NIDA üzvü Şahin Novruzlu ad gününü həbsxanada qarşılayıb
Dünyanın ən gənc siyasi məhbusu, “Nida” Vətəndaş Hərəkatının üzvü Şahin Novruzlunun dünən doğum günüydü.
Bu münasibətlə dostları və aktivist gənclər Şahinin ad gününü təbrik etmək üçün sosial şəbəkələrdə ona kütləvi dəstək məlumatları yayıblar.
Gənclər, aktivistlər, partiyalar, beynəlxalq təşkilatlar dünyanın ən gənc siyasi məhbusu olan Şahin Novruzlunun dərhal azadlığa buraxılmasını tələb edirlər. Ancaq Azərbaycan hakimiyyəti Şahin Novruzlunu hələ də həbsdə saxlamağa davam edir və beynəlxalq təşkilatların, ictimaiyyətin, diplomatların təpkisinə reaksiya vermir.
Novruzlu Şahin Ibrahim oğlu 16 sentyabr 1995-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıda alıb. 2012-ci ildən həbs edilənədək Odlar Yurdu Universitetinin maliyyə fakültəsində təhsil alırdı.
2013-cü ilin fevralında “Nida” Vətəndaş Hərəkatına qoşulub.
“Nida” mətbuat xidmətinin yaydığı məlumatda isə qeyd edilir ki, Şahin Novruzlu 7 mart 2013-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən küçədə oğurlanmış, yaşadığı evə aparılmış, evdən MTN əməkdaşlarının evə qoyduğu narkotik maddə və “Molotov kokteyli” “tapılmış”, bu qondarma ittihamla həbs edilmişdir. 9 mart tarixində Şahinin təqsirsizlik prezumpsiyası kobud şəkildə pozularaq, Azərbaycan Dövlət Televiziyası və Ictimai Televiziya daxil olmaqla, o, “cinayət törətmiş şəxs” kimi əksər yerli televiziya kanallarında nümayiş etdirilmiş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. O və “Nida”nın bir neçə üzvü aksiyalar zamanı kütləvi iğtişaş törətməkdə ittiham olunurlar.
Ramin DEKO