Nihad Hüseyn: «Ölkə gəncliyini, ölkənin gələcəyinə biganə qalmamağa çağırırıq»
Nərgiz Yaqublu: «Bu mitinqdə iştirak etməyi özümüzə borc bilirik»
Ülvi Həsənli: «Rüşvətə, oğurluğa etiraz edən hər kəs bu mitinqdə iştirak etməlidir»
Milli Şura növbəti mitinqini sentyabrın 22-nə təyin edib. Bu dəfə mitinq Yasamal rayonu ərazisində baş tutacaq. Milli Şura üzvləri bu mitinqin əvvəlkilərdən kəmiyyət və keyfiyyət baxımından fərqlənəcəyini söyləyirlər. Ilk mitinq zamanı Milli Şurada qeyri-müəyyənliyin olması, vahid namizədin obyektiv səbəblərdən mitinqdə iştirak edə bilməməsi müəyyən təsirlər göstərirdi.
Bu dəfə də mitinqin əsas avanqardı gənclər olacaq. Müxtəlif gənclər təşkilatları bu mitinqə öz plakatları, şüarları ilə qatılacaqlar. Gənclər hesab edirlər ki, ölkədə 2 milyondan çox gəncin olması, ölkədəki acınacaqlı vəziyyətin ən çox gənclərin həyatına müdaxilə etməsi, bu mitinqdə onların fəal iştirakını qaçılmaz edir.
AXCP Gənclər Komitəsinin koordinatoru Nihad Hüseyn bildirdi ki, cəbhəçi gənclər həmişə olduğu kimi bu mitinqdə də kütləvi şəkildə iştirak edəcəklər və mitinqlə bağlı ilkin hazırlıqlara başalnılıb: “Biz hesab edirik ki, ölkədə çox ağır şərait hökm sürür, gənclər elementar ehtiyaclarını ödəyə bilmir, təhsil, səhiyyə və digər sahələr tənəzzül dövrünü yaşayır. Ona görə də kütləvi tədbirlərdə iştirak edib, ölkədəki vəziyyəti cəmiyyətə çatdırmağın vacib olduğunu düşünürük. Biz ölkə gəncliyini öz sabahlarına biganə qalmamağa, bu ölkəyə sahib çıxmağa çağırırıq. Sərbəst toplaşma azadlığı vətəndaşların konstitusion hüququdur və hər bir vətəndaş bu hüquqdan istifadə etməlidir. Düşünürəm ki, bu mitinq daha kütləvi alanacaq və insanlar Milli Şuranın fəaliyyətinə dəstək olacaq”.
Müsavat Gənclər komitəsinin koordinatoru Nərgiz Yaqublu da 22-si mitinqində iştirak etməyi vacib sayır və mütəmadi mitinqlərin keçirilməsini əhəmiyyətli hesab edir: “Müsavat gənclər komitəsi Milli Şuranın mitinq qərarını yüksək qiymətləndirir və tam heyətlə bu mitinqdə iştirak etməyə qərar verib. Hesab edirik ki, hər həftə mitinqlər keçirilməli, ölkədə seçki öncəsi aktivliyə nail olunmalıdır. Bu mitinqin də əsas lokomotivi gənclər olacaq və bu ölkənin gələcəyi gənclərdən asılıdır. Bütün gənc dostlarımızı 22-də mitinqə səsləyirik. Bu bizim vətəndaşlıq borcumuzdur”.
“NIDA” Idarə Heyətinin üzvü Ülvi Həsənli bildirdi ki, onun təmsil olunduğu təşkilat da bu mitinqdə iştirak edəcək və bu mitinqi seçki öncəsi mühüm hadisə kimi qiymətləndirirlər: “Bizim təşkilat Milli Şuranın semki kampaniyasında da iştirak edəcək və biz bu qurumu ölkənin işıqlı gələcəyi üçün mühüm faktor hesab edirik. 22-si mitinqində də təşkilatımız yüksək səviyyədə iştirak edəcək. Biz ölkə gənclərini, tələbələri ölkədəki ağır şəraitlə barışmamağa, öz hüquqları uğrunda mübarizə aparmağa səsləyirik. Rüşvətə, talançılığa, hüquqsuzluğa YOX deyən hər kəs bu mitinqdə iştirak etməlidir”.
Ilham Hüseyn