaycan» öndə gedir: ««Azərbaycan» qəzeti ilə bağlı bizim seçki qərərgahının monitorinqi var. Həmin monitorinqin nəticəsi faktlar əsasında artıq bu günlərdə MSK-ya təqdim olunacaq. Eyni zamanda Siyavuş Novruzova bir qədər sərt formada «əgər hünəri varsa, MSK-ya müraciət etsin» təklifini etmişdim. Bir daha bildirirəm ki, Siyavuş Novruzovun əlində əsaslar varsa, buyursun MSK-ya müraciət etsin və onda bizim təqdim etdiyimiz sənədlərlə də tanış olacaq. Onun dedikləri boş sözdən başqa bir şey deyil. «Azərbaycan» qəzetində Elmlər Akademiyasının vitse-prezidentinin seçki kampaniyası başlamazdan əvvəl «hamını İlham Əliyevə səs verməyə çağırıram» yazısı, eyni zamanda xalq artisti İlhamə Quliyevanın televiziya vasitəsilə «mən bütün Azərbaycan xalqını İlham Əlyievə səs verməyə çağırıram» fikirlərinin lent yazısı əlimizdədir. Ona görə də Siyavuş Novruzov boş sözlər danışmaqdansa, rəsmi müraciət etsə, yaxşı olar. Onda daha ciddi cavabını alar».   

 

Fizzə