Bjezinskidən Rusiyanın qonşularına Gömrük İttifaqı xəbərdarlığı

“Ukrayna Rusiyanın əyalətinə çevrilə bilər”. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq məsləhətçisi Zbiqnev Bjezinski “Deutsche Welle”yə müsahibəsində deyib.

Onun fikrincə, Gömrük İttifaqı daha çox siyasi motivli qurumdur, nəinki iqtisadi. “Tam aydındır ki, bu qurumun mahiyyətində hazırda müstəqil olan postsovet ölkələrini bir-birinin ardınca Kremlə tabe etdirmək niyyəti dayanır. Bu kontekstdə Ukrayna çox böyük “qənimətdir” və düşünürəm ki, ruslar ona yiyələnməkdə tam qərarlıdırlar”, – deyə nüfuzlu politoloq bildirib.

Bjezinski İrəvanın ardınca Kiyevin də eyni addımı ataraq Gömrük İttifaqına girəcəyini istisna eləmir. “Ancaq hər şey ukraynalıların öz əlindədir. Biz müstəqil və demokratik Ukrayna uğrunda ukraynalıların özündən çox mübariz ola bilmərik” – sabiq müşavir fikrini tamamlayıb.

Qeyd edək ki, bir sıra rusiyalı analitiklər artıq Azərbaycanın da gec-tez Gömrük İttifaqına qoşulacağı barədə proqnozlar verir, əks təqdirdə ölkəmizin Rusiyadan ciddi zərbə ala biləcəyi haqda açıq təhdidlər səsləndirirlər (musavat.com).