İlahiyyatçı Taleh Bağırovun Hüquqlarını Müdafiə Komitəsinin üzvü Namizəd Səfərov “Media forum” saytının suallarını cavablandırıb.
– Bir müddət əvvəl Taleh Bağırovun Hüquqlarını Müdafiə Komitəsinin genişlənərək bütün islamçıları əhatə etdiyini bəyan etdiniz. Bu yöndə nə işlər görülür?
– Müdafiə komitəsinin üzvləri çox fəal işləyir. Əsas məqsədimiz həbs olunan dindarların işini ictimai nəzarətdə saxlamaqdır. İslamçıların müdafiəsi bir qədər pərakəndə təşkil olunur. Ona görə fəaliyyətimizi genişləndirib bütün islamçılara şamil etdik. Hər bir məhbus islamçının vəkili var, qanun çərçivəsində işlərini görürlər. Bizim üzərimizə düşən onları ictimai nəzarətdə saxlamaq, tez-tez bəyanatlarla çıxış edib azadlığa buraxılmalarını tələb etməkdir. Sosial şəbəkələrdə üzvlərimiz aktiv işləyir, ayrı-ayrı saytlarda məhbus islamçılar haqqında məlumatlar verilir. Ayda ən azı bir-iki dəfə komitənin iclaslarını keçiririk.
– Bir müddət əvvəl Taleh Bağırovun vəkili ilahiyyatçıya qarşı yeni ittihamların irəli sürüləcəyinin gözləndiyini (Taleh Bağırov narkotik saxlamaq ittihamı ilə tutulub – red.) deyib. Komitənin fəaliyyəti boyu Taleh Bağırovun işində hansısa irəliləyiş görünmədi. İslamçıların Hüquqlarını Müdafiə Komitəsi kimi hansı planlarınız var?
– Müdafiə komitəsi öz öhdəsinə həmin şəxslərin azadlığa çıxması kimi iş götürməyib. Biz bəyanatlar veririk ki, onlar heç bir cinayət əməli törətməyiblər, hər birinin həbsə atılmasının siyasi kökləri var. Siyasi addımlarına, söylədikləri fikir və mülahizələrinə görə hərəsinə bir ittiham verilib. Müdafiə komitəsi nəyin bahasına olur-olsun dövlətlə qarşıdurmaya keçib onların azadlığa çıxmasına nail olmağı qarşısına məqsəd qoymayıb. Siyasi məhbuslar Azərbaycanda həddindən çoxdur, hər birinin müdafiə komitəsi bu cür fəaliyyət göstərir. Bizim məqsədimiz bu olayları gündəmdə saxlamaq, yerli və beynəlxalq təşkilatların nəzərinə çatdırmaqdır.
Taleh Bağırova yeni ittihamlar hakimiyyətin niyyətinə uyğun verilə bilər. Hakimiyyət belə şəxslərin hüquqlarını müdafiə komitələrinin acığına onlara qarşı daha sərt davranır. Bu münasibəti gözləyirik də. Məhbus hüquqşünas Qurban Məmmədovu müdafiə komitəsi olaraq ittihamı puça çıxardan ictimai rəy yaratdıq, daha bir ittiham irəli sürüldü. Hakimiyyətin mövqeyi bəllidir. Kimisə müdafiə edəndə acığa düşüb əlavə uydurma ittihamlar verirlər. Bu tendensiya gündəmə gətirilməlidir. İctimai qurumlar, hüquq müdafiə təşkilatları vətəndaşın qanunsuz tutulduğunu iddia edir. Bundan acığa düşən hakimiyyət yeni uydurma maddələr tətbiq edir. Hətta vəkillərə təzyiq göstərilir. Bunlar hamısı təsir vasitəsidir.
– Müdafiə komitəsi kimi hansısa dövlət strukturları ilə işləyirsinizmi?
– Biz bəzi şəxslərlə görüşürük, onlara ünvanlanmış bəyanatlarımızı veririk. Amma bu bəyanatlara müsbət reaksiya yoxdur.
– Taleh Bağırova yeni ittihamlar verilsə, komitə nə iş görəcək?
– Etiraz edəcəyik, verilən ittihamların əsassızlığına dair müddəalarımızı onların nəzərinə çatdıracağıq. Amma yeni ittihamların veriləcəyinə inanmıram.