Qərb Suriyaya qarşı qətnaməni sərtləşdirəcək

BMT ekspertlərində kimyəvi silahdan istifadəni sübut edən  dəlillər var

Fransada Suriya ilə bağlı daha bir mühüm danışıqlar baş tutub. ABŞ dövlət katibi Con Kerri, Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq və Fransa prezidenti Fransua Olland Suriya ətrafında son vəziyyəti müzakirə ediblər. Üçtərəfli görüşdən sonra liderlər birgə mətbuat konfransı keçiriblər.
Fransua Olland bildirib ki, ABŞ, Fransa və Böyük Britaniya Suriyaya qarşı BMT-nin qəbul edəcəyi qətnaməni daha da sərtləşdirməyə qərar verib. Con Kerri də hesab edir ki, Suriyanın kimyəvi silahdan imtina etməyəcəyi təqdirdə, hərbi müdaxilə variantı əvvəlcədən razılaşdırılmalıdır: “Biz nəyinsə gözdən qaçmasına yol verməyəcəyik. Əgər Suriya BMT-nin qətnaməsinə uyğun hərəkət etməsə, bunun nəticələrinə qatlanmalıdır”. ABŞ, Fransa və Böyük Britaniya rəsmilərinin üçtərəfli görüşə dair birgə bəyanatla da çıxış edəcəyi gözlənilir.
Fransa prezidenti yerli telekanalların birinə müsahibəsində  BMT Təhlükəsizlik Şurasının bu həftənin sonuna qədər Suriya ilə bağlı qərar qəbul edə biləcəyini deyib. O, Suriyaya hərbi müdaxilə planının hələ də gündəmdə olduğunu xatırladıb və bundan imtina edilməsini erkən hesab edib: “Əks təqdirdə, Bəşər Əsəd rejimi kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi qərarını icra etməyəcək”.

Suriya müxalifətinə maliyyə dəstəyi

Böyük Britaniya Suriya müxalifətinə 31,5 milyon dollar dəyərində yardım göndərib. Yardım əsasən gündəlik tələbat üçün vacib olan sutəmizləyən aparat, işıq generatorları, rabitə avadanlığı və gülləkeçirməz jiletlərdən ibarətdir.
Britaniya xarici işlər naziri Villiam Heyq bildirib ki, ayrılan vəsait insanların həyatlarını xilas etmək məqsədi ilə göndərilib. O, Britaniyanın Suriyaya humanitar yardım göndərən əsas ölkələrdən biri olduğunu xatırladıb.
Bu arada, Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-ın xarici işlər naziri Con Kerrinin dəvəti ilə dünən Fransaya gedib. O, Parisdə keçirəcəyi görüşlərdə rəsmi Ankaranın Suriya razılaşması ilə bağlı narazılığını bildirəcək(anspress).

Suriyada Əsədə qarşı döyüşən azərbaycanlı öldürülüb

Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı döyüşlərdə çeçen Əbu Ömərin rəhbərlik etdiyi “Mühacir və Ənsar Ordusu”nun tərkibində azərbaycanlılardan ibarət dəstəyə başçılıq edən “Əbu Yəhya” ləqəbli Azərbaycan vətəndaşı öldürülüb.
Sentyabrın 13-də “Əbu Yəhya əl Azəri” Suriyanın Hama şəhərində gedən döyüşlərdə hökumət qüvvələrinin 66 bölükdən ibarət hərbi bazasını mühasirə altında saxlayan zaman qırıcı təyyarələrin bombardmanı nəticəsində ağır yaralanıb. Çoxlu qan itirən “Əbu Yəhya” ölüb. O, elə həmin gün Hama şəhərinin Artma kəndindəki “Əbu Müslim” qəbristanlığında dəfn olunub(APA).
BMT-nin ekspertlər komissiyası Dəməşq yaxınlığında kimyəvi silahdan istifadə ilə bağlı tutarlı dəlillər əldə ediblər. Bu barədə qurumun hesabatında deyilir. Hesabata görə, kimyəvi silah uşaqlar da daxil olmaqla dinc əhaliyə qarşı tətbiq olunub. BMT baş katibi hesabatı Təhlükəsizlik Şurasının iclasına təqdim edəcək. Iclas qapalı şəraitdə keçiriləcək. Qeyd edək ki, ekspertlər Suriyaya yalnız orada kütləvi qırğın silahından istifadə edilib-edilmədiyini müəyyən etmək üçün gediblər. Bu silahdan hökumətin və ya üsyançıların istifadə etdiyini müəyyən etmək üçün yox.
Hələlik kimyəvi silahdan hansı tərəfin istifadə etdiyi mübahisəlidir. ABŞ bu məsələdə Əsəd rejimini günahlandırır, Rusiya isə bu ittihama qarşı çıxır. BMT isə bundan əvvəlki açıqlamalarında bildirmişdi ki, hər iki tərəf beynəlxalq normaları pozub və insan haqlarına riayət etməyib(newsru.som).