“Borçalı” İctimai Cəmiyyətinin sədrindən Cəmil Həsənliyə dəstək

“Borçalı” İctimai Cəmiyyətinin sədri, Elçibəy hakimiyyətinin icra başçısı olmuş Zəlimxan Məmmədli prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayıb. Modern.az-a danışan Z.Məmmədli prezident seçkilərində keçmiş silahdaşı Cəmil Həsənlini dəstəkləyəcəyini bildirib.

O bildirib ki, hakimiyyət Qarabağ problemini həll etsəydi, iqtidara səs verəcəkdi:

“Arzu edirəm ki, əlinə rol olanlar Azərbaycanın taleyi ilə oynamasınlar. Mənim mövqeyim yenə dəyişilməz olaraq qalır. Əgər hakimiyyət Qarabağ problemini həll etmiş olsaydı, iqtidara səs vermək olardı.

Cəmil müəllimlə biz bir yerdə fəaliyyət göstərmişik. Onunla çörək kəsmişik, yol getmişik.  Cəmil Həsənli kimi ziyalı, təmiz insanlar hesab edirəm ki, Azərbaycanı qısa vaxtda cənnətə çevirə bilərlər. Təbii ki, mən də Cəmil Həsənlini dəstəkləyəcəm. Amma bu o anlama gəlməməlidir ki, mənim rəhbəri olduğun cəmiyyət siyasətə qoşulur”-deyə Z.Məmmədli mövqeyini bildirib.