“Əminəm ki, xalq Cəmil Həsənliyə dəstək verəcək”

«Azad və demokratik seçkilər naminə hər vətəndaşın ayaqda olması çox əhəmiyyətlidir»

Hacıbaba Əzimov: «Peyğəmbərimiz deyib ki, alimin dalınca gedin, yalnız o sizi düz yola aparar»

Rəsmi seçki təbliğatına start vverilsə də, hələ də ölkədə seçki ab-havası hiss olunmur. Əksinə, hakimiyyət hər vəchlə atdığı addımlarla ölkədə siyasi fəallığın qarşısını almağa çalışır. Iqtidar rəsmilərinin onların yürütdüyü siyasətin cəmiyyət tərəfindən dəstəkləndiyini bəyan etmələrinə rəğmən, reallıqda tam əks-siyasət aparırlar. Bu və başqa sualları istiqlalçı deputat, VAMBP sədri, professor Hacıbaba Əzimova ünvanladıq.

– Bütün xalq hakimiyyətdən normal seçki keçirilməsini tələb etməlidir. Bu, xalqın müstəsna hüququdur. Amma hazırda xalqa o qədər təzyiqlər edilib ki, bunun nəticəsində hazırda cəmiyyətdə inamsızlıq əhval-ruhiyyəsi formalaşıb. Hazırda Azərbaycan vətəndaşının qarşıdan gələn przeident seçkilərinin normal keçiriləcəyinə, azad və ədalətli olacağına ümidi qalmayıb. Uzun illərdir ki, bu hakimiyyət hər dəfə seçkiləri total şəkildə saxtalaşdırır. Ona görə də müəyyən insanlarda seçkilərə inamsızlıq yaranıb. Bu üzdən də bir çoxları seçkilərə getmir, səsverməyə qatılmırlar. Amma yaranmış situasiya heç də o demək deyil ki, cəmiyyət baş verənlərlə barışmalıdır. Cəmiyyət əksinə, Azərbaycanda normal, ədalətli və şəffaf seçkilərin keçirilməsi, iqtidarın məhz xalqın iradəsi ilə formalaşdırılması üçün mümkün olanı etməlidir. Bu istiqamətdə cəmiyyətin fəal hissəsi olan siyasi qüvvələrin, ziyalıların, gənclərin üzərinə böyük məsuliyyət düşür. Xalqın hazırda gedən demokratikləşmə prosesinə fəal dəstəyinə nail olmaq lazımdır. Hazırda bu dəstəyin daha geniş təbəqələri əhatə etməsi üçün Milli Şura fəal iş aparır.

– Seçkidə əsas mübarizənin Milli Şuranın namizədi Cəmil Həsənli ilə Ilham Əliyev arasında gedəcəyi bəllidir. Belə bir taleyüklü məqamda Azərbaycan ziyalısının üzərinə hansı vəzifə düşür? Azərbaycan ziyalısı Cəmil Həsənlini dəstəkləmək üçün hansı addımları atmalıdır?
– Professor Cəmil Həsənli həm siyasətçi, həm də elm adamıdır. Amma hər şeydən öncə Cəmil Həsənli xalqının böyük ziyalısıdır. Bu yüksək ada layiq görülmək də asan məsələ deyil. Bunun üçün gərək uzun illər ərzində xalqın, ölkənin, dövlətin mənafeyinə uyğun böyük işlər görəsən. Cəmil müəllim də böyük işlər görmüş insanlardan biridir. Amma burada təkcə məsuliyyəti ziyalıların üzərinə də qoymaq düzgün deyil. Doğrudur, hazırkı situasiyada ziyalılardan da çox şey asılıdır. Amma burada bütövlükdə cəmiyyət aktiv olmalıdır. Azad və demokratik seçkilər naminə hər vətəndaşın ayaqda olması çox əhəmiyyətli və zəruridir. Ziyalılar bu istiqamətdə yolgöstərən, milli dəyər daşıyıcısına çevrilməlidir. Xalqımız həmişə öz ziyalılarına böyük ehtiram və etibar göstərib. Cəmiyyət həmişə ziyalıların arxasınca getməyə hazır olub və bunu da edir. Ziyalılar hazırkı dönəmdə üzərlərinə düşən tarixi missiyaya görə iş aparmalı, xalqımıza layiq olan seçkilərin keçirilməsi üçün əlindən gələni etməlidir. Bu vəzifəni üzərinə götürə biləcək ziyalılarımız çoxdur. Onların bir qismi də Milli Şurada cəmləşib. Milli Şuradan da kənarda məhz Cəmil bəyin ardınca getməyə və ona dəstək verməyə hazır olan ziyalılar var. Ancaq bu ziyalı təbəqəsini təşkilatlandırmaq, onların gücünü bir araya gətirmək əsas vəzifələrdən biridir. Demokratik düşərgə olaraq ziyalıların gücündən yararlanmalıyıq. Düşünürəm ki, bu istiqamətdə ciddi iş aparmaq lazımdır.

“Cəmil Həsənlinin seçkidə şansını yüksək qiymətləndirirəm”

– Qarşıdan gələn prezident seçkilərində Cəmil Həsənlinin şanslarını necə dəyərləndirirsiniz?
– Cəmil Həsənli uzun illər təhsil, elm sahəsində fəaliyyət göstərib. Cəmil bəyin dövlət idarəçiliyi sahəsində də təcrübəsi az deyil. Cəmil Həsənli Azərbaycanın tarixində böyük yeri olan Azərbaycan Xalq Cumhuriyyəti dönəminin araşdırılmasına böyük zəhmət sərf edib. Prof. C.Həsənli həm də Azərbaycan Xalq Cumhuriyyətinin rəhbərlərinin həyatını, idarəçilik təcrübəsini öyrənib və öz əsərlərində işıqlandırıb. Bütün bunlar sadəcə olaraq elmi əsərlər deyil. Bu əsərlərdəki nəticələr həm də Cəmil Həsənlinin Azərbaycanın tarixi keçmişinə və gələcəyinə baxışı deməkdir. Çünki məhz o baxış onu bu istiqamətdə yönəldərək, belə tədqiqatlar aparmağa sövq edir. Cəmil Həsənlinin həyat və fəaliyyəti aydın şəkildə göstərir ki, o, Azərbaycanda milli azadlıq, dövlət müstəqilliyi uğrunda mücadilənin önündə gedən alim-ziyalılardan biridir. Cəmil müəllimin də ölkəmizdə müstəqilliyin əldə olunmasında müstəsna xidmətləri olmuşdur. Cəmil Həsənli iki dəfə Milli Məclisin deputatı seçilib. Onun bütün həyatı, fəaliyyəti, elmi tədqiqat əsərləri imkan verir ki, xalq onun arxasınca getsin və ona səs versin. Prof.C.Həsənlinin seçkidə şansını həm də ona görə yüksək qiymətləndirirəm ki, tarixən xalqımız ziyalıya, elm adamına yüksək qiymət verib. Bu da təsadüfi deyil. Məhəmməd peyğəmbər deyib ki, alimin mürəkkəbi şəhidin qanından da müqqədəsdir. Yenə peyğəmbərimizin sözüdür ki, alimin dalınca gedin, yalnız o sizi düz yola aparar. Xalqımız peyğəmbərimizin bu tövsiyyələrini həmişə nəzərə alıb. Ona görə əminəm ki, xalqımız düzgün qərar verərək Cəmil Həsənliyə səs verəcək. Amma o da istisna deyil ki, həmişə olduğu kimi seçkilərin nəticələri total şəkildə saxtalaşdırılsın.

– Hazırda cəmiyyətin böyük bir kəsimi ziyalılar, gənclər təşkilatları, siyasi qüvvələr, hüquq müdafiəçiləri Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəkləyir. Bu baxımdan hakimiyyətin növbəti dəfə seçki saxtakarlığına getməsi iqtidara hansı problemlər yarada bilər?
– Hakimiyyətin saxtakarlıq etmək üçün resursları çoxdur. Seçki komissiyalarının tərkibi düzgün formalaşdırılmayıb. Hakimiyyətin bundan başqa da əlində seçki saxtakarlığı üçün illərdir formalaşan saxtakarlıq metodları var. Hakimiyyət seçkilərə müəyyən legitimlik donu geyindirmək üçün bəzi beynəlxalq təşkilatların saxta rəylərindən də yararlanmaq niyyətindədir. Baş verənlərə dünyanın da biganəliyi fonunda  hakimiyyət seçkilərin nəticələrini saxtalaşdırmaq üçün güc strukturlarının xidmətindən da yararlanır. Ona görə də həm yerli, həm də beynəlxalq ictimaiyyətin əsas diqqətini seçki saxtakarlığının qarşısını almağa yönəltmək lazımdır. Düşünürəm ki, saxtakarlığın qarşısının alınması mexanizmi düzgün təşkil olunsa, Cəmil Həsənlinin qələbəsinə nail olmaq mümkündür.

İlham Əliyev xalqdan niyə qaçır?

– Hazırda Cəmil Həsənliyə qarşı hakimiyyət ənənəvi çirkin kampaniyasını aparmağa çalışır. Amma Cəmil Həsənliyə qarşı tutarlı arqument tapa bilmədiklərindən bəyan edirlər ki, o, tanınmış elm xadimidir, amma siyasətçi olmadığından dövləti idarə edə bilməz. Bu “arqumentləri” necə dəyərləndirirsiniz?
– Cəmil Həsənli həqiqətən də dünyada tanınan elm xadimidir. Bir sıra xarici ölkələrdə onun kitabları çap olunub, o, həm də yüksək xarici aiditoriyalarda siyasi elmlərə dair mühazirələr oxuyur. Amma Cəmil Həsənli təkcə elm xadimi deyil. Cəmil Həsənlinin Azərbaycanda minlərlə yetirmələri var ki, onunla fəxr edirlər, onun saf, böyük əqidə sahibi,  xalqımıza, milli dövlətimizə təmənnasız xidmət göstərən bir şəxs olduğunu qürur hissiylə qeyd edirlər. Cəmil Həsənli Elçibəyin dövlət başçısı olduğu zamanda prezidentin müşaviri vəzifəsində çalışıb. Cəmil bəy iki dəfə parlamentə deputat seçilib. Cəmil Həsənli Xalq Hərəkatında yaxından iştirak edib. Cəmil bəyin qələmə aldığı əsərlərə də diqqət yetirmək lazımdır. Onun əsərləri birbaşa dövlət idarəçiliyi ilə bağlıdır. Cəmil Həsənlinin əsərləri də siyasət elminə aiddir, bütün fəaliyyəti də siyasət elminin içərisində keçib. Cəmil Həsənli heç zaman siyasətdən kənarda olmayıb. O hələ tələbəlik illərindən Milli Azadlıq Hərəkatına qoşularaq mübarizə aparıb. Cəmil müəllim böyük elm adamı olmaqla yanaşı uzaqgörən, tədbirli siyasətçilərimizdəndir. Ona görə də Cəmil Həsənli göstərilən bu xüsusiyyətləri ilə Respublika  Prezidenti olmağa layiqli namizəddir. Cəmil Həsənlinin idarəçiliyi altında Azərbaycanda haqq-ədalətin bərpa edilməsinə, ölkənin tərəqqi etməsinə tam əminliklə nail ola bilərik.

– Dövlət başçısı əyalətlərə səfərləri zamanı geniş xalq kütlələri ilə görüşlər keçirmir. Ilham Əliyevin rayon əhalisi ilə görüşü kimi təqdim olunan tədbirdə maksimum 25-30 nəfər olur. Ilham Əliyevin geniş xalq kütlələri ilə görüşdən yayınması nəylə bağlıdır?
– Azərbaycan artıq neçə illərdir ki, xoşagəlməz bir praktika tətbiq olunur. Ilham Əliyev 2003-cü il prezident seçkilərindən sonra bir çox rayonlara gedərək vətəndaşlarla görüşürdü. Bu görüşlər zamanı ona çoxlu şikayətlər olurdu. Amma daha sonra xalqın narazılığının geniş şəkildə üzə çıxmaması üçün dövlət başçısının ətrafı onu belə görüşlərdən təcrid etməyə başladı. Hazırda dövlət başçısının obyekt  açılışlarında yalnız hakimiyyətin yuxarı təbəqəsi iştirak edir. Bu xalq və ictimaiyyətlə görüş deyil. Bu siyasətin yürüdülməsinə dövlət başçısının ətrafında olan antimilli mafioz qruplaşma başçılıq edir. Bu korrusioner klan elə görüntü yaratmağa çalışır ki, guya Azərbaycanda heç bir problem yoxdur və xalq Ilham Əliyevin idarəçiliyindən razıdır. Əslində isə hakimiyyətdən böyük narazılıq var. Ilham Əliyevin, əlbəttə, baş verənlərdən xəbəri var. Amma dövlət başçısına ünvanlanan məktubların heç birinə cavab verilmir. Müraciət edənlərin problemləri ilə heç kim maraqlanmır. Yəni xalqla hakimiyyət arasında böyük bir uçurum var.

– Hakimiyyət bəyan edir ki, xalq bizdən razıdır, amma faktlar tam başqa məqamlardan xəbər verir. Kəmaləddin Heydərovun Zaqatalaya səfəri zamanı ona şikayətlərlə müraciət edən şəxslərin sayı 5 mindən çox olub. Hakimiyyət nazirlərin rayonlara səfərlərini təşkil etməklə uzun müddətdən bəri yığılıb qalan sosial problemləri həll etməyə çalışır. Bu cür “siyasət” bir nəticə verə bilərmi?
– Nazirlər rayonlara problemləri həll etmək üçün səfərlər etmirlər. Bu, seçki öncəsi bir kampaniyadır. Vətəndaşlarla əlaqələrlə bağlı dövlət siyasəti kampaniya formasında olmamalıdır. Vətəndaşların müraciətlərinə mütəmadi olaraq vaxtında, dürüst cavab verilməlidir. Bunların heç biri Azərbaycanda yoxdur. Nazirlər ayrı-ayrı rayonlara səfərlər edərək xalqın problemlərini çözəcəklərinə söz verirlər. Əslində bu problemləri yaradanlar elə onların özləridir. Nazirlərə ünvanlanan şikayətlərin 99 faizi həll olunmur. Bu bir kampaniya xarakterli addımlardır. Nazirlər içərisində müəyyən qədər iş görən Ədliyyə Nazirliyidir. Nazirlərin çoxu  korrupsioner-oliqarxlardır və ölkənin sərvətlərini talan edənlərdir. Bu nazirlər çoxdan xalqdan uzaqlaşıblar. Ona görə bu şəxslərin rayonlara səfərinin heç bir nəticəsi olmayacaq. Bütün bu problemləri həll etməyin yeganə bir yolu var. Bu da Konstitusiyaya əməl edərək hakimiyyətin mənbəyi olan xalqa hakimiyyəti formalaşdırmağa imkan verməkdən ibarətdir. Yəni hakimiyyət xalqın iradəsinə uyğun olaraq formalaşdırılmalı, prezident xalqın iradəsi ilə seçilməlidir. Əgər bu baş verərsə, o zaman ölkəmiz həqiqətən tərəqqi edər və xalqımızın da güzaranı yaxşılaşar. Azad və ədalətli seçkilərin keçirilməsi Azərbaycanın dünyadakı nüfuzunu da artırar. Milli Şura və onun vahid namizədi professor Cəmil Həsənli də bunu istəyir və bu istiqamətdə fəaliyyət göstərir.

Xəyal