“Bu ölkəni bataqlıqdan Milli Şura çıxara bilər”

“Difai”nin Siyasi Şura sədri: “Hakimiyyətin siyasəti xalqa qarşı aparılan soyqırımdır”

“Difai” partiyasının Siyasi Şurasının sədri Adil Mirzəyev  ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini “Azadlıq”la bölüşdü. Qeyd edək ki, 82 yaşlı Adil Mirzəyev çox ağır həyat yolu keçib və yaxınları Müsavat ordusunda təmsil olunduğu üçün onu uzun illlər həbsdə saxlayıblar. Ona görə də öncə Adil Mirzəyev öz həyat yolu haqqında qısa məlumat verdi.

Ölkəmi sevdiyim üçün 17 il həbs həyatı yaşamışam

1 mart 1933-cü ildə Gəncə şəhərində anadan olmuşam. Bizim nəslimiz 20-ci ildə Gəncə üsyanında fəal iştirak edib. Dayım Məmmədov Əliqara Müsavat ordusunun yüksək rütbəli zabitlərindən olub. 1937-ci ildə onu həbs edib Bakıda güllələdilər. Anası Məşədi Leylanı, kiçik dayımı, atamı, xalamoğlunu da həbs etmişdilər. Atam həbsdən çıxandan sonra həbsdəki işgəncələr səbəbindən dünyasını dəyişdi. Sonra xalq düşmənlərinin bacısı olduğu üçün anamı həbs etdilər və 7 ay həbsdə saxladılar. 1947-ci ildə, 13 yaşım olanda məni də həbs etdilər. Sonra məni Zaqatala uşaq islah əmək koloniyasına göndərdilər, çoxlu işgəncələr verdilər. 1949-cu ildə 7 nəfər üsyan qaldırdıq. Ancaq qoşun yeridilərək üsyan yatırıldı. Üsyanın iştirakçısı olduğum üçün və “xalq düşməni”nin övladı olduğum üçün cəzamı artırdılar. Sonra məni Gürcüstan həbsxanasına apardılar. Bir neçə dəfə qaçmağa cəhd etsəm də, bu mümükün olmadı. Sonra məni Voronejə göndərdilər. Bir neçə dəfə cinayət işi açıb, cəzamı artırdılar. Nəhayət “lager”dən qaçdım və 7 aydan sonra məni həbs etdilər. Məni Keşlə həbsxanasına apardılar. Burda da müəyyən etirazlar etdim və cəzamı 8 il artırdılar. Sonra məni Sibirə göndərdilər. Mən orda siyasi dustaqlarla, almanlarla yaxınlıq edirdim. Həbsdə çoxlu mütaliə edirdim. Oxuduğum kitabların sayı-hesabı yox idi. Dünyagörüşüm çox geniş idi. Mən orda meşə təsərrüfatını çox yaxşı öyrəndim.  Sonra texnoloq işlədim, əməyin normalaşdırılması, qiymətləndirilməsi məsələsini öyrəndim. 8 ildən sonra məni azad etdilər. Mənim həbs həyatım, vətənimi sevməyimlə bağlıdır. Mən Gəncəyə qayıtdım. Fəhləlikdən başlayıb, zavod direktoruna qədər yüksəldim.

“Difai” ilk ictimai-siyasi təşkilatdır

Mən ilk dəfə “Difai” haqqında həbs olunanda məlumat almışam. “Difai” 1905-ci ildə yaranıb. “Difai”çilər böyük işlər görüblər. “Difai” müdafiə deməkdir. Bu partiyanı Azərbaycanın böyük ziyalıları Əhməd bəy Ağaoğlu, Kərim bəy Mehmandarov, Ələkbər bəy Rəfibəyov və başqaları yaradıblar. Erməniləri dizi üstdə oturdublar. “Difai” ilk ictimai siyasi təşkilatdır. Cümhuriyyətin qurulmasında da bu partiyanın böyük rolu olub. Fətəli xan Xoyski də “Difai”çi olub. Mən Gəncədə onların xatirəsini əbədiləşdirmək üçün əlimdən gələni etmişəm, onlara büst qoydurmuşam. Mən 49-cu ildən “Difai”çiyəm. Rəsmi olaraq 2001-ci ildə bu partiyanı yenidən bərpa etmişik.
Hakimiyyət məqsədyönlü şəkildə xalqın soyqırımını həyata keçirir.
1993-2013-cü il Azərbaycan xalqının taleyinə düşən yeni repressiya payıdır. Xalq müstəqillik uğrunda mübarizəyə qalxdı, əvəzində isə sovet KQB-yə sədaqətlə xidmət etmiş adamların qurduğu avtoritar rejim repressiyasına tuş gəldi. Bu repressiyanın taunu xatırladan nəticələri göz qabağındadır. 3 milyona yaxın insan bir parça çörək üçün müxtəlif ölkələrə getməyə məcbur olub, yüzlərlə insan qondarma ittihamlarla həbsxanaya salınıb, minlərlə insan isə siyasi motivlərlə işləmək hüququndan məhrum edilib, orta ömür 56 yaşa enib. Fəlakətlərin siyahısını genişləndirmək də olar. Mən bu baş verənləri məqsədyönlü surətdə aparılan soyqırımı hesab edirəm. Azərbaycan xalqına bundan böyük pislik etmək olmaz.
Heydər Əliyevin hakimiyyətə gəlişi bugünkü faciəmizin bünövrəsin qoydu
1969-cu ildə Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlməklə, xalqın faciəsinin bünövrəsi qoyuldu. Məhz həmin dövrdən tayfaçılığa, regionçuluğa rəvac verildi. Azərbaycan xalqının millət kimi formalaşmasına ciddi əngəllər yaradıldı. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə təkrar gəlişi mənəvi tərəqqimizə xitam verdi. Xalq anlamalıdır ki, onun torpaqları hakimiyyətə gəlmək naminə satılıb, bütün milli sərvətlərini bir qrup mənimsəyib, vəziyyət isə getdikcə daha dramatik görkəm alır. Bu hakimiyyət qaldıqca problemlərimiz artmaqda davam edəcək.

Xalq bu hakimiyyətə səs verə bilməz

Ölkədə 1 milyon 300 min təqaüdçü var. Bunların orta aylıq təqaüdü 110-120 manat təşkil edir. Məsələn, mən özüm 52 il işləmişəm və 164 manat alıram. Bu pul isə mənim kommunal xərclərimi ödəyir. Səhhətimə görə hər ay almalı olduğum dərmanlar 166 manat təşkil edir. Bundan çıxan nəticə odur ki, mən acından ölməliyəm. Indi siz deyin, bu rejim cinayətkar deyilmi? Bir adamın aylıq istehlak səbəti 170 manat təşkil edir. 200 manat maaş alan, 300 mindən çox həkim, müəllim bu hakimiyyətə niyə səs verməlidir? Ölkədə 1 milyon işsiz var, 2 milyon yarımdan çox əhali ölkədən qaçıb. Bu adamlar hakimiyyətə səs verə bilərmi? Hakimiyyət yalnız saxtakarlıqla seçkidə qalib gələ bilər. Bunun əksini heç kim mənə sübut edə bilməz və mən bunu öz qanımla imza etməyə hazıram. Rəsmən deyirəm ki, bu hakimiyyət xalqı soyqırımı edib. Mən başqasının həyatın xilas etmək üçün yalan danışaram, ancaq öz həyatımı xilas etmək üçün yalan danışmaram. Dediyim hər sözün arxasında dururam.

Sona qədər Milli Şura və onun namizədinin yanındayıq

“Difai” partiyası Milli Şuranı dəstəkləyir. Bu qurumun hədəf və məqsədləri ilə həmrəy olaraq, onun sıralarına qoşulduğunu bəyan edir. Həmçinin Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlini sona qədər dəstəkləyəcəyini bildirir. Ölkədə ağır ictimai-siyasi antixalq mühiti var. Hakimiyyət vətəndaşların Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarını tapdayır. Ölkənin bütün sərvətləri vəhşicəsinə dağıdılır, kənd təsərrüfatı məhv edilir. Ölkə faktiki olaraq bir qrup oliqarx və korrupsionerin girovundadır. Düşünürük ki, xalqı bu bataqlıqdan yalnız Milli Şura çıxara bilər. Bu qurumda təmsil olunan insanlar ləyaqətli, cəsarətli və xalqın sevən insanlardı. Azərbaycan xalqın bu qurumun ətrafında birləşməyə çağırırıq.

İlham Hüseyn