Seçki məcəlləsini kobud şəkildə pozan hakim partiya qabaqdangəlmişlik edir
Hafiz Həsənli: «Seçki qanunlarını kobud şəkildə pozan iqtidarın namizədidir»
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında bildirib ki, Cəmil Həsənlinin Seçki Məcəlləsini kobud şəkildə pozması ilə bağlı faktlar əldə edib: “Müxalifət özü təbliğat-təşviqat kampaniyası başlamamışdan qəzetlərdə, saytlarında Milli Şuranın namizədinin reklamı, kampaniyası ilə məşğul olmağa başlayıblar, hansı ki, bu, Seçki Məcəlləsi ilə qadağan olunub.
”Azadlıq” qəzetində “Azadlıq”ın kollektivi Cəmil Həsənlinin kampaniyasına yardım etdi”, “Tanınmış hüquqşünaslardan Cəmil Həsənliyə dəstək!”, “Məhəmməd Hatəmidən Cəmil Həsənliyə dəstək!”, “Xalqın Cəmil Həsənli kimi liderə ehtiyacı var” və sair başlıqlı yazılar dərc olunur və Cəmil Həsənliyə etimad göstərilməyə çağırışlar edilir. Qəzetdə daha sonra Cəmil Həsənlinin bank hesabını verib kampaniya üçün ianələr yığırlar. Bu, Seçki Məcəlləsinin kobud pozulmasıdır”- deyə Siyavuş Novruzov bildirib.
Belə bir deyim var: “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Yəni Siyavuş Novruzov. “Azərbaycan”, “Yeni Azərbaycan”, “Səs” qəzetlərinin üz qabığına da baxmır?
Siyavuş Novruzovun nəzərinə çatdırmaq istəyirik ki, “Yeni Azərbaycan” qəzeti YAP-ın rəsmi orqanıdır. “Azadlıq” qəzeti isə nə Milli Şuranın, nə də Cəmil Həsənlinin rəsmi orqanı deyil.
“Azadlıq” qəzetində dərc olunan yazılara istinad edib, Cəmil Həsənlini Seçki Məcəlləsini pozmaqda ittiham edən, şikayətçi Siyavuş Novruzov sentyabrın 11-də “Yeni Azərbaycan” qəzetinə “Hər bir seçici Ilham Əliyevin vəkilidir” başlıqlı müsahibə verib.
Eyni qəzetdə maliyyə Naziri Samir Şərifov “Ilham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişaf uğurla gedir” deyərək bir səhifəlik statistika açıqlayıb.
YAP icra katibi Əli Əhmədov isə, eyni qəzetdə “Prezident Ilham Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə əldə olunan nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında istifadə olunub” başlıqlı müsahibə verib.
YAP gənclər birliyinin sədri Seymur Orucov da “Prezident Ilham Əliyevin Azərbaycana böyük uğurlar gətirən siyasətçidir və biz onu təbliğ edirik” deyə həmin qəzetə müsahibə verib.
Və bu kimi Ilham Əliyevin təbliğinə həsr olunmuş yüzlərlə məqalələr, müsahibələr adı çəkilən qəzetlərdə dərc olunur. Bundan əlavə, Ilham Əliyevin lentini kəsdiyi obyektlərin açılışı zamanı çəkilən fotolar, təşviqat kampaniyası başlamazdan əvvəl seçicilərlə görüş keçirməsi hər gün hakimiyyət qəzetlərinin manşetini bəzəyir. “Azərbaycan” qəzeti isə Ilham Əliyevin hər gün fotsessiyasını verir. Qəzetin bütün səhifələri ölkə başçısının şəkilləri ilə zəbt olunub. Eyni zamanda iqtidar qəzetlərində “Ilham Əliyev alternativsizdir”, “Xaqın 98 faizi Ilham Əliyevə səs verəcək”, “Ilham Əliyevin seçki təbliğatına ehtiyacı yoxdur” tipli yazılar dərc olunur.
Ölkənin bütün telekanalları, mətbuatı zəbt edib, 3-cü dəfə prezident olmaq istəyən insanın təbliğatını aparmaq olar, hansısa siyasətçinin Cəmil Həsənliyə dəstəyini dərc etmək olmaz?
Adını çəkdiyimiz qəzetlər və bu qəzetlərdə müsahibə verən YAP funksionerləri, Milli Şuranın fəaliyyəti, qurumun vahid namizədi Cəmil Həsənli haqqında şər-böhtan kampaniyası aparır.
Göründüyü kimi, qanun pozuntusuna yol verənlər, məhkəmədə cavab verməli olanlar iqtidar düşərgəsinin təmsilçiləridir.
Belə çıxır ki, Milli Şuranın Ilham Əliyevdən MSK-ya şikayət edəcəyini eşidən Siyavuş Novruzov “qabaqlayıcı” tədbirlər görməyə başlayıb.
Hüquqşünas Hafiz Həsənli hesab edir ki, Siyavuş Novruzovun fikirləri cəfəngiyyatdır və heç bir hüquqi əsası yoxdur: “Mən Siyavuş Novruzovun istinad etdiyi arqumentlərlə tanışam, ancaq bu yazılarda heç bir pozuntu müşahidə etməmişəm. Hətta bununla bağlı MSK-ya müraciət olunsa belə, bu şikayətdə heç bir hüquq və seçki pozuntusu yoxdur. Bu yazıları Cəmil Həsənlinin təşviqat kampaniyası adlandırmaq olmaz. Əksinə, qanun pozuntusuna yol verənlər, təşviqat kampaniyasını vaxtından əvvəl başlayanlar iqtidar düşərgəsidir. Bütün KIV-lərdə gecə-gündüz hakim partiyanın nümayəndəsinin təbliğatı gedir. Öz gözündə tiri görməyənlər özgəsinin gözündə tük axtarır”.
Ilham Hüseyn