Sevindirici bir görsəniş: I.Əliyev “öz nümunəsindən” danışıb. Bu, uşağını Azərbaycanda oxutmaq “nümunəsidir”. Sən demə, “öz milli köklərindən ayrılmamaq”, “milli ruhda böyümək”, “tərbiyə almaq” üçün… Azərbaycanda oxumalısan. Bu, on illik prezidentlikdən sonra I.Əliyevin gəlib çıxdığı sonucdur – 21-ci yüzil, 20-ci yüzil yox e, 19-cu yüzil intellektual düşüncəsinə yad sonuc!
Istər başqa ölkələrin, istərsə də Azərbaycanın özünün görküsündən çıxış edərək çoxlu uyğun fakt göstərmək olar, uzunçuluq etməmək üçün mən bircə fakt göstərirəm: 20-ci yüzilin o başında Azərbaycanda dünyanın ən demokratik dövlətini quranların, demək olar, hamısı Rusiyada, Avropada oxuyub gəlmişdi. Hamısı da sonadək milli dəyərlərimizin keşiyində duran kimsə idi. Başqa yerlərdə oxuyub gəlmiş, başqa yerlərdə yetişmiş Azərbaycan siyasi komandası! Bəs I.Əliyevin komandası necədir? Faktik olaraq Azərbaycana düşmən, milli dəyərlərimizə yad yığın! I.Əliyev on ildir dönə-dönə “qudurğan” adlandırdığı belə bir yığının başında durur. “Dözülməzdir. Ona görə onlara kəskin sözümü dedim ki, vəzifədən azad edəcəyəm”. Bunun yalan, seçkiqabağı başaldatma olduğunu yalnız Fatma-Tükəzbanlar anlamaya bilər. On illik praktikadan, siyasi sistem prinsiplərindən göründüyü kimi, sən o komandanın kapitanısan. Başqa cür desək, intellektual, milli dəyərlərə bağlı komanda sənlik deyil.
Niyə sənlik deyil? Özün milli-mənəvi dəyərlərə, Böyük, Bütöv, Özgür, Demokratik Azərbaycan idealına bağlı olmadığından sənlik deyil! Elə olmasaydı, az-çox demokratiya yolunda olan bir ölkəni “Azərbaycan gələcəkdə demokratik ölkə olacaq” yalanları ilə gətirib diktaturaya çıxarmazdın. Elə olsaydı, gerçəkçi jurnalistləri çeşidli yollarla repressiyaya uğratmaz, müxalifəti ermənidən ötə düşmən gözündə görməzdin. Elə olsaydı, televiziyaları başında durduğun antixalq hakimiyətini qoruyub saxlamaq üçün bütünlüklə milli-mənəvi dəyərləri aşındırma faktoruna çevirməzdin. Alman kompaniyasının 5 milyon dollara çəkəcəyi yolu Ziya Məmmədova 27 milyon manata çəkdirən prezident necə milli-mənəvi dəyərlərdən danışa bilər?
“Öz nümunəmə” gəlincə, birinci, dilimizin arındırılması ilə bağlı dönə-dönə biri də yerinə yetirilməyən “sərəncamlar” verən prezident bilməlidir: “nümunə” ərəbcədir, bizim dildə ÖRNƏKdir. Ikinci, biz o “nümunənin” nədənini gözəl bilirik. Ancaq bildiyimizi bir qırağa qoyub, onu alqışlamaq istəyirik. Di gəl, alqışlaya bilmirik. Müxalifətçi olduğumuza görə yox, bir çox anti”nümunəvi” faktları bildiyimizə görə. 75 milyonluq Dubay mülkləri, 48 milyard dollarlıq ofşor, çoxmilyonluq Karlovı-Varı kimi faktlardan, ölkənin başlıca yeraltı-yerüstü gəlir qaynaqlarını, başqa cür desək, bütün ÖLKƏNI bir Ailənin IŞĞAL zonasına çevirəndən sonra hansı “nümunədən” danışmaq olar? Bütün bu görsənişləri tərsinə çevirib xalqa qaytarandan, qanunçu recim yaradandan sonra, yalnız ondan sonra ÖRNƏK -“nümunəvi” prezident-başçı statusu qazanmaq olar. Biz çox istərdik bizim prezidentimiz kimliyindən, miliyətindən (türk, talış, avar, ləzgi, saxur…) olmasından asılı olmayaraq gerçəkdən hamıya, bütün Azərbaycana ÖRNƏK kimsə olsun. Müxalifətçi jurnalist olaraq bildirirəm: məndən ötrü prezidentin hansı siyasi partiyadan olması önəmli deyil, onun gerçəkdən ÖRNƏK kimsə olması önəmlidir!
Ağdamlı köçkün Səfurə Hüseynovanın sığınacağında çaya qonaq olan I.Əliyev deyib: “Azərbaycanda təhsilin səviyyəsi elə yüksək olmalıdır ki, heç kim daha xaricə getməsin, buna ehtiyac olmasın”. Bunu on ilin prezidenti deyib. Buna görə mən Azərbaycan xalqı adından Səfurə xanımın qarşısında diz çöküb yalvarıram: “Yetər rüşvəti-korrupsiyanı DÖVLƏT SIYASƏTINƏ dönüşdürdünüz, yetər təhsil sistemimizi rüşvət içində antitəhsil sisteminə çevirdiniz, bu xalqa yazığınız gəlsin yoldaş Səfurə Hüseynova!”.