“Hacı İbrahim özünü qurban kimi qələmə vermək istəyir”

Elşad Məmmədov: “Mənə dəyilən ziyanla bağlı baş Prokuror Zakir Qaralovun qəbulunda olub problemi dilə gətirdim. Baş prokuror bununla bağlı göstəriş verdi. Zakir Qaralov Hacı İbrahimlə bağlı ölçü götürə bilmirsə, onda ona kimin gücü çatar?”

“Hacı İbrahim Nehrəmli mətbuata ona pul atıldığını deyib. Burada məqsəd onun özünün aldatdığı insanların tələbini başqa istiqamətə yönəltməkdir”. Bu sözləri “Azadlıq”a “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmli tərəfindən aldadılan vətəndaş Elşad Məmmədov deyib. O, bildirir ki, Hacı İbrahim məsələni başqa istiqamətə yönəltmək istəyir: “İndi mətbuata informasiya ötürür ki, guya özü də qurbandır və Orxan Sadıqov adlı şəxs də onu aldadıb. Bildirmək istəyirəm ki, bu sadəcə oyundur. Orxan Sadıqov Hacı İbrahimin tikdiriyi binalarda plastik qapı-pəncərə qoyurdu. Onların arasında hər hansı münaqişə və söz-söhbətin mənə dəxli yoxdur. Mən 51 və 52 saylı mənzilləri “Həsən-96” MTK-dan almışam. Əlimdə qəbz, maliyyə arayışı var. “Həsən-96”-nın sahibi isə Emil Tağıyevdir ki, o da Hacı İbrahimin bacanağıdır. “Avesta”nın prezidenti bir müddət sonra bacanağının verdiyi sənədi qanunsuz hesab edərək ləğv edib. Nəticədə mənim 355 min manatım ortada itib. İndi Hacı İbrahim özünü və bacanağını sığortalamaq üçün mətbuata qəsdən məlumat ötürür ki, şikayəti olanlar onun da “qurban” olduğunu qəbul etsin. Mən qətiyyətlə bildirirəm ki, mənzilləri alarkən Orxan Sadıqov adlı şəxslə heç bir sövdələşmə, söz-söhbətim olmayıb”.

Elşad Məmmədov öz haqqını sona qədər tələb edəcəyini deyir: “Hacı İbrahim mətbuata ötürdüyü informasiyada Orxan Sadıqovdan şikayət olunmadığını qeyd etdirib. Yaxşı əgər zərərçəkənsə, sənə də pul atılıbsa niyə hüquq-mühafizə orqanlarına müraciət etmirsən? Özün niyə axtarırsan? Mən inanmıram ki, kimsə Hacı İbrahimə “atsın”. Onun kimi imkanlı və əlaqəsi geniş olan adama kiminsə aldatması inandırıcı görünmür. Mənə dəyilən ziyanla bağlı baş Prokuror Zakir Qaralovun qəbulunda oldum. Problemimi dilə gətirdim və işin araşdırılması üçün baş prokuror göstəriş verdi. Mənə qarşı haqsızlıq edildiyi halda, əlimdə kifayət qədər sənəd varkən baş prokuror belə Hacı İbrahimlə bağlı ölçü götürə bilmirsə, onda ona kimin gücü çatar? Hətta bu belə olarsa belə mənim məsələmə aidiyyəti yoxdur. Çünki bir daha təkrar edirəm ki, mənim məsələm də alqı-satqı “Həsən-96” MTK ilə olub”. 

Ramin DEKO