Tahir Süleymandan sensasion açıqlamalar

«Azərbaycandakı kürdlərin hamısı üzdə olmasa da, qəlbən PKK-nı Milli Azadlıq Hərəkatı kimi qəbul edir»

«Azərbaycandan bir qism gənc döyüşmək üçün PKK tərəfindən vuruşmağa getdi»

 

“Azərbaycanda yaşayan kürdlərin sayı əslində təxminən iki milyon, iki milyon yarım civarındadır. Mən say məsələsi ilə bağlı narazılığımı Dövlət Statistika Komitəsinə bildirmişəm. Görəsən bu idarədə bir nəfər ağıllı adam varmı? Heç olmasa köhnə statistikalara baxib rəy verəydilər”. Bu sözləri Azərbaycanda nəşr edilən “Diplomat” qəzetinin baş redaktoru kürd əsilli Tahir Süleyman moderator.az saytına müsahibəsində deyib.

Tahir Süleymanın sensaison açıqlamaları bununla bitmir. O, daha sonra bildirib ki, terrorçu PKK təşkilatının rəhbəri Abdulla Öcalanı kürd xalqının Milli Azadlıq Hərəkatının lideri hesab edir: “Bu gün öz xalqımı sevdiyim, Abdulla Öcalanı Milli Azadlıq Hərəkatının rəhbəri kimi qəbul etdiyim üçün, qəzetdə bu mövzuda yazılar yazdığım üçün, Türkiyədən maliyyə dəstəyi alanlar, sifarişlə məni separatçı adlandırıblar. Öcalanın atası ilə mənim babam əmioğludurlar, onun azadlığını niyə istəməyim?”.

Baş redaktor kürdlərin Azərbaycana ərazi iddiası olub-olmaması barədə də maraqlı açıqlamalar verib: “Kürdlərin Azərbaycana torpaq iddiası olmayıb. Sovet hakimiyyətinin dağılışı zamanı, Məhəmməd Babayev Moskvada mitinqlər təşkil etdi, kürd xalqını bir yerə yığmaq üçün, bir qurum yarandi, lakin sovet hakimiyyəti dağıldı və o məsələ yarımçıq qaldı.

O vaxtlar Babayev  Ayaz Mütəllibovun, Elçibəyin yanına gəlmişdi. Demişdi ki, biz camaatımızı yığaq Keçmiş Kürdüstan Qəzasına, erməniləri Qarabağdan qovaq,  Elçibəy razılaşmadı, dedi ki, özümüz hər şeyi edəcəyik, bizim kürdlərin köməyinə ehtiyacımız yoxdur. Beləliklə də, o dövrki hakimiyyət kürd kartından istifadə etmədi, ermənilər Vəkil Mustafayev vasitəsi ilə istifadə etdilər, sonda da Vəkili oyundan uzaqlaşdırdılar.

Kürdüstan olsa, Kürdüstan böyükdür, kürdlər üçün də, azərbaycanlılar üçün də yer var. Kürdüstan azad olsa, Yaxın Şərq xalqlarının hamısı azad olacaq. 

Mən bir yazı yazmışdım ki, Cənubi Azərbaycanın azadlığı, kürd xalqı ilə birgə mübarizədədir, yəni PKK ilə”. Tahir Süleymanın sözlərinə görə, PKK tərəfindən döyüşlərdə iştirak etmək Azərbaycandan da gedənlər var: “90-cı illərdə keçmiş sovetlər birliyindən, eləcə də Azərbaycandan bir qism gənc döyüşmək üçün PKK tərəfindən vuruşmağa getdi. Qayıdan da oldu, şəhid düşən də, orada qalan da. Mən özüm də bir jurnalist kimi getmişdim, sonra qalmaq istədim, amma Öcalan təhsil aldığımıza görə bizi geri qaytardı. Onu da deyim ki, Azərbaycandakı kürdlərin hamısı üzdə olmasa da, qəlbən PKK-nı Milli Azadlıq Hərəkatı kimi qəbul edir”.