Avropa Yayımlar Birliyi araşdırmaya başladı; rüşvət iddiaları təsdiqlənsə sərt tədbirlər görüləcək
Azərbaycan və daha dörd ölkənin “Eurovision” mahnı yarışmasında jüri üzvlərinin səslərini pulla almasına dair iddialar ətrafında yaranmış qalmaqal böyüyüb. Virtualaz.org Britaniyanın “The İndependent” qəzetində sentyabrın 15-də dərc edilmiş məqaləyə istinadən bildirir ki, Avropa Yayımlar Birliyi adı rüşvət iddiasında çəkilən ölkələrdən Azərbaycana qarşı deyilənləri daha tuturlı hesab edib və bununla bağlı araşdırmalar a başlayıb.
Qəzetin məlumatına görə Avropa Yaymlar Birliyi (EBU) Azərbaycanı bu il İsveçin Malmö şəhərində keçirilən “Eurovision”yarışmasında təmsil edən və ikinci yeri tutan Fərid Məmmədovun bu pilləyə qalxmasında rüşvət amilinin rolu olacağından şübhələnib. EBU rəhbəri Sietse Bekker Azərbaycanla bağlı araşdırmalar başladığını açıqlayıb.
Qəzet xatırladır ki, Azərbaycan əsasən seçkilərin nəticələrinin saxtalaşdırılması ilə ad çıxarmışdı. İndi isə “Eurovision” yarışmasında xalların pulla alındığına dair iddialar meydana çıxıb. EBU rəsmiləri təsdiq ediblər ki, jüri üzvlərinə rüşvət təklif edilməsi iddiaları ilə bağlı təhqiqat başladılıb. Təhqiqatın İsveç qəzetində çıxan məqalədən sonra başladıldığı bildirilir. Qəzetə danışan anonim mənbə deyib ki, bu il Malmödə keçirilən yarışma zamanı Azərbaycan nümayəndə heyəti jüri üzvlərinin səslərini “kifayət qədər böyük məbləğə” almaq üçün cəhdlər edirdi.
Azərbaycanın bu ilki təmsilçisi Fərid Məmmədov 234 səslə ikinci yeeri tutub, birinci yeri isə 281 səslə Danimarkadan Emmelie de Forest tutumuşdu. İddialara görə jüri üzvlərinin səslərini yarımfinala bir həftə qalmış almağa cəhd göstəriblər.
EBU rəhbəri Sietse Bekker deyib ki, əksinə, onlar iddialara ciddi yanaşırlar və araşdırma başladıblar. O, Azərbaycana qarşı təhqiqat başladıldığını təsdiqləyib. Bildirib ki, iddialar təsdiqlənsə EBU sərt tədbirlər görəcək.