AXCP Ali Məclisində mitinqlərə və seçkiyə hazırlıq müzakirə edildi; Əli Kərimli partiya üzvlərini səfərbərliyə səslədi (VİDEO)
AXCP Ali Məclisinin ötəngünkü sessiyası birbaşa seçki hazırlıqlarına həsr edilmişdi. Sessiya öz işinə ötən gün vəfat edən partiyanın Imişli rayon şöbəsinin fəalı Ehtiram Hüseynlinin, Tovuzda intihar edən əsgərin və həbsdəki NIDA-çı Rəşadət Axundovun özünü öldürən babasının xatirəsini anmaqla başladı.
Sonra ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələrlə bağlı AXCP sədri Əli Kərimli məruzə etdi.
Təşəkkürlər, amma daha ağır iş öndədir
Əli Kərimli Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin qeydə alınması üçün imzatoplama kampaniyasında fəal iştiraklarına görə partiya fəallarına təşəkkür etdi. Bildirdi ki, imzalar qısa müddətə və yüksək məsuliyyətlə yığılıb. Bu da yerlərdə partiya fəallarının hazırlıq səviyyəsi barədə müsbət siqnal deməkdir. Lakin növbəti mərhələ üçün qarşıda daha çətin vəzifələr durur.
AXCP sədri dedi ki, ölkədə normal seçki mühiti yoxdur. Sərbəst toplaşma azadlığı məhdudlaşdırılıb, müxalifət televiziyalara buraxılmır, seçki təbliğatı dövrü üçün isə məqsədli şəkildə pulsuz efir vaxtı çox az, reklam qiymətləri isə çox yüksək müəyyənləşdirilib.
İlham Əliyevin yersiz səxavəti xalqı aşağılamağa hesablanıb
Əli Kərimli hakimiyyətin seçki komissiyalarını birmənalı şəkildə nəzarətdə saxlamasını da tənqid etdi və bildirdi ki, müxalifət ədalətsiz formada, qanunsuz olaraq qeyri-bərabər imkanlarla seçkiyə gedir.
AXCP sədri vurğuladı ki, hakimiyyət namizədi, hazırkı ölkə başçısı Ilham Əliyev qanunu pozaraq vaxtından qabaq, həm də inzibati resurslardan istifadə etməklə seçki təbliğatı ilə məşğul olur. O, buna nümunə kimi son günlər məvaciblərin 10 faizlik artımı ilə bağlı Ilham Əliyevin verdiyi sərəncamlara diqqət çəkdi və əlavə etdi: “2013-ci ilin dövlət büdcəsi qəbul olunarkən bu artımların yanvar ayından artırılması nəzərdə tutulurdu. Ilham Əliyev isə bu qanunun icrasını ləngitdi, faktiki insanları 8 ay o artımdan məhrum etdi. Biz indi bunu müzakirə etmirik ki 10 faizlik artımlar Azərbaycandakı qiymətlərin, infiliyasıyanın yanında heç nə deməkdir, amma bunu edilmə forması insanlarımızın aşağılanması deməkdir. Bu eyni zamanda Seçki Məcəlləsinin qadağan etdiyi vətəndaşları pulla ələ almağa yönələn addımdır. Burda ən ciddi məqam vətəndaşlarımıza aşağılayıcı nəzərlə baxmaqdır. Hökumət hesab edir ki, Azərbaycan vətəndaşı o qədər avamdır, sadəlövhdür ki, onun ilin əvvəlindən almalı olduğu pulu seçki ərəfəsində verəndə o yenə şükür edəcək, minnətdar olacaq və ona səs verəcək”.
Hökumət bərk qorxur
AXCP sədri bir sıra başqa pozuntuları da sadalayaraq bildirdi ki, bütün bunlar hakimiyyətin hətta 21 günlük rəqabətə də tab gətirmək gücündə olmadığını, müxalifətdən qorxduğunu, hakimiyyətin özünə inamsızlığını göstərir: “Onlar bilir ki, 21 günlük ədalətli kampaniya da onların ömrünə son qoya bilər. 2003-2005 seçkilərindən sonra hakimiyyət başa düşüb ki, seçkini imitasiya eləmək belə onlar üçün təhlükəlidir”.
Hamı Cəmil Həsənli üçün
Əli Kərimli Milli Şuranın bütövlüyünün saxlanmasını və Cəmil Həsənlinin yekdil səsvermənin nəticəsi kimi vahid namizəd seçilməsini müxalifətin uğuru kimi təqdir etdi.
Cəmil Həsənlinin namizədliyi barədə danışan Əli Kərimli ölkədə demokratik dəyişiklik istəyən bütün təşkilatları ona dəstək olmağa səslədi. Bildirdi ki, Cəmil Həsənli konkret hər hansı partiyanı təmsil etmir, bütövlükdə demokratik düşüncənin təmsilçisi, dəyişiklik istəyən xalqın namizədidir.
Pul sınağı
AXCP sədri sessiya iştirakçıları qarşısında konkret tapşırıq və tövsiyələrini də açıqladı. O qeyd etdi ki, Cəmil Həsənliyə ən vacib kömək onun seçki hesabına ianələrin köçürülməsidir. “Azərbaycanlılar demokratiya naminə canından keçməyi, azadlığını qurban verməyi bacardığı kimi, malından, pulundan da keçməyin ənənəsini yaratmalıdırlar”,- deyən Əli Kərimli cəbhəçiləri bu ianə marafonunun avanqardı olmağa çağırdı: “Cəbhəçilər təkcə özləri fədakarlıq etməklə kifayətlənməməlidirlər. Onlar ətraflarındakı başqa vətəndaşlarımızı, bütövlükdə xalqımızı azad və ədalətli cəmiyyətdə yaşamaq üçün öz büdcələrindən müəyyən ayırmalar etməyə öyrətməlidirlər”.
Insanlarla insanlar üçün
Əli Kərimli təşviqat kampaniyasının təşkilindən danışaraq vurğuladı ki, insan resurslarından maksimum səmərəli istifadə olunmalıdır. Hər bir evin qapısı döyülməli, Milli Şuranın ideyaları və təşviqat materialları hər mənzilə çatdırılmalıdır. Bunun üçün böyük könüllülər ordusu yaradılmalıdır.
Mitinq
AXCP sədri daha sonra keçiriləcək kütləvi aksiyalara toxundu. Milli Şuranın 22 sentyabra mitinq təyin etdiyini yada salaraq bildirdi ki, AXCP üzvləri aksiyanın daha mütəşəkkil və pozitiv alınması üçün yorulmadan çalışmalıdırlar.
AXCP sədri məşvərətçi səs hüququ ilə müşahidəçilərin müəyyən edilməsi üçün yerli qurumların çevik hərəkət etməsini də tapşırıq verdi.
Əli Kərimli çıxışını belə bir müraciətlə bitirdi:
“Hörmətli xanımlar və bəylər. Bu seçki kampaniyasına sadəcə bizim üzərimizə düşən vəzifə kimi baxmayın. Bu kampaniyaya ölkədə gerçəkdən köklü dəyişik fürsəti kimi baxın. Hər günün qədrini bilək. Biz bu seçki kampaniyasında keçiriləcək mitinqlərə yalnız seçki mitinqləri kimi baxmayaq, eyni zamanda protest hərəkatını səfərbər etmək üçün fürsət kimi baxaq.
Bu gün biz iclasımıza başlamazdan qabaq Rəşadət bəyin babasının ruhunu andıq. Onun babası öz əcəli ilə ölməyib. Nəvəsinin növbəti dəfə haqsız, ədalətsizcəsinə ağır cinayətdə ittiham olmasına dözməyən, bu çarəsiz insan, 45 ilin müəllimi nə vəziyyətə düşdü ki, damarlarını kəsərək intihar elədi. Təsəvvür edilirsiniz bu nə deməkdir? Bu hər kəsin qapısını döyə biləcək bir bədbəxçilikdir
Azərbaycanlılar gərək belə hadisələri eşidəndə düşünməsinlər ki, nə yaxşı bu dəfə də məndən yan ötdü. Belə hal bir gün hamımızın qapısını döyə bilər. Ona görə də növbəmizi gözləmədən, hamılıqla ləyaqətli həyat uğurunda mübarizəyə qoşulmalıyıq. Və biz 22 sentyabr mitinqində də xalqa açıq müraciət etməliyik, söhbət yalnız bura gəlib Cəmil Həsənlini müdafiə etməkdən getmir. Eyni zamanda haqsız yerə girovluqda saxlanılıb çürüdülən gənclərə arxa durmaqdan gedir…
Bizim əqidədaşlarımız var ki ciblərinə narkotika qoyularaq şərləniblər, müxtəlif böhtanlarla həbs ediliblər, onlara azadlıq tələb etmək fürsətindən söhbət gedir…
On minlərlə insanın mülkiyyətini əllərindən alıblar, o mülkiyyətləri geri almaq üçün tələb etmək imkanıdır…
Onlarla ilahiyyatçı alimi böhtanla şərləyiblər, uzun müddətə azadlıqdan məhrum ediblər, onlara azadlıq tələb etmək fürsətidir bu mitinq.
Bütövlükdə Azərbaycan xalqına son 20 ildə zülm edən bir rejimə etiraz etmək fürsəti kimi baxmaq lazımdır bu mitinqlərə.
Sonda sizə demək istəyirəm ki, avtoritarizmlə mübarizə kimə görəsə, kiminsə xahişi ilə ola bilməz. Avtoritarizmlə mübarizə nələrisə maddi olaraq eldə etmək naminə ola bilməz. Avtoritarizmlə mübarizə könüldən gəlməlidir, qəlb işi olmalıdır. Bu iş ideala sədaqət tələb edir. Vəziyyətlə barışmamaq tələb edir. Nəticəsini bu gün, sabah görə bilməyəcəmsə, mən bu işdə yoxam demək, ideallara yaraşmayan yanaşmadır. Belədə sənin o gündəlik qayğıları ilə yaşayanlardan fərqin yoxdur.
Bunun üçün mən sizin ağlınızla bərabər hisslərinizə də müracət edirəm: bu zülmün illərlə davam etməsi ilə barışmaqmı fikiriniz var? Bu kampaniyanın verəcəyi fürsətlərin əldən çıxmasına dözməkmi fikiriniz var?
Biz mümkün olanı da, olmayanı da etmək üçün çox fədakarlıqlar göstərməliyik. Biz Azərbaycanda xalqımızın azad və ədalətli şəraitdə yaşayacağına inanırıq. Biz xalqımızı buna layiq bilirik. Kimlərsə qoy, bizi layiq bilməsin. Onlarla xalq bu ağır yolu keçib gedə bilirlər, onlarla xalq öz zalımlarına qalib gəlməyin yolunu tapıblar, bunun üçün onlar mallarından da, canlarından da, azadlıqlarından da keçiblər, sonda azad olublar. Bizim xalq bunu etməyəcək? Biz də bunu edəcəyik! Biz də bunu bacaracağıq və hesab edirəm ki, qarşıdan gələn seçki bu imkanı bizə verəcək!
Biz bütün gücümüzü, xüsusən mənəvi gücümüzü bu iş üçün səfərbər etməliyik!”.
***
AXCP sədrinin məruzəsindən sonra partiyanın yerli təşkilatlarının təmsilçiləri çıxış etdilər.
Ismayıllı rayon şöbəsinin sədri Sadiq Əliyev Milli Şuranın Azərbaycan xalqının demokratiyaya qovuşması üçün çox uğurlu format olduğunu bildirdi və dedi ki, əhali bu formatı təqdir edir. O, çağırış etdi ki, bəzi özünü müxalif sayan mətbuat oqranları Milli Şura ilə bağlı tərəddüd yaradan məqalələr dərc etməsinlər.
Ağdaş şöbəsinin sədri Həmid Azəri çıxışında bildirdi ki, hakimiyyət saxtakarlığa ciddi hazırlıq aparır. Ona görə də ruhdan düşmək yox, daha qətiyyətlə mübarizə aparmaq lazımdır. O dedi ki, çoxu müəllim olan seçki komissiyalarının üzvlərinə müracət edilməlidir ki, nece olur, siz müəllimlərin belini qıran rejimın qalması üçün saxtakarlığa gedirsiniz?
Masallı rayon şöbəsinin sədri Əlişir Əliyev də rayonda imzatoplama kampaniyası barədə məlumat verdi. Dedi ki, Cəmil Həsənlinin namizədliyini əhali rəğbətlə qarşılayır. O, rayon şöbəsinin ianə kampaniyasında aktiv rol oynayacağını da bildirdi.
Şöbə sədrləri Şahverdi Mikayılov (Göyçay), Rövşən Alışlı (Beyləqan) da çıxışlarında yerlərdə aparılan işlər barədə fikirlərini açıqladılar.
Sessiyaya qonaq kimi qatılan Difai Partiyasından Natiq Məmmədov, eləcə də “əsəgər ölümlərinə yox” aksiyasının fəallarından şəhid atası Bəyalı Əzizov AXCP-nin haqlı mübarizəsini təqdir edən qısa çıxışlar etdilər və bütün qüvvələri ilə Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəkləyəcəklərini bildirdilər.
AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı seçkiyə hazırlıq baxımından bir sıra təkliflər irəli sürdü. O, daha sonra hakimiyyətin hazırkı durumu və beynəlxalq birliklə münasibətləri barədə fikirlərini səsləndirdi. Dedi ki, hakimiyyət özünü nə qədər arxayın göstərməyə çalışsa da, vəziyyətinin yaxşı olmadığı hiss olunur. Hakimiyyət seçkiyə beynəlxalq birliklə konfrantasiya şəraitində gedir. Belə vəziyyətdə ardıcıl siyasi mübarizə, insanları səfərbər etmək, saxtakarlığı diqqətə çatdırmaq hakimiyyəti siyasi böhrana sala, dəyişikliklərə yol aça bilər.
AXCP sədrinin müavini Gözəl Bayramlı isə seçki qərargahının üzvü kimi hesabat xarakterli şıxış etdi. O, həmçinin, bundan sonra görülməli işlərlə bağlı konkret tapşırıqlar verdi.
Sessiyanın yekununda bütün şöbələrin sessiyadan əvvəl verilən tapşırıqlarla bağlı konkret hesabatları dinlənildi.
Sessiya partiya sədri Əli Kərimlinin yekun çıxışı ilə tamamlandı.
Natiq Güləhmədoğlu