ABŞ və Rusiya Suriya məsələsində razılığa gəldi?

Lavrov: «Kerri ilə görüşümüz əla keçib, birlikdə çox şey edə bilərik»

BMT suriyalı qaçqınlara  50 milyon dollar ayırdı

Cenevrədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında Suriyanın kimyəvi silahı ilə bağlı keçirilən danışıqlar başa çatıb.  «Bizim Kerri ilə görüşümüz əla keçib. Danışıqlar başa çatıb. Biz Kerri ilə birlikdə çox şey edə bilərik», – deyə S.Lavrov görüşdən sonra bildirib. Qeyd edək ki, bu görüş üç gün öncə başlayıb. Sentyabrın 9-da isə Rusiya Suriya hakimiyyətinin sərəncamında olan kimyəvi silahın beynəlxalq nəzarətə verilməsini təklif edib. Bu təklifi rəsmi Dəməşq dəstəkləyib, eyni zamanda Avropa İttifaqı buna olduqca müsbət yanaşdığını açıqlayıb. BMT və Ağ Ev isə təşəbbüsü müzakirə etməyə hazır olduqlarını bildirib. Rusiya və ABŞ xarici siyasət qurumlarının başçıları arasında keçirilən görüşün yekununda Suriyadakı kimyəvi silahın tezliklə məhv edilməsinə dair razılığa gəlinib(lent.az).

Pan Gi Mun: “Əsəd bəşəriyyətə qarşı çoxlu cinayətlər törədib”

“Bu kimyəvi silahdan istifadə 1400-dən çox insanı öldürdü, kimyəvi maddələrin təsirinə məruz qalmış 5 min zərərçəkmiş var və müfəttişlər qrupumuzun buna dair hesabatı tezliklə işıq üçü görəcək. Mən ümid edirəm ki, bu, kimyəvi silahdan istifadə edildiyinə dair tutarlı hesabat olacaq. Hələ ki, hesabat əlimdə olmadığı üçün nəticələr barədə ictimaiyyətə açıqlama verə bilmirəm. Əsəd bəşəriyyətə qarşı çoxlu cinayətlər törədib, əminəm ki, hər şey bitəndən sonra bunun hesabı sorulacaq, amma indi ən vacib olan şey döyüşləri dayandırmaq və dialoqa, danışıqlara başlamaqdır” – deyə, BMT-nin baş katibi Pan Gi Mun bildirib. O, daha əvvəl dəfələrlə bəyan etmişdi ki, Suriya prezidenti Bəşər Əsəd bəşəriyyətə qarşı cinayətlərə görə məsuliyyət daşıyır. BMT müfəttişlərinin hesabatının sentyabrın 16-da dərc ediləcəyi gözlənilir. Qeyd edək ki, BMT avqustun 21-də Dəməşqdə kimyəvi silahdan istifadə nəticəsində 1429 nəfərin öldüyünü iddia edir. Qurumun hesablamalarına görə, Suriyada 2011-ci ilin martından bəri vətəndaş müharibəsində 100 mindən çox adam həya tını itirib.
Bu arada,  BMT suriyalı qaçqınlara humanitar yardım məqsədi ilə 50 milyon dollar ayırıb.  BMT baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amos bildirib ki, bu məbləğin 20 milyon Suriyada ehtiyacı olanlara, 15 milyonu Livan, 10 milyonu İraq, 5 milyonu isə İordaniya ərazisindəki suriyalı qaçqınların humanitar ehtiyaclarına xərclənəcək.

Fransa Suriyaya inanmır

Fransa isə Suriyanın kimyəvi silahların yayılmasının qadağan edən beynəxalq konvensiyaya üzv olmaq barədə üzərinə götürdüyü öhdəliyini məqbul saymayıb.
Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Flipp Laliot verdiyi açıqlamada Suriyanı üzərinə götürdüyü öhdəliklərə məcbür etmək lazım olduğunu bildirib.
Onun sözlərinə görə, Suriyanı kimyəvi silahların qısa müddətdə beynəlxal nəzarətə verilməsinə məcbur etmək üçüm BMT Təhlükəsizlik Şurası qərar qəbul etməlidir.