Erməni tərəfi «Versace»nin Qarabağa gəldiyini deyir, Azərbaycan isə təkzib edir
Leyla Əliyeva: «Azərbaycanda ”Versace”nin dükanları var və bu şirkətin kimlərləsə yaxın münasibətinin olması mümkündür»
Italiyanın dünyaca məşhur “Versace” şirkəti Dağlıq Qarabağda qanunsuz biznes qurmaq istəyir. Şirkət Dağlıq Qarabağda yüngül sənaye klasteri yaratmağı planlaşdırır. Ermənistan tərəfi və separatçı rejimin nümayəndələri də şirkətlə danışıqların aparıldığını açıqlayıb.
Azərbaycan Xarici Işlər Nazirliyi isə ölkənin Italiyadakı səfirliyinə işğal olunan Dağlıq Qarabağda Italiya şirkətinin mümkün fəaliyyətini araşdırmağı tapşırıb.
Maraqlıdır ki, bu dəfə Azərbaycan tərəfi məsələ ilə bağlı çox səs-küy salmayıb. Bundan əvvəl bu tip hallar baş verəndə Xarici Işlər Nazirliyi ardıcıl bəyanatlar verir, şirkətin məxsus olduğun ölkəyə iradlar bildirirdi.
Onu da qeyd edək ki, “Versace” şirkətinin vətəni olan Italiya Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşıdır. Digər Avropa ölkələrindən fərqli olaraq Azərbaycandan daha çox neft alan Italiyanın hər hansı şirkətinin Qarabağdakı fəaliyyətinə belə yumşaq reaksiya təəccüb doğurmaya bilməz. Bəs görəsən bu şirkət Azərbaycanın az qala düşmən gözü ilə baxdığı Almaniya, yaxud ABŞ-a məxsus olsaydı, onda rəsmi Bakının buna reaksiyası necə olardı? Şübhəsiz ki, bu reaksiya belə yumşaq olmayacaqdı və artıq rəsmi mətbuat bunu Almaniyanın, hətta bütövlükdə Avropa Birliyinin ermənipərəst siyasəti ilə izah etməyə çalışacaqdı. Doğrudur, Avropada özəl şirkətlərin fəaliyyətinə dövlət müdaxilə etmir. Ancaq hər bir halda məsələ ilə bağlı həm ölkəyə, həm də şirkətə kəskin reaksiyanın göstərilməsi normaldır.
Belə olan halda Italiya şirkəti ilə bağlı belə yumşaq reaksiya nə ilə bağlıdır?
Onu da qeyd edək ki, “Versace” şirkəti Azərbaycanda da fəaliyyət göstərir.
Politoloq Leyla Əliyevanın sözlərinə görə, Azərbaycanın “Versace” şirkətinə kəskin reaksiya göstərməməsi bu şirkətlə hər hansı xüsusi münasibətlə bağlı ola bilər. Çünki Bakıda da “Versace”nin dükanları var və bu şirkətin kimlərləsə yaxın münasibətinin olması mümkündür.
Ekspert hətta özəl şirkətlərə görə dövlətin məsuliyyət daşımadığı halda Azərbaycanın digər şirkətlərlə bağlı sərt reaksiya verdiyini də xatırlatdı. Görünür, “Versace”nin təsiri və nüfuzu Azərbaycan tərəfinə ona etiraz bildirməyə imkan vermir.
Günün axırında Azərbaycanın Italiyadakı səfirliyi məsələ ilə bağlı açıqlama yayıb. Səfirliyin əməkdaşı araşdırma aparıldığını və şirkətin parça istehsal edəcək fabrik açmayacağını deyib.
Səfirliyin attaşesi bildirib ki, artıq Azərbaycanın Italiyadakı səfirliyi araşdırmanın nəticəsini Xarici Işlər Nazirliyinə göndərib və rəsmi Bakı bu barədə rəsmi məlumat yayacaq.
Fizzə