«Avropa Birliyində yaxşı başa düşürlər ki, universal dəyərlərin başlıca amilə çevrilmədiyi ölkələrlə normal münasibətlər mümkün deyil»
Avropa Birliyinin Genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle növbəti dəfə Azərbaycanda seçkilərlə bağlı gözləntilərini dilə gətirib. Azərbaycanda əvvəlkinlərdən daha yaxşı seçkilər gözlədiyini deyən avropalı komissar bu gözləntinin reallıqla tam uzlaşmadığını dilə gətirib. AB rəsmisi Birliyin Azərbaycanla münasibətlərinin təkcə neftlə məhdudlaşmadığını da xüsusi vurğulayıb.
Avropalı komissarın bu mesajının təkcə seçkilərə hesablanmadığını, ümumiyyətlə, beynəlxalq aləmin Azərbaycan hakimiyyətinin demokratiya və insan haqları sahəsində zəruri addımlar atmadığından narahatlıq keçirdiyini göstərir.
Ekspertlər Avropa Birliyinin 6 keçmiş sovet respublikalarını əhatə edən genişlənmə proqramının çoxmərhələli bir plan olduğunu deyir. Əsas məqsəd isə tədricən bu ölkələrdə Avropa standartlarının tətbiqini təmin etməkdir. Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Avropa Birliyi 6 keçmiş sovet respublikası ilə müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməklə onların Avropaya yaxınlaşmasını təmin etmək fikrindədir. Artıq Avropa bu ölkələrlə münasibətlərdə çox mühüm mərhələyə gəlib çıxıb. Hazırda bu ölkələrə Assosiasiya Müqaləsi və Azad Ticarət Sazişi təklif olunur. Bu müqavilələrə qoşulan ölkələr gələcəkdə Avropa Birliyinə üzv olmaq üçün böyük yol qət etmiş olacaqlar. Çünki hər iki sənəddə məqsəd bu ölkələri Avropa Birliyinə bağlamaqdır. Artıq Ukrayna və Moldova bu istiqamətdə böyük məsafə qət ediblər. Ukraynada Assosiasiya Müqaviləsini və Azad Ticarət Sazişini imzalamaq üçün zəruri hesab edilən çox ciddi qanunvericilik islahatları aparılıb. Genişlənmə üzrə komissar Ştefan Füle son çıxışında birmənalı şəkildə bildirib ki, Avropa Birliyinin bu ölkələrlə münasibətlərində prioritet məsələ Avropa standartlarının – demokratiya, insan hüquqları, qanunun aililiyi, müstəqil məhkəmə, azad bazar münasibətlərinin mövcudluğunu təmin etməkdir.
Ekspertlərin sözlərinə görə, Avropa Birliyində yaxşı başa düşürlər ki, universal dəyərlərin başlıca amilə çevrilmədiyi ölkələrlə Avropa Birliyinin normal münasibətləri mümkün deyil. Avropa Birliyində çox yaxşı başa düşürlər ki, stabil və möhkəm münasibətlərin olması üçün eyni dəyərlərin paylaşılması müstəsna əhəmiyyət kəsb edir. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan hakimiyyəti Avropa Birliyinin bu proqramlar çərçivəsində təklif etdiyi şərtləri qəbul etmir. Azərbaycan hakimiyyəti Avropa ilə münasibətlərdə enerji sahəsində əməkdaşlıqla kifayətlənmək fikrində olduğu halda Avropa Birliyi Azərbaycan hakimiyyətindən dərin və geniş miqyaslı köklü islahatlar tələb edir. Məhz bu amil Azərbaycanın Avrointeqrasiya yolunda başlıca əngələ çevrilib.
Fizzə