AŞPA-nın ilkin rəyi mənfi oldu

Müşahidə missiyası bəyanat verdi

«Ölkə başçısının mətbuatda geniş kampaniyası gedir»

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçki qabağı müşahidə heyəti bəyanat yayıb. Bəyanatda bildirilir ki, onlar sentyabrın 10-dan 13-nə qədər Bakıda olub Ilham Əliyev və prezidentliyə digər namizədlər, Milli Məclisin sədri, Azərbaycanın AŞPA-dakı parlament üzvləri, MSK sədri, Daxili işlər naziri, siyasi partiyaların rəhbərləri, QHT və mətbuat təmsilçiləri, eyni zamanda Bakıda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri ilə görüş keçiriblər.

“Biz MSK sədri ilə görüşüb aparılan işlərlə maraqlandıq. Bizə bildirildi ki, MSK seçkinin yaxşı təşkil edilməsi üçün səylər göstərir. Seçki komissiyalarının effektli fəaliyyət üçün test seçki günü olacaq. Təəssüf hissi ilə qeyd edirik ki, ölkə miqyaslı debatlar yoxdur. Ilham Əliyevin kampaniyada şəxsən iştirak etməməsi onun tanınmış olması ilə əlaqləndirilir. Bu isə ciddi təəssüf doğuran haldır. Bununla yanaşı ölkə başçısının mətbuatda geniş kampaniyası gedir. Bu isə başqa namizədlərə bu başdan əlverişsiz şəraitin yaradılması deməkdir. Təəssüf hissi ilə qeyd edirik ki, AŞPA-nın tövsiyələrinin çoxu həyata keçirilməyib. Həyata keçirilməmiş tövsiyələr ifadə, toplaşma və birləşmə azadlıqları və funksional plüralistik demokratiyadır. Venesiya Komissiyasının seçki komissiyalarının tərkibi ilə bağlı tövsiyələri tələb olunduğu kimi deyil, tamamilə başqa cür həyata keçirilmişdir. Çoxsaylı problemlərə baxmayaraq, seçkinin nəticələrinin Avropa Şurası standartlarına uyğun olacağına və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə ümid edirik” – deyə bəyanatda qeyd olunur.

Informasiya şöbəsi