Quduzluğun əlamətləri

Bir əlaməti də seçki ərəfəsində xaricdən müğənni gətirmək imiş!

Tibbi adı quduzluq olan, insanlara adətən itlər, çaqqallar, tülkülər və s. heyvanlar vasitəsi ilə keçən bu yoluxucu xəstəlik son 150 ilə qədər bəşəriyyətin ən böyük bəlalarından biri sayılırdı. Beyin iltihabı (ensofalit) ilə davam edən bu mistik xəstəlik daşıyıcılarını, bizim dildə desək, quduran heyvanları, eləcə də onların yoluxdurduğu insanları iki əsr əvvələ qədər məhv edirdilər. 

XVI əsrin əvvəllərində tibbə məlum olan bu xəstəlik, təxminən dörd əsr yarım bəşəriyyətin ən böyük bəlasına çevrildi. Yalnız 1885-ci ildə fransiz alimi Lui Paster bu xəstəliyə qarşı peyvəndi icad etdi. 

Bəşəriyyətin bu xəstəliyə nifrəti və qorxusu isə hələ də qalır. Görünməmiş vəhşiliklər, insanlığa sığmayan hərəkətlər bir qayda olaraq, quduzluqla müqayisə edilir. Xocalı körpələrinin dərisini soyan ermənilər, qorxulu silahlarla öz vətəndaşlarını məhv edən diktatorlar haqda söz düşəndə, qeyri-ixtiyari olaraq, bu xəstəliyə xas olan, quduzluq, azğınlıq, qudurğanlıq kimi terminlərdən istifadə edilir.  

Üç gün əvvəl prezident Ilham Əliyev azərbaycanlı məmur-oliqarxları tənqid edərkən onları qudurğanlıqda ittiham etdi, onların milyonlar xərcləyib xaricdən müğənnilər gətirməsini pislədi. 

Bu, oxşar mövzuda ikinci ittihamdır, səhv etmirəmsə, fevral ayında, Ismayıllı üsyanından sonra da prezident eyni sözləri məmur-oliqarx balaları haqqında söyləmişdi. 

Belə çıxdı ki, oliqarx-məmurlar bu dəfə özləri qudurublar, özləri üçün əlamətdar tarixləri unudulmaz etmək üçün milyonlar xərcləyib dünya ulduzlarını Bakıya gətirirlər… 

Bir anlığa təsəvvür edin ki, Ilham Əliyev məmurlara belə bir sual verir: “Günü bir neçə milyon olan xarici müğənnini Bakıya hansı pula gətirirsiniz?!”

Çətindir, deyilmi? Istənilən azərbaycanlı məmur-oliqarx  əmindir ki, onların prezidenti bu sualı verməyə heç vaxt cəsarət etməz. 

Fantaziyamızı bir az da zorlayaq, təsəvvür edək ki, Ilham Əliyev özündə cəsarət taparaq, bu sualı verir… 

Yüz faiz əminəm ki, prezident bu sualın ardından məmur-oliqarxlara on-on beş dəqiqə vaxt verəcək ki, deyib-gülüb sakitləşsinlər.  

Prezident də daxil olmaqla, uşaqdan-böyüyə bütün Azərbaycan oliqarx-məmurların gəlir mənbələrini gözəl bilir. Dövlət büdcəsindən layihə adı altında milyardlar oğurlayan məmurların ixtiyarında bir də uşaq baxçasından başlayıb, məzar yerinin satılmasında bitən bir rüşvət mexanizmi var. Inanılmazdır, amma bir həqiqətdir ki, prezidentin bunlardan xəbərsiz olduğu haqda “YAP nağılları” da son vaxtlar uşaqların anlaya biləcəyi bir dildə yazılır…

Prezident əslində oliqarx-məmurlardan xahiş edir ki, seçki ərəfəsində əhalini qıcıqlandıra biləcək proyektlərə imza atmayın, Cenifer Lopes, Rihanna, Tarkan, Mila Yovoviç kimi bahalı ulduzlardan müvəqqəti də olsa, əl çəkin. Seçki qurtarsın, kimi istəyirsiniz, onu da gətirin! 

Kimə deyirsən?!.

Biz yuxarıda quduzluq xəstəliyi haqda söhbət açdıq, qeyd etdik ki, bəşəriyyət təxminən 130 il bundan əvvəl bu xəstəliyə çarə tapdı. Lakin onu qeyd etməyi unutduq ki, bu xəstəliyə operativ müdaxilə vaxtında olmayanda, müalicəsi mümkünsüz olur. Və qədim zamanlarda necə edirdilərsə, indi də onu edirlər, iti güllələyir, sağalmaz xəstə üçün də dəfn tədarükü görürlər. 

Bir neçə il bundan əvvəl ərəb inqilablarından qorxuya düşən iqtidar, rüşvəti qeyri-müəyyən vaxta qədər yığışdırmağa qərar verdi. Zarafat deyildi, oxşar rejimlər bir-birinin ardınca solurdu, – Tunis prezidenti qaçmışdı, Yəmən prezidenti Salehə diri-diri od vurmuşdular, Qəzzafi xarabalıqda gizlənmişdi, Hüsnü Mübarəki axtarışa vermişdilər, Suriyada müxalifət silaha sarılmışdı…

Bu hadisələr fonunda (daha nələr olmalı idi ki? – X.Ə.) iqtidar rüşvətdən vaz keçə bilmədi. Çünki ölkə inqilabın bir addımlığında idi, rüşvət verməyə adət etmiş xalq qəflət yuxusundan ayılmağa başladı. Iqtidar bu səhvi bir neçə günə  “düzəltdi”, rüşvət, korrupsiya daha da çiçəkləndi və kütləvi həbslər yenidən başladı. Rejim ölümdən döndü. 

Rejimin, heç olmasa seçki ərəfəsində tamahına müvəqqəti olsa “dur” deməyi bacarmaması, onun yuxarıda bəhs etdiyimiz xəstəliyin ən son mərhələsində olmasını göstərir.  

…Bəxtimiz onda gətirib ki, bu xəstəliyə bir qrup məmur-oliqarx yoluxub, milyonlarla vətəndaşımız sapsağlamdır və bu dərdə mübtəla olanlardan yaxa qurtarmağın yolunu bilir. 

Elə quduzluğun özü də müasir dövrdə o qədər də təhlükəli deyil…