Budda hekayələrindən birini çox sevirəm. Məzmunu və süjeti olduqca sadədir. Iş elə gətirir ki, meşədə bir adamı oxla yaralayırlar. Amma oxu kimin atdığını, niyə atdığını bilən yoxdur. Adam qarşıda uzanıb, ətrafdakılar isə müzakirəyə başlayırlar, bəs görəsən bu oxu haradan atıblar? Kimsə tamam başqa bir sual verir: bəs onu niyə atıblar, nədən bu adamı vurublar?
Bir başqaları oxun cismi üzərində baş sındırırlar – nədən düzəlib bu ox, çoxmu itidir, möhkəmdirmi, öldürücüdürmü? Müzakirələr davam edir, bir yerə vara bilmirlər, yaxındakı Buddadan suallara cavab istəyirlər.
Budda deyir: “Bəsdir bu suallara vaxt itirdiniz. Əvvəlcə oxu bu adamın canından çıxarın, onun axan qanını kəsin, yarasını sarıyın, onu dərddən qurtarın, sonra oxu düşünərsiniz”.
…Dünəndən seçkilərin çox ciddi mərhələsi başlayıb. Təbliğat-təşviqat mərhələsi. Belə bir məqamda bizim kənar mövzulara, suallara vaxt itirməyimiz Budda əhvalatında yaralını qoyub ox üzərində düşünənlərin halına bənzəyər.
Doğrudan da kənardan ox atırlar. Hakimiyyətin birbaşa, gizli (ümumilikdə özünü gizlədə bilməyən) qüvvələri diqqətimizi yan mövzulara çəkir. Elə Rüstəm Ibrahimbəyov mövzusunun davam etdirilməsi də budur. Hakimiyyətin pulu çoxdur, diqqəti yayındırmaq üçün xərcləyirlər, amma məhz bu anda bizim qondarma problemlərə enerji xərcləməyimiz əsassızdır.
Unutmayın. Bunların pulları çox olsa da, xalqdan dayağı yoxdur. Elə də bilməyin ki, onlar seçkiyə görə heç narahat deyil, arxayınca oturub növbəti beşilliyin kefini çəkməyə hazırlaşırlar. Hərçənd hətta növbəti beşilliyə keçdikləri halda da əvvəlki kefi gözləmirlər – anlayırlar ki, daha heç nə əvvəl düşündükləri kimi olmayacaq. Təntənə dövrü arxada qalıb. Diqqətlə baxın, hakimiyyət təmsilçilərinin heç birinin üzündə əvvəlki əminlik, rahatlıq və sevinc yoxdur. Yalnız pul verib kimisə qışqırda bilirlər. Bir də əvvəlki polis sistemi!
Xalqın da qəzəb və nifrətindən xəbərdardırlar. Hətta ən yaxşı vaxtlarında onlar ədalətli, demokratik seçki ilə qalib olmayıblar. Xalq və onun narazı kəsimi bütün hallarda seçkilərdə müxalif namizədə səs verib, nəticədə hakimiyyət seçkiləri uduzub. Ilham Əliyev hətta müxalifətin iştirak etmədiyi 2008 seçkilərinə azacıq demokratik don geyindirə bilmədi.
Indi qondarma, yan mövzuları buraxıb, yalnız birbaşa hakimiyyətin üstünə getməyin vaxtıdır. Bu da seçkidə demokratik kəsimin namizədi olan professor Cəmil Həsənlinin təbliğatını aparmaqdır. Çünki illərdir qarşımızda bir əngəl formalaşdırıblar. Insanların bir qisminin seçkiyə inamı ölüb. Onsuz da nəticələrin saxtalaşdırılacağını düşünürlər. Onlar hakimiyyətdən narazıdır, seçkiyə gəlsələr, hökmən Cəmil bəyə səs verəcəklər, amma onları seçkiyə gətirmək, əmin bir uğur qazanmalıyıq.
Hər kəsin edə biləcəyi vacib bir iş
Bu haqda ötən məqalələrin birində yazmışdım. Bir dəftər götürün. Ictimai münasibətlərdə olduğunuz insanlardan əlavə, seçkiyə dəvət edə biləcəyiniz qohumlar, qonşular, tanışlar, dostlar, həmçinin məktəb, universitet, ordu və iş yoldaşları, həmyerlilər və həmkəndlilərin siyahısını tutun. Bundan sonra həmin adamlarla əlaqə saxlamağa başlayırsınız, görüşürsünüz, çox uzaqda olanlarla internet və telefonla əlaqə saxlayırsınız. Hətta başqa imkanlar olmadıqda bəzilərinə sadəcə arzunuzu ortaq yaxınlarınızla ismarış edirsiniz. Eyni zamanda adamlardan xahiş edirsiniz ki, onlar da sizin kimi edib, öz yaxınlarını, tanışlarını, qonşu və dostlarını seçkiyə çağırsınlar. Hətta eynən sizin kimi işləyən kiçik bir dəstə də formalaşdıra bilərsiniz.ÿ
Sadaladığımız adamlarla görüşmək, söhbət etmək çətin deyil, çünki onlarla şəxsi əlaqələriniz var. Təxminən bu ona bənzəyir ki, toyuna getdiyiniz və toya çağırdığınız adamları indi seçkiyə çağırırsınız. Bu, qanuni və demokratik bir üsuldur, hər yerdə istifadə edilir. Üstəlik, bu işi görərkən heç kim sizə mane ola bilmir. Təhlükəsizdir. Çünki o insanlar sizin şəxsi tanışlarınızdır. Təbii ki, sosial şəbəkələrdəki dostlarınızı da unutmayın, onlarla necə işləməklə bağlı özünüz bir plan qurun.
Tənbəllik etməyin, kimisə gözləməyin, möcüzə də gözləməyin, sabaha saxlamayın, dərhal başlayın! Əlinizdə elə bir qiymətli imkan var ki, bunu kimsə sizdən ala bilməz!