Mikayıl Cabbarov Məleykə Abbaszadəni pis vəziyyətdə qoydu

Təhsil naziri TQDK sədrinin «imtahan əməliyyat»ındakı absurd nəticələrə diqqət çəkdi

Təhsil Nazirliyi ilə Tələbə Qəbulu Üzrə Dövlət Komitəsi (TQDK) arasında qarşıdurmanın yenidən başlandığı barədə məlumat vermişdik. Bildirmişdik ki, Bakı Təhsil Idarəsinin TQDK-nı ittiham etməsi, qarşı tərəfin də dərhal bunun cavablandırması iki qurum arasında konfliktin səngimədiyini göstərir.
Halbuki Misir Mərdanov təhsil naziri vəzifəsindən çıxarılandan sonra Təhsil Nazirliyi və TQDK arasında münasibətlərin yoluna qoyulacağı barədə fikirlər səsləndirilirdi. Bəs niyə deyilənlər özünü doğrultmadı?
Çünki məsələnin kökündə Misir Mərdanov-Məleykə Abbaszadə qarşıdurması yox, hakimiyyət daxili ziddiyyətlər dayanırdı. Misir Mərdanov 2005-ci ildən sonra Paşayevlərin çətiri altına keçmişdi. Məleykə Abbaszadə isə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin komandasına daxil olan şəxsdir. Beləliklə də, Məleykə Abbaszadənin Misir Mərdanova qarşı ittihamları əslində Ramiz Mehdiyevin Paşayevlərin komandasını “vurmaq”dan irəli gəlirdi.
Yeni təhsil naziri Mikayıl Cabbarov da Paşayevlərin kadrıdır. Yəni, hakimiyyətdəki ikinci soyadı Misir Mərdanovu tutduğu vəzifədən uzaqlaşdırılmasına razılıq versələr də, təhsil sahəsini nəzarətlərində saxladılar. Bu baxımdan əslində Təhsil Nazirliyi ilə TQDK arasında münasibətlərdə müsbətə doğru heç bir dəyişiklik baş vermədi. Sadəcə bu dəfə hücum edən tərəf Təhsil Nazirliyi oldu. Bu hücum hələ də davam edir. Mikayıl Cabbarov “Azərbaycan” qəzetinə müsahibəsində TQDK-nın “bostanına daş atıb”. Mikayıl Cabbarov deyib: “Bu il buraxılış imtahanlarında 2 qiyməti almış 128 nəfər məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək ali məktəblərə qəbul olunub”.
Inandırıcı deyil ki, təhsil naziri dediklərində ziddiyyətin fərqinə varmasın. Mikayıl Cabbarov özü də yaxşı bilir ki, buraxılış imtahanlarında 2 qiyməti almış məzunların qəbul imtahanlarında uğurlu nəticələr göstərdiyini demək hər kəsdə təəccüb doğuracaq. Lakin yeni təhsil naziri bunu deyir və bu fikirlərilə diqqəti TQDK-nın fəaliyyətinə çəkir. Axı buraxılış imtahanlarını da bu qurum həyata keçirir. Deməli, belə anlaşılır ki, qəbul imtahanlarında uğurlu nəticə göstərən həmin 128 nəfər məzuna qəbul imtahanında haqsızlıq olunaraq 2 qiyməti yazılıb. Yaxud da əksinə, 2 qiyməti alan həmin məzunlara qəbul imtahanlarında hansısa imtiyazlar tanınıb ki, onlar uğurlu nəticə göstərib.

Hikmət