Hakimiyyət müəllimlərin maaşını artırmaq istəmir

Kamil Vəli «Yeni Azərbaycan»ın cavabını verdi

Samir Əliyev: «Müəllimin, həkimin və digər sosial qrupların maaşı minimum istehlak səbətini ödəmir»

“Yeni Azərbaycan” qəzeti yenə də öz ampulasındadır. Qəzet 7 səhifəsinin 4-ünü Milli Şuraya həsr etməyə qərar verib. “Azadlıq” qəzetinə müsahibə verən, fikir bildirən hər kəsin “ağzın güdür”lər. Bu dəfə isə Milli Şura üzvü, tanınmış ziyalı Kamil Vəliyə “səhv” tutublar.

Qəzet Kamil Vəlinin təkliflərinin absurd olduğunu, reallığı əks etdirmədiyini yazır. 

Kamil Vəli qeyd edir ki, islahatların aparılması üçün ilk növbədə sistem dəyişməlidir. O bildirmişdi ki, təhsildə rüşvətin qarşısını almaq üçün ilk növbədə bu sektorda çalışanların maaşları 5-7 dəfə artırılmalı, professorun maaşı minimum 2000, dosentin maaşı 1500 manat olmalıdır.

“Yeni Azərbaycan” qəzeti yazır: “Kamil Vəlinin açıqlamaları onu göstərir ki, müxalifət humanitar sahə ilə bağlı heç bir proqrama malik deyil. Bu sahədə onların aydın təsəvvürləri belə yoxdur. Kamil Vəli hansı yolla təhsil işçilərinin maaşını 5-7 dəfə artırmaq istəyir. 400 mindən çox təhsil işçisinin əmək haqqının birdən-birə artırılmasının nə ilə nəticələnəcəyini hesablayırmı? Yalandan özlərini ağıllı hesab edirlər”.

Hakimiyyətin belə aqressiv mövqeyini görəndə insan düşünür ki, Kamil Vəli maaş artımından deyil, ölkədə terror törətməkdən söhbət edirmiş.

Məmurlar 1500-2000 manat maaş aldıqları təqdirdə, milyonluq obyektlərə sahib olurlar. Ancaq bu problem yaratmır. Müəllimin maaşı 1000 mamnat olanda problem yaranır. Iqtisadi inkişaf 5 dəfə artıbsa, büdcə hər il artırsa, maaşlar niyə artmamalıdır?

Kamil Vəli “Yeni Azərbaycan”ın mövqeyi qeyri-ciddi olduğunu və bu fikirləri söyləyərkən dağdan-daşdan əsas götürmədiyini dedi: “Mənim dediklərimi Azərbaycanın maliyyəçiləri, iqtisadçıları da təsdiq edə bilər. Azərbaycanın böyük gəlirləri var və bunun əsasında neft gəlirləri dayanır. Digər tərəfdən, heç kim Heydər Əliyev fondunda nə qədər pul olduğunu bilmir, 48 milyard dollar qeyb oldu, Dubayda, Amerikada, Ingiltərdə Azərbaycanın pulları saxlanılır. Mən deyirəm ki, bu pullar ölkəyə gətirilib insanların sosial rifahına sərf olunmalıdır. Kim bunu inkar edirsə, həmin adamla televiziyada debata çıxıb, bunları sübut edə bilərəm. Hər sahədə olduğu kimi, maliyyə sahəsində də riyakarlıq edirlər. Bizim işimiz də riyakarları ifşa etməkdir”.

Iqtisadçı ekspert Samir Əliyev hesab edir ki, müəllimlərin, həkimlərin və digər sosial təbəqələrin maaşları yüksək səviyyədə olmalıdır ki, sosial vəziyyətləri yaxşılaşsın:  “Ölkədə büdcə gəlirləri ildən-ilə artsa da, bu, insanların əmək haqqında müşahidə olunmur. Əgər neft sektorunda çalışanları kənara çıxsaq, ölkədə real əmək haqqı 200 manat civarındadır. Bir nəfər üçün istehlak səbəti də 200 manatdır. Əgər bir ailənin 4 nəfər üzvü varsa, bu, 800 manat edir. Nəticədə sosial vəziyyət bərbad vəziyyətə düşür. Iqtisadiyyatımız elə bir vəziyyətdədir ki, böyük işçi ordusu büdcədən asılı vəziyyətdədir. Ölkədə özəl sektorun payı 30 faizdən çox deyil. Demək olar ki, özəl sektor yox dərəcəsindədir. Digər tərəfdən, ölkədə inhisarçılıq olduğu üçün maaş artımı, avtomatik olaraq qiymət artımı ilə nəticələnir. Rəqəbətli mühit olmadıqca, korrupsiya ləğv olunmayınca bu kimi məsələlər öz həllini tapa bilməz. Indiki iqtisadi şəraitimiz elə vəziyytdədir ki, müəllimin maaşı 50 faiz qaldırılsa, bazarda qiymətlər də 50 faiz qalxacaq”.

Ilham Hüseyn