Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun şimal-qərb bölgəsinə səfər etməsi haqda ötən sayımızda məlumat vermişdik. Kəmaləddin Heydərovun bu səfərini hakimiyyətin ifşası saymaq olar. Çünki bu səfər zamanı bir neçə rayonun sakinləri ilə görüşdə böyük izdiham yaşanıb. 5 mindən artıq şikayətçi Kəmaləddin Heydərovla görüşə yazılıb.
“Azadlıq” radiosu xəbər verir ki, görüşün keçirildiyi ərazidə sıxlıq ucbatından huşunu itirənlər, ürəyi gedənlər olub. Bir nəfər isə halı pisləşdiyi üçün təcili yardımla xəstəxanaya aparılıb. Ərazidə xeyli sayda təcili yardım və post-patrul xidməti növbə çəkib. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin əsgərləri də görüş yerini mühafizə ediblər.ÿÿ
Məlumata görə, görüşdə Zaqatala, Qəbələ, Şəki, Balakən, Qax, Oğuz, Ismayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinləri iştirak edib. Əslində 5 mindən çox insanın şikayətçi olması hakimiyyətin indiyə qədər apardığı təbliğatın əksini sübut edir. Məlum olur ki, ölkədə həqiqətən fövqəladə vəziyyət hökm sürür və insanlar problemlərin məngənəsində sıxılır. Bildiyimiz kimi bu ərazidə zəlzələ baş vermişdi və insanlara dəymiş ziyanın ödənilməsi üçün kompensasiya müəyyən edilmişdi. Şikayətçilərin kütləviliyi onu göstərir ki, bu məsələ də öz həllini tapmayıb.
Ancaq hökumətyönlü KIV-lər şikayətçilərin sayının 700 nəfər olduğunu və bir çox şikayətçilərin probleminin yerində həll edildiyini bildirir.
“Kür” Vətəndaş Cəmiyyətinin koordinatoru Oqtay Gülalıyev bildirdi ki, həqiqətən görüşdə şikayətçilərin sayı çox olub və bunun da kifayət qədər ciddi səbəbləri var: “Bundan əvvəl Kəmaləddin Heydərov Salyanda görüş keçirmişdi və həmin görüşə də insanların kütləvi şəkildə axını müşahidə edilmişdi. Baxmayaraq ki, Salyan Kür daşqınlarının episentri deyil, yenə də insanlar dəymiş ziyana görə kompensasiya ala bilmədikləri üçün etiraz edirdilər. Sabirabad və Saatlıda bu narazılıq daha yüksək həddədir. Zaqatalada yerli sakinlərlə görüş zamanı da insanların kütləvi axını olub və zəlzələdən əziyyət çəkənlər haqlı etirazlarını bildiriblər. Əvvəla, hakimiyyətin fəaliyyəti qeyri-şəffafdır. Vətəndaş cəmiyyətinin sorğuları cavablandırılmır. Qax-Zaqatala bölgəsinə 609 milyon manat vəsait ayrılıb. Hansı şirkətlərlə müqavilə bağlanılıb, tikilən evlərin smeta xərcləri nə qədərdir və bu kimi onlarla sual cavabsız qalıb. Son 3 ildə FHN tərəfindən 1.1 milyard vəsait bu istiqamətdə xərclənib. Hesab edirik ki, bu prosesdə kifayət qədər yeyinti faktları var və dövlət büdcəsi talanır. 460 milyon Kür daşqınları ilə bağlı, 609 milyon Qax-Zaqatala bölgəsinə ayrılsa da, bu proses başa çatdırılmayıb. Bununla bağlı müxtəlif məhkəmə prosesləri gedir. Biz FHN-i məhkəməyə verməyə hazırlaşırıq və hesab edirik ki, dövlət orqanları bu prosesdə obyektiv araşdırılmalar aparılmasına səy göstərməlidir”.
Ilham Hüseyn