Yalçın Imanov izahat verib

Fikrət Məmmədova da müraciət edilib

Vəkil Yalçın Imanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin ondan etdiyi şikayətlə bağlı izahatını Vəkillər Kollegiyasının Intizam Komissiyasına təqdim edib. “Media forum” saytına açıqlamasında Yalçın Imanov deyib ki, izahatında hadisənin necə baş verdiyini, hakimin şikayətinin əsasının olmadığını, heç bir real arqumentə söykənmədiyini, Zeynal Ağayevin qərəzli mövqe tutduğunu, ədalətli mühakimə prinsiplərini pozduğunu qeyd edib.

Bu arada bir qrup vəkil məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.

Müraciətdə deyilir ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində 120090271 saylı cinayət işi üzrə məhkəmə istintaqı aparılır: “Həmin iş üzrə sentyabrın 5-də məhkəmə iclası zamanı məhkəməyə sədrlik edən hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərin müdafiə hüququnu kobud şəkildə pozan və ədalət mühakiməsinin prinsipləri ilə bir araya sığmayan hərəkətlərə yol verib. Belə ki, iş üzrə ekspert qismində rəy verən və məhkəmə prosesinə şahid qismində dəvət edilən Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdir müavini Məmmədov Nahid Qədir oğlu dindirilən zaman Zeynal Ağayev vəkillərin şahidə suallarına əsassız müdaxilələr edərək ekspert rəyində öz əksini tapan və təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamlara bilavasitə aid olan halların aydınlaşdırılmasına imkan verməyib”.

Müraciətdə deyilir ki, hakim Zeynal Ağayev bununla kifayətlənməyərək suallar verməkdə təkid edən vəkillərə heç bir əsas olmadan xəbərdarlıq etməklə və hətta vəkil Yalçın Imanov barəsində cinayət işinin başlanması barədə təqdimat verməklə təqsirləndirilən şəxslərin müdafiəçilərinə təzyiq göstərməyə çalışıb: “Ən təəccüblüsü odur ki, məhkəməyə sədrlik edən hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin şahidə suallar vermək hüququna məhəl qoymadan dindirməni yarımçıq saxlayıb, vəkillərin və təqsirləndirilən şəxslərin sual verməsinə imkan verməyib, məhkəmə iclasının başa çatdığını elan edib.

Hesab edirik ki, hakimin bu hərəkətləri, ədalət mühakiməsinin təməl prinsipləri ilə bir araya sığmayan, prosessual qanunvericiliyin tələblərinə zidd olan və indiyə qədər məhkəmə təcrübəsində rast gəlmədiyimiz qanunsuz hərəkətlərdir. Halbuki qanunvericiliyin tələblərinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız qanunla müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək məhkəmənin vəzifəsidir. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər.

Yuxarıda qeyd edilənləri və “Məhkəmələr və hakimlər haqqında” qanununa əsasən intizam məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər əsaslar olduğunu nəzərə alaraq hakim Zeynal Ağayev barəsində intizam icraatına başlamanızı xahiş edirik”.

Müraciəti vəkillər Yalçın Imanov, Azər Əzizov, Abil Bayramov, Elçin Əliyev və başqaları imzalayıb.