«Gündə uşaqları çağırırlar ora, sizi öldürərik, asacağıq… Biz buradan çıxanda bizi öldürəcəklər»
Naxçıvan MTN-nin sabiq əməkdaşı İbrahim Musayevin də həyatı təhlükədədir
“Oğlumu 28 avqustda çağırıblar. Gəlinimlə mən getdim. Hər yeri yara idi. Başı da. Boğazından boğublar. Videolentimiz də var. Heç kim də bizə baxmır. Hamı təzyiq göstərir. Hətta gəlini də Culfa rayonunun Təhlükəsizik Naziri (MTN-nin Culfa rayon şöbəsi nəzərdə tutulur-red) başdan çıxartdı. Bizə gündə təzyiq edilir.
Ya uşaqlarımı çağırırlar, ya məni çağırırlar. Hədə-qorxudan başqa bir şey yoxdur”. Bu sözləri Naxçıvan Milli Təhlükəsizlik Nazirliyində qətlə yetirildiyi bildirilən Turac Zeynalovun atası Şuriyyə Zeynalov “Amerikanın Səsi”nə müsahibəsində deyib. O, daha sonra bildirib: “Mənim oğlumu qətlə yetiriblər. Cinayəti də basdırıblar. Ibrahim Musayevin (Naxçıvan MTN-nin keçmiş əməkdaşı, Turac Zeynalovun qətlində əsas şahid) verdiyi məlumat düz olar. Ona görə ki, mənim oğlum sürücüdür. Aeroportdan gedibdir. Bizə əmək kitabçası verdilər. Bizim işimizə Avropa Məhkəməsi də baxmır…
…Gündə uşaqları çağırırlar ora, sizi öldürərik, asacağıq, gəlini də başdan çıxarıblar. Dediyim kimi, mənim oğlumu nəyə görə öldürüblər, hansı cinayətləri görüb, videolentlərini göstərsinlər”.
Şuriyyə Zeynalov deyib ki, həyatları təhlükədədir: “Prokurora ərizə verdik. Prokuror da bizə yazdı ki, oğlunuz maşından düşəndə ölübdür. Bizə heç bir cavab verən yoxdur. Bizi təhlükə gözləyir. Biz buradan çıxanda bizi öldürəcəklər…”
Bu arada virtualaz.org “Kavkazskiy Uzel” saytına istinadən məlumat yayıb ki, Rusiyada gizləndiyi ehtimal olunan Naxçıvan MTN-nin keçmiş əməkdaşı İbrahim Musayevin həyatı təhlükədədir. Bu barədə sayta Ibrahim Musayevin vəkili bildirib.
“Vətəndaş dəstəyi” adlı insan haqları müdafiə komitəsinin sədri Svetlana Qannuşkina deyib ki, Avropa Məhkəməsinin Ibrahim Musayev barədə ilkin qərarı onun Azərbaycana ekstradisiyasını qeyri-mümkün edir.
Iibrahim Musayevin Avropa Məhkəməsində maraqlarını müdafiə edən vəkil Olqa Sadovskaya isə bildirib ki, məhkəmənin Musayevin Azərbaycana ekstradisiyasını qadağan edən qərarından sonra Rusiya hakimiyyəti tərəfindən onun müdafiə etdiyi şəxsi təhlükə gözləmir: “Bununla belə o, ehtiyatlı olmalıdır ki, qanunsuz qisasın qurbanı olmasın”.
Ibrahim Musayev Naxçıvan aerportunun keçmiş əməkdaşı Turac Zeynalovun MTN-nin təcridxanasında işgəncələrdən sonra ölməsi ilə bağlı dəhşətli faktları açıqlayıb. Həmçinin o, iddia edir ki, Turac Zeynalov Azərbaycandan PKK-ya silah ötürüldüyünü təsdiqləyən sənədləri əldə etdiyi üçün həbs edilmişdi.
Ibrahim Musayev Naxçıvan MTN tərəfindən Turac Zeynalovun həyat yoldaşını “verbovka” etmək tapşırığı alıb və qadını şantaj etməklə buna nail olub. Daha sonra qadın aldadıldığını görərək başına gələnləri açıqlayacağı haqda MTN-ə xəbərdarlıq edib. Ibrahim Musayev iddia edir ki, o, qadını aradan götürmək tapşırığı alsa da bunu yerinə yetirməyib və qaçıb.
Ibrahim Musayev Rusiyanın Yaroslavl vilayətində bir müddət gizləndikdən sonra tutulub. Altı aydan sonra azad edilsə də Rusiya tərəfi onun Azərbaycan tərəfinə ekstradisiyasına qərar vermişdi. Lakin Yaroslavl məhkəməsinin qərarının ardınca Avropa Məhkəməsi ekstradisiyanın mümkünsüz olduğunu bildirib. Bunu Musayevin Azərbaycanda işgəncə ilə üzləşəcəyi təhlükəsi ilə əsaslandırıb.
Svetlana Qannuşkina bildirib ki, Avropa Məhkəməsinin Ibrahim Musayev barədə qərarı gözlənilən idi: “Təbii ki, onu Azərbaycana deportasiya etmək olmaz. Heç kim qarantiya verə bilməz ki, Musayev orada işgəncələrə məruz qalmayacaq. Lakin Avropa Məhkəməsinin yekun qərarı müvafiq xəbərdarlıqdan sonra çıxarılacaq”.
Vəkil Olqa Sadovskaya deyib ki, əgər Avropa Məhkəməsi Ibrahim Musayevin ərizəsi əsasında onun Azərbaycana ekstradisiyasının qeyri-mümkünlüyü haqda yekun qərar versə və Musayev Azərbaycana verilməsə, bu, iki dövlət arasında münasibətlərə təsir etməyəcək. Bununla belə o, hesab edir ki, Avropa Məhkəməsinin yekun bəyannaməsi əldə edilməyincə Musayev ehtiyatlı olmalıdır.
“Iki belə situasiya olub. Avropa Məhkəməsi iddiaçının ekstradisiyasını qadağan etsə də onu təcridxanadan müvəqqəti azad ediblər. Ardınca hansısa naməlum şəxslər onları oğurlayıb və aparıb. Onları küçədə oğurlayıblar və rəsmi olaraq dövlətin buna aidiyyatı olmayıb. Mən Musayevə xəbərdarlıq edirəm ki, olduqca ehtiyatlı olsun, hazırda yeləşdiyi yaşayış məntəqəsində gəzintilərində və yerini dəyişəndə sayıqlıq göstərsin”, – deyə Sadovksaya əlavə edib.